İQTİSADİYYAT


Azərbaycan Qadınlarının İKT Klubunun görüşü keçirilib

Bakı, 10 mart, AZƏRTAC

Bakıda Azərbaycan Qadınlarının “Femmes Digitales” İKT Klubunun ilk görüşü keçirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşün əsas məqsədi klubun yeni qəbul edilmiş üzvləri ilə tanışlıq, klub tərəfindən 2015-ci il üçün nəzərdə tutulmuş iş planının, klubun yeni İnternet saytının dizayn və konsepsiyasının təsdiq edilməsi idi.

Tədbirdə gənclər və xüsusilə qızlar arasında informasiya və kommunikasiya texnologiyaları sektorunu təşviq etmək məqsədilə orta məktəb və universitetlərdə maarifləndirici proqramlardan ibarət bir sıra ictimai tədbirlər planı qəbul edilib.

Görüş çərçivəsində klubun bütün üzvlərinə Azərbaycanın qabaqcıl texnologiyası sayılan, mobil telefonun köməyi ilə rəqəmsal şəxsiyyət vəsiqəsi və imzalama funksiyasını yerinə yetirərək bütün elektron xidmətlərə giriş imkanı verən “Asan İmza” hədiyyə edilib. “Asan İmza”dan necə və harada istifadə edilməsinə dair praktik təqdimat da tədbirdə nümayiş olunub.

Klubun təsisçiləri arasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “B.EST Solutions”, “Microsoft”, “HP”, “Azercell”, “Bakcell”, “Azerfon”, “BBTV”, AGAT, İTECA, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, ASAN, “Mont”, “Cybernet”, BestComp, İnfipro, Milli Kart və Azərbaycanın digər müxtəlif təşkilat və şirkətlərində aparıcı vəzifələrdə çalışan qadınlar təmsil olunur.

“FEMMES DİGİTALES” klubu yeni yaransa da, artıq dövlət və özəl təşkilatların aparıcı vəzifələrində çalışan qadınlar, eləcə də ölkənin İKT sahəsində karyera qurmağı hədəfləyən gənc qızlar arasında geniş populyarlıq qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.