MƏDƏNİYYƏT
“Azərbaycan Qərb və Şərq sivilizasiyalarını bağlayan körpü” sərlövhəli məqalə Özbəkistan portalında
Daşkənd, 4 aprel, АZƏRTAC
Özbəkistanın interpress.uz portalı özbək dilində Şərafəddin Tulaqanovun “Azərbaycan Qərb və Şərq sivilizasiyalarını bağlayan körpü” sərlövhəli məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalə bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin Azərbaycana mediaturu çərçivəsində hazırlanıb.
Materialda bildirilir ki, özbək jurnalistləri medaiatur çərçivəsində Qusar rayonundakı “Şahdağ” Turizm Mərkəzində olub, bu füsunkar məkanın gözəlliyinə tamaşa ediblər. Bildirilir ki, “Şahdağ” dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşir və 2 058 hektar ərazini əhatə edir.
Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə inşa edilən “Şahdağ” Turizm Mərkəzində yayda və qışda turistlərin mənalı istirahəti üçün hər cür şərait yaradılıb.
Sonra jurnalist Quba rayonundan söhbət açır, bu məkanın məşhur Quba alması haqqında danışır, bildirir ki, rayonda 134 tarixi arxeoloji abidə var.
Yazıda Quba soyqırımı məzarlığından ürək ağrısı ilə danışılır. Diqqətə çatdırılır ki, bu məzarlıq aşkar edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2009-cu ildə burada muzey yaradılmasına başlanıb və 2013-cü ildə dövlət başçısının iştirakı ilə istifadəyə verilib.
Qeyd edilir ki, muzeydə Bakı, Şamaxı, Göyçay və digər ərazilərimizdə ermənilər tərəfindən törədilən soyqırımlar haqqında da məlumat verilir.
Məqalədə Şamaxı və İsmayıllı rayonları haqqında da məlumatlar yer alıb və bu rayonlardakı abidələrdən söhbət açılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd