İQTİSADİYYAT
Azərbaycan “Rəqəmli Bazarların Harmonizasiyası” üzrə beynəlxalq tədbirdə təmsil edilib
Bakı, 12 fevral, AZƏRTAC
Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Brüsseldə Platforma 2 “İqtisadi inkişaf və bazar imkanları” adlı “Rəqəmli Bazarların Harmonizasiyası” üzrə dördüncü panel keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda yeni istifadəyə verilən “EU4Digital” layihəsi müzakirə edilib və “EU4Digital Networks” koordinatorları görülən işlər, eləcə də, gələcək planlar barədə danışılıb.
Tədbirdə ölkəmizi təmsil edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçilik və İnformasiya Cəmiyyətinin İnnovativ İnkişafı şöbəsinin müdiri Rəşad Əzizov çıxışında dövlət siyasətinin bir hissəsi kimi Azərbaycanda xidmət sektorlarında rəqəmsallaşdırmanın səviyyəsinin yüksəldilməsi üçün bir çox işlər görüldüyünü diqqətə çatdırıb. O bildirib ki, cəmiyyət sahibkarlar və dövlət qurumları arasında koordinasiyanın təmin edilməsi, bu münasibətlər əsasında ictimai xidmətlərin çeşidinin, keyfiyyətinin və əhatə dairəsinin genişləndirilməsi, həmçinin nağdsız ödəmə mühitinin təkmilləşdirilməsi, elektron hökumətin formalaşdırılması üçün yeni ideyaların dəstəklənməsi, “elektron imza”, həmçinin telekommunikasiya infrastrukturunun inkişafı istiqamətində islahatlar aparılır.
R.Əzizov, həmçinin qeyd edib ki, Azərbaycanda rəqəmli iqtisadiyyata keçid qeyri-neft sektorunda istehsal olunan əlavə dəyərin artırılmasını nəzərdə tutur. Bunun üçün hesablama infrastrukturu və insan resurslarının inkişafı diqqət mərkəzindədir. Bu baxımdan nazirliyin son üç ildə fəaliyyəti və islahatları İKT ekosisteminin inkişafına yönəlib.
Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Regional İnnovativ Texnologiyalar Akademiyasının rəhbər şəxsləri də iştirak edib.
İclas müxtəlif panellər üzrə müzakirələrlə öz işini davam etdirib. Şərq Tərəfdaşlığı ölkələrində rəqəmli iqtisadiyyat və vətəndaş cəmiyyəti göstəricisi (DESI) üzrə tədqiqatın yekun nəticələri, tövsiyələr təqdim edilərək müzakirələr aparılıb.
Şərq Tərəfdaşlığı ölkələrində kibertəhlükələrə qarşı dayanıqlılıq üzrə yeni regional proqram, Şərq Tərəfdaşlığı ölkələrində regional rouminq sazişi istiqamətində yol xəritəsi ətrafında da fikir mübadiləsi aparılıb. Bundan əlavə, rəqəmli iqtisadiyyat üzrə 3-cü Şərq Tərəfdaşlığı ölkələrinin nazirləri səviyyəsində toplantının bəyannamə layihəsi müzakirəyə çıxarılıb.