İQTİSADİYYAT


Azərbaycan Rabitə Administrasiyasının nümayəndələri Beynəlxalq Telekommunikasiya İttifaqında rəhbər vəzifələrə seçilib

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycan Rabitə Administrasiyasının 3 nümayəndəsi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Radiorabitə Bürosunun Tədqiqat qruplarında rəhbər vəzifələrə seçilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Misirin Şarm-əl-Şeyx şəhərində Ümumdünya Radiorabitə Konfransının açılışı olub. Tədbiri Misir Prezidenti Əbdülfəttah əs-Sisi açıq elan edib. Sonra BMT-nin Baş katibi Antonio Quterreşin konfrans iştirakçılarına ünvanladığı videomüraciəti yayımlanıb. Konfrans 4 ildən bir keçirilən yüksək səviyyəli tədbirdir.

Sözügedən tədbirlər çərçivəsində radiorabitə sahəsi üzrə yeni texnologiyalar, o cümlədən 2020-ci ildən geniş tətbiqi nəzərdə tutulan 5G texnologiyasına radiotezliklərin ayrılması, müxtəlif sahələrdə tətbiq olunacaq innovativ radiotexnologiyalar üçün radiotezliklərin müəyyənləşdirilməsi və onların tətbiqi zamanı qarşılıqlı maneə təsirlərinin yaranmaması üçün ölkələr arasında koordinasiya şərtlərinin müəyyən edilməsi və digər aidiyyəti məsələlərə dair müzakirələr aparılır.

Tədbirdə ölkəmiz nümayəndə heyəti ilə təmsil olunur. Azərbaycan qurumun fəaliyyətində yaxından iştirak edir. Belə ki, ilk dəfə olaraq Azərbaycan Rabitə Administrasiyasının 3 nümayəndəsinin namizədliyi Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Bürosunun Tədqiqat qruplarında rəhbər vəzifələrə təsdiq edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Telekommunikasiya və poçt şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev Radiotezliklərdən İstifadənin İdarə Edilməsi üzrə 1-ci Tədqiqat Qrupuna, “Azərkosmos” ASC-nin sədr müavini Dunay Bədirxanov Peyk Xidmətləri üzrə 4-cü Tədqiqat Qrupuna, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin rəisi Rahid Ələkbərli isə Yerüstü Xidmətlər üzrə 5-ci Tədqiqat Qrupuna sədr müavini vəzifələrinə seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.