SİYASƏT


Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələri inkişaf etməkdədir

Bakı, 6 may, AZƏRTAC

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlament Məclisinin deputatları Əbülfəs Xamedov, Zarina Kamasova və Güldara Nurumova ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdıran Adil Əliyev ölkələrimiz arasında dostluq əlaqələrinin dinamik inkişaf etdiyini vurğulayıb.

Əlaqələrin möhkəmləndirilməsində parlamentlər səviyyəsində əməkdaşlığın önəmindən bəhs edən Milli Məclis sədrinin müavini Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən danışıb. O, rəşadətli Azərbaycan Ordusunun uzun illər erməni işğalı altında qalmış torpaqlarımızı azad etdiyini, ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini bildirib. Azərbaycanın qazandığı Qələbədən sonra bölgədə sabitliyin bərqərar olduğunu, yeni reallıqların formalaşdığını vurğulayan A.Əliyev bu reallıqların region ölkələrinin sülh və əmin-amanlıq şəraitində inkişaf etməsi üçün şərait yaratdığını diqqətə çatdırıb.

Milli Məclis sədrinin müavini Ermənistandakı bəzi qüvvələrin bu gün də sülhə maneə olmağa cəhd göstərdiklərini təəssüf hissi ilə diqqətə çatdıraraq, onların məğlubiyyəti qəbul etməyərək revanşist çağırışlar səsləndirdiklərini bildirib. A.Əliyev bu mövzuya həsr olunmuş geniş məqaləsinin Qazaxıstan mətbuatında dərc edildiyini də xatırladıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı dövründə bu ərazilərin talan edildiyini, tarixi və mədəni abidələrin dağıdıldığını, burada minaların basdırıldığını deyən Milli Məclis sədrinin müavini işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində görülən işlərdən danışıb. Ermənistanın mina xəritələrini hələ də tam təhvil vermədiyini bildirən A.Əliyev həmin yerlərdə mülki vətəndaşların, hərbçilərin minaya düşərək həlak olduqlarını və ya xəsarət aldıqlarını qeyd edib.

Hazırda Qarabağda genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini söyləyən Milli Məclis sədrinin müavini yeni infrastrukturun qurulduğunu, yolların salındığını, hava limanlarının inşa edildiyini bildirib.

Qazaxıstan Respublikası Parlament Məclisinin deputatları Azərbaycanın qazandığı tarixi Qələbəyə görə bir daha öz təbriklərini çatdırıb, ölkələrimiz arasında iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini bildiriblər.

Qonaqlar parlamentlər səviyyəsində əlaqələrin genişləndirilməsinin vacibliyini söyləyiblər. Parlamentlərarası dostluq qruplarının bu əlaqələrin inkişafında rolundan bəhs ediblər. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin təcrübə və informasiya mübadiləsi baxımından önəmli olduğunu bildiriblər.

Qazaxıstanlı deputatlar bu günlərdə Milli Məclis sədrinin müavini Adil Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında göstərdiyi xidmətlərə və verdiyi töhfəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən “Qazaxıstanın müstəqilliyinin 30 illiyi” medalı ilə təltif edildiyi münasibəti ilə onu təbrik ediblər.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sadiq Qurbanov, Sevinc Hüseynova, Anar Məmmədov, Razi Nurullayev iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.