İQTİSADİYYAT


Azərbaycan “Qlobal Blokçeyn Konfransı 2019”da təmsil olunub

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan İspaniyanın Malaqa şəhərində blokçeyn sahəsi üzrə ixtisaslaşmış beynəlxalq təşkilat və şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən “Qlobal Blokçeyn Konfransı 2019”da təmsil edilib. Tədbirə 70-dən çox ölkədən blokçeyn və kriptovalyuta şirkətlərinin rəhbərləri, dövlət və özəl qurumların nümayəndələri, investorlar, treyderlər, maliyyə tənzimləyicilərinin nümayəndələri qatılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konfransda ölkəmizi nazirliyin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov və “CAS Blockchain DLT” şirkətinin qurucusu, "Liderlər üçün Qlobal Oracle Assosiasiyası"nın prezidenti Leyla Bağırzadə və “Akhundoff Group”un təsisçisi və Blokçeyn Azərbaycan Mərkəzinin həmtəsisçisi Telman Axundov təmsil ediblər.

Tədbirdə çıxış edən R.Əzizov son illər inkişaf etmiş ölkələrdə dövlət və özəl sektorda blokçeyn texnologiyasına artan maraq, həmin texnologiyanın innovativ sahibkarlıq fəaliyyətində tətbiqi, iqtisadiyyatın rəqəmsallaşması prosesinə təsiri haqqında ətraflı danışıb. Nazirlik rəsmisi blokçeyn texnologiyaları üzrə dünya təcrübəsi, ölkəmizdəki mövcud potensial və gələcək perspektivlər barədə iştirakçıları məlumatlandırıb.

“Qlobal Blokçeyn Konfransı” zamanı Şərq tərəfdaşlığı ölkələrində blokçeyn texnologiyalarının inkişafı üçün “EaP platforması”nın yaradılması perspektivləri müzakirə olunub. Tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankının IBM şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində reallaşdırdığı “Rəqəmsal İdentifikasiya Sistemi” layihəsi region üzrə blokçeyn texnologiyalarından istifadənin uğurlu nümunəsi kimi təqdim edilib. Konfrans çərçivəsində “Blokçeyn texnologiyaları sahəsi üzrə EU4Digital” seminarı da keçirilib.

“Qlobal Blokçeyn Konfransı”nın təşkilində əsas məqsəd blokçeyn texnologiyaları üzrə risklərin idarə olunması, müvafiq sahə üzrə hüquqi bazanın yaradılması, gələcək nəsil internet və rəqəmsal iqtisadiyyatın formalaşmasına köməklik göstərilməsindən ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.