CƏMİYYƏT


Azərbaycan Qlobal Fond ilə tərəfdaşlığı çərçivəsində donor cəmiyyətinə töhfə verir

Lyon, 10 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin QİDS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond ilə əməkdaşlığı 2005-ci ildə başlayıb və sonralar vərəm və malyariya xəstəlikləri ilə mübarizə sahəsində layihələrlə əməkdaşlıq daha da genişləndirilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə nazirinin müavini Elsevər Ağayev Fransanın Lyon şəhərində QİDS, vərəm və malyariya xəstəliklərinə qarşı mübarizə üzrə Qlobal Fondun fəaliyyətini maliyyələşdirmək və 2030-cu ilədək bu epidemiyalara son qoymaq üçün keçirilən Fondun VI konfransında söyləyib.

Nazir müavini bildirib ki, xarici donorların, beynəlxalq təşkilatların tərəfdaşlığı, yüksək siyasi iradə və tibbi cəmiyyətin səfərbərliyi müəyyən müsbət nəticələr verib.

Dünya Səhiyyə Təşkilatının (DST) bu xəstəliklərlə bağlı preventiv strategiyası bu epidemiyalara yoluxma və ondan ölüm hallarını azaldıb.

Ölkəmizdə hökumət proqramları ilə əlaqələndirilən Qlobal Fondun layihələrinin uğurla həyata keçirilməsi nəticəsində son 5 ildə daha malyariya xəstəliyinə rast gəlinmir. Bununla bağlı malyariyadan azad ölkə statusu üçün DST-nin sertifikatını almaq proseduruna başlanılıb.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev son on il ərzində QİDS, vərəm və malyariyaya qarşı mübarizədə əldə olunan uğurlardan söz açıb. Qlobal Fondun maliyyə davamlılığı və birgə maliyyələşdirmə siyasətinə əsasən hər il xəstəliklərlə mübarizə üçün dövlət büdcəsindən ayrılan vəsaitlər vaxtaşırı artırılır. Bu xəstəliklərlə mübarizə üçün hökumətin və Səhiyyə Nazirliyinin normativ bazası qurulub və ÜST tövsiyələrinə uyğun olaraq daim təkmilləşdirilir.

Sosialyönümlü və iqtisadi cəhətdən inkişaf etmiş ölkəmiz bugünkü donor konfransında iştirak etməklə Qlobal Fond ilə tərəfdaşlığında yeni səhifə açaraq donor cəmiyyətinə töhfə vermək üçün ilk addımlarını atır.

“Ümid edirik ki, Qlobal Fond ilə birlikdə güclü və dayanıqlı səhiyyə sistemlərinin qurulmasına və Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bundan sonra da birlikdə çalışacağıq”,- deyə E.Ağayev diqqətə çatdırıb.

Konfransda Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Vaqif Ağayev də iştirak edir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Lyon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.