SİYASƏT


Azərbaycan Qoşulmama Hərəkatına əlavə daha bir il sədrlik edəcək

Bakı, 14 iyul, AZƏRTAC

İyulun 13-14-də Azərbaycan Respublikasının sədrliyi ilə Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin “Qoşulmama Hərəkatı qlobal çağırışlara qarşı mübarizədə çoxtərəfli səylərin mərkəzində” mövzusunda onlayn formatda aralıq konfransı keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, konfransın keçirilməsində əsas məqsəd Hərəkatın Bakı Zirvə görüşündən ötən müddət ərzində Hərəkat üzvlərinin birgə səyləri ilə qlobal çağırışlara qarşı mübarizədə əldə olunmuş irəliləyişləri və bu istiqamətdə atılacaq növbəti addımları müzakirə etməkdən ibarət olub. 33 ölkənin xarici işlər naziri səviyyəsində təmsil olunduğu konfransda Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Konfransın əvvəlində Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin tədbir iştirakçılarına videomüraciəti səsləndirilib. Videomüraciətdə dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində həyata keçirilmiş uğurlu təşəbbüslər barədə məlumat verərək, Azərbaycan Respublikasının Hərəkata sədrliyi çərçivəsində Hərəkatın beynəlxalq nüfuzunun və təsirinin gücləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyini bildirib. Dövlətimizin başçısı Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi və onun nəticələri barədə Qoşulmama Hərəkatına üzv dövlətlərə məlumat verərək Azərbaycanın əldə etdiyi qələbənin beynəlxalq hüquq, ədalət və Qoşulmama Hərəkatının fundamental dəyərlərinin zəfəri olduğunu vurğulayıb. Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan ərazilərində törədilmiş vəhşiliklər barədə məlumat verən dövlətimizin başçısı işğal illərində, eləcə də Vətən müharibəsi dövründə ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına nümayiş etdirdikləri davamlı dəstəyə görə təşkilatın üzv dövlətlərinə minnətdarlıq ifadə edib.

Dövlətimizin başçısının çıxışından sonra Azərbaycan Respublikasının QH-yə indiyə qədər sədrlik etdiyi 21 ay ərzində görülmüş işlərə dair Azərbaycan sədrliyinin hesabatı səsləndirildi.

Sonra isə nazirlər konfransının Siyasi Bəyannaməsi müzakirəyə çıxarılaraq qəbul edilib. Bəyannamədə Qoşulmama Hərəkatının gündəliyində duran aktual məsələlərlə bağlı Hərəkata üzv dövlətlərin mövqeyinin ifadə edilməsi ilə yanaşı, ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan bir sıra bəndlər yer alır. Belə ki, təşkilatın üzv dövlətləri sözügedən Siyasi Bəyannamə vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması təşəbbüsünü yüksək qiymətləndirdiklərini bildirir və qlobal miqyasda belə bir mürəkkəb dövrdə Qoşulmama Hərəkatına uğurlu sədrliyinə, eləcə də Hərəkata nəzərdə tutulandan 1 il artıq – 2023-cü ilin sonuna qədər sədrlik etməyə hazır olduğuna görə Azərbaycana minnətdarlıq ifadə edirlər.

Bundan əlavə, Bəyannamədə təşkilatın sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilmiş bir sıra uğurlu təşəbbüslər, o cümlədən 2020-ci il mayın 4-də keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü formatında iclası, dekabrın 3-4-də keçirilən BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə xüsusi sessiyası, eləcə də BMT-nin İnsan Hüquqları Şurası tərəfindən pandemiyaya qarşı peyvəndlərin ədalətli və bərabər bölüşdürülməsinə dair 2021-ci il 22 mart tarixli qətnamə alqışlanır.

Təşkilatın tarixində ilk dəfə olaraq Azərbaycan sədrliyinin təşəbbüsü ilə təşkil olunmuş Qoşulmama Hərəkatı Modeli Beynəlxalq Simulyasiya Təlimi də Bəyannamədə yüksək qiymətləndirilir. Sənəddə, həmçinin Azərbaycan tərəfinin təklifinə uyğun olaraq, təşkilata üzv dövlətlərdə postmünaqişə dövrü bərpa, yenidənqurma və reinteqrasiya fəaliyyətinin əhəmiyyəti qeyd edilərək, bu xüsusda mina və digər partlamamış hərbi sursatlarla çirklənməyə ən çox məruz qalmış üzv dövlətlərdə səmərəli minatəmizləmə fəaliyyətinin və bu prosesə beynəlxalq dəstəyin vacibliyi vurğulanır. Qəbul edilən Siyasi Bəyannamə ilə, həmçinin Rusiya Federasiyasının müraciətinə uyğun olaraq bu ölkəyə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusu verilir və təşkilatın növbəti Zirvə görüşünün 2023-cü ilin sonunda Uqandada keçiriləcəyinə dair bu ölkənin hökumətinin təklifi alqışlanır.

Onu da qeyd edək ki, Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra üzv dövlətlərin təşkilata əlavə 1 il sədrlik etmək müraciətini müsbət cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.