SİYASƏT
Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb
Bakı, 23 may, AZƏRTAC
Mayın 23-də Bakıda Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi və Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması münasibətilə dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Qazaxıstanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev moderatorluq edib.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, hər iki ölkədə, o cümlədən regionda baş verən proseslər ekspertlərin bu məsələlərə müəyyən qiymət verməli, hökumətlər qarşısında tövsiyələrlə çıxış etməli olduqlarını göstərir. Onun sözlərinə görə, Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər getdikcə genişlənir və Orta Dəhlizdən sonra yeni imkanlar yaranıb.
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov diqqətə çatdırıb ki, 30 illik diplomatik əlaqələr müddətində iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri yeni səviyyəyə yüksəlib.
Səfir bildirib ki, Azərbaycanın Qarabağ bölgəsinin azad edilməsi ilə tarixi ədalət bərpa olunub və artıq postmünaqişə dövrü başlayıb. İşğaldan azad olunmuş torpaqlarda aparılan yenidənqurma işləri Azərbaycanın regional mərkəz kimi rolunu artırır. Postmünaqişə dövrü ilə bağlı işlər uğurla gedir. Qısa müddət ərzində Şuşaya Zəfər yolu çəkilib, Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib.
Qazaxıstan Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Yerki Tukumov Ekspertlər Şurasının yaradılması ilə iki ölkənin əlaqələrində başlayacaq yeni mərhələnin davamlı və hərtərəfli olacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, şuranın yaradılması tarixi prosesdir və bu, formal xarakter daşımayacaq. “Qardaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün ölkələrimizin rəhbərliklərinə dəstək verəcəyik”, - deyə o qeyd edib.
Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəis müavini Zamin Əliyev bildirib ki, indiyədək iki ölkə arasında müxtəlif sahələri əhatə edən 123 sənəd imzalanıb. Onun sözlərinə görə, əməkdaşlıq əlaqələrinin bütün sahələrini əhatə edən əlaqələrimiz gündən-günə genişlənir. Qeyd olunub ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra regionda formalaşmış yeni reallıqlar çərçivəsində nəqliyyat və kommunikasiya xətlərinin açılması istiqamətində işlər aparılır. Postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi Qazaxıstan üçün də yeni fürsətlər yaradır.
İki ölkə arasında parlamentlərarası münasibətlərin də yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran Milli Məclisin deputatı Pərvin Kərimzadə münasibətlərin inkişafında parlamentlərin rolundan bəhs edib.
Tədbirin sonunda BMTM və Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu arasında “Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb.