SİYASƏT
Azərbaycan-Qazaxıstan parlamentlərarası münasibətləri müzakirə olunub
Nur-Sultan, 7 iyun, AZƏRTAC
Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov bu ölkənin Parlament Məclisin (aşağı palata) sədri Nurlan Niqmatulinlə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Qazaxıstan-Azərbaycan əməkdaşlığının aktual məsələləri müzakirə edilib.
Ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulayan Parlament Məclisinin sədri Qazaxıstan rəhbərliyinin Azərbaycanla dostluğu və hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə çalışdığını bildirib.
Nurlan Niqmatulin qeyd edib ki, Qazaxıstan-Azərbaycan tərəfdaşlığının mühüm tərkib hissəsi beynəlxalq platformalardakı konstruktiv parlamentlərarası dialoqdur.
Səfir Rəşad Məmmədov, öz növbəsində, ikitərəfli əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib, Azərbaycanın türkdilli dünyada ən böyük sülh və razılıq əldə edən ölkə olan Qazaxıstanın qardaş xalqı ilə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verdiyini vurğulayıb.
Rəşad Məmmədovun sözlərinə görə, ölkələrimizin rəhbərlərinin sıx dostluq münasibətləri sayəsində Azərbaycanla Qazaxıstan arasında bir çox birgə layihələr, o cümlədən ticari-iqtisadi və infrastruktur layihələri həyata keçirilir. Bu, təkcə Qazaxıstanın və Azərbaycanın deyil, regionun digər ölkələrinin də inkişafı üçün yeni perspektivlər açmağa imkan yaradır.
Görüşdə tərəflər Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafı üçün parlamentlər səviyyəsində də böyük potensialın olduğunu bildiriblər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan