İQTİSADİYYAT


Azərbaycan Qara dəniz hövzəsi ölkələrinin tənzimləyici orqanlarının birgə seminarında təmsil olunur

Bakı, 13 may, AZƏRTAC

Azərbaycan Budapeştdə keçirilən Qara dəniz hövzəsi ölkələrinin tənzimləyici orqanlarının birgə seminarında təmsil edilir.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mayın 13-15-də Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası (ERRA) və Kommunal Xidmətlərin Tənzimlənməsi üzrə Milli Assosiasiyanın (NARUC) təşkilatçılığı ilə Budapeştdə Qara dəniz hövzəsi ölkələrinin tənzimləyici orqanlarının təşəbbüs qrupunun (Black Sea Regulatory Initiative) növbəti texniki seminarı işə başlayıb.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) sponsorluğu ilə təşkil edilmiş üçgünlük seminarda NARUC ekspertləri, ABŞ və Avropa ölkələrinin tənzimləyici qurumlarının, habelə Qara dəniz hövzəsi ölkələrinin tənzimləyici orqanlarının nümayəndələri iştirak edirlər.

Macarıstanın paytaxtında “Əlavə xidmətlər və balanslaşdırma” mövzusunda keçirilən seminarda Qara dəniz hövzəsi ölkələrindən olan iştirakçılar üçün təşkil edilmiş dəyirmi masada qiymətlərin müəyyənləşdirilməsi baxımından vacib olan texniki və detallı məlumatın toplanması sahəsində göstərilən səylərin, həmçinin əlavə xidmətlər və balanslaşdırma üçün xərclərə əsaslanmış qiymətləndirmənin müzakirəsi keçirilir.

Bu mexanizm bölgədə transmilli xarakter daşıyan addımların atılması və bazarların balanslaşdırılması təşəbbüsünü ehtiva edir. Ekspertlər qrup tapşırıqlarında iştirak edir, dəyirmi masalardakı təqdimatlara qatılırlar. Nümayəndələr işlənib hazırlanmış subregional təşəbbüslər haqqında məlumat verir, uğur hekayələrini iştirakçıların diqqətinə çatdırırlar.

Tədbirdə Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının assosiativ üzvü olan Azərbaycan Respublikası Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəsmi nümayəndəsi də iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.