REGİONLAR


Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 95 illik yubileyi Sumqayıtda qeyd edilib

Sumqayıt, 4 may, Ətrabə Rzayeva, AZƏRTAC 

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında Azərbaycan Qızıl Aypara Cəmiyyəti 95 illik, hərbi xadim general-leytenant Əliağa Şıxlinskinin anadan olmasının 150 illik, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının fundamental prinsiplərinin yaranmasının 50 illik yubileylərinin yekun tədbiri keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəyasət heyətinin üzvü, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova tədbiri açaraq qeyd edilən yubileylər haqqında məlumat verdi, mövzunun aktuallığından və əhəmiyyətindən danışdı.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Rövşən Sadıqov cəmiyyətin keçdiyi yoldan, fəaliyyət istiqamətlərindən söz açdılar, şəhər bölməsinin çoxşaxəli, nümunəvi fəaliyyətindən danışdılar.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəsmisi Rasim Allazov hərəkatın yaranması tarixindən bəhs etdi.

Sonra Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin fəaliyyətində göstərdiyi köməyə görə bir sıra idarə–müəssisə nümayəndələrinə və fəal könüllülərə fəxri fərmanlar təqdim olundu.

Tədbir respublikanın incəsənət ustalarının rəngarəng konsert proqramı ilə davam etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.