SİYASƏT
Azərbaycan-Qambiya əməkdaşlığının müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qambiyanın xarici işlər naziri Ousainu Darboenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə olmasından məmnunluğunu bildirən qambiyalı nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını qeyd edib.
Söhbət zamanı Azərbaycan və Qambiya arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib. BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin sıx əməkdaşlıq etdiyini bildirən nazirlər ikitərəfli əlaqələrin inkişafında müqavilə-hüquq bazasının genişləndirilməsinin və qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Habelə nazirlər turizm, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu bildiriblər. Bu xüsusda qambiyalı tələbələrin Azərbaycanın ali məktəblərində təhsil almaları və ixtisaslarının artırılması imkanları müzakirə edilib.
Nazir Elmar Məmmədyarov ADA Universiteti haqqında danışaraq Azərbaycan tərəfindən İƏT və Qoşulmama Hərəkatı üzv dövlətlərindən olan tələbələr üçün təhsil təqaüdlərinin ayrılması barədə məlumat verib.
Nazir Elmar Məmmədyarov ölkəmizin “Ekspo 2025”ə ev sahibliyi etmək üçün müraciət etməsi barədə həmkarına məlumat verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan son danışıqlar prosesi barədə həmsöhbətini məlumatlandıran nazir Elmar Məmmədyarov Qambiyanın münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə dair ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini bildirib.
Qambiyalı nazir Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı ilə bağlı ölkəsinin beynəlxalq təşkilatlar çərçivəsində hər zaman qəti dəstək göstərdiyini diqqətə çatdırıb.