ELM VƏ TƏHSİL
Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub
Nur-Sultan, 12 dekabr, AZƏRTAC
M.Narikbayev adına Qazaxıstan Humanitar və Hüquq Universitetində “Azərbaycan və Qazaxıstan liderlərinin hüquqi dövlətin qurulmasında, multikulturalizm və tolerantlıq dəyərlərinin gücləndirilməsində rolu” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkil etdiyi tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri, yerli və mərkəzi kütləvi informasiya vasitələrinin təmsilçiləri, bu ali məktəbdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Bundan başqa, tədbirə Azərbaycanda təhsil almış, multikulturalizmlə bağlı ixtisaslaşdırılmış mütəxəssislər də qatılıblar.
Tədbirdə dünya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən, müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən, Ulu Öndərin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən danışılıb.
Həmçinin Ümummilli Liderin Azərbaycan və Qazaxıstanın bütün sahələrdə əlaqələrinin inkişafında əhəmiyyətli rolundan bəhs olunub. Ulu Öndərin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində xüsusi yeri olduğu vurğulanıb.
Tədbirdə “Xarici siyasət modelinin formalaşmasında iki ölkə liderlərinin fəaliyyəti”, “Qazaxıstan ilə Azərbaycan arasında uğurlu ikitərəfli iqtisadi əməkdaşlığın amili kimi hüquqi bazanın möhkəmləndirilməsi” mövzularında çıxışlar dinlənilib. Eyni zamanda, Azərbaycanda multikulturalizm tarixinin araşdırılması mövzusunda təqdimat keçirilib.
Tədbir çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətindən, eləcə də Azərbaycan mədəniyyətindən bəhs edən kitab və dərgilərin sərgisi təşkil olunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan