İQTİSADİYYAT
Azərbaycan “Rəqəmli İqtisadiyyat” nazirlər görüşündə təmsil olunub
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan Tallinn şəhərində keçirilən “Rəqəmli İqtisadiyyat” nazirlər görüşündə təmsil olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Avropa Komissiyası tərəfindən Estoniyanın paytaxtı Tallinn şəhərində keçirilən “Rəqəmli İqtisadiyyat” üzrə ikinci nazirlər toplantısı keçirilib. Toplantı Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində təşkil olunub.
Tədbirdə Avropa Komissiyasının vahid rəqəmli bazar üzrə vitse-prezidenti Andrus Ansip, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin müvafiq nazir və digər rəsmi şəxsləri iştirak ediblər.
Azərbaycanı bu tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Nazir müavini ölkəmizdə rəqəmli iqtisadiyyatın formalaşdırılması, Azərbaycanın əlaqələndiricisi olduğu “ICT innovation & startup ecosystems” istiqaməti üzrə görülmüş işlər barədə məlumat verib.
İkinci nazirlər toplantısının sonunda rəqəmli iqtisadiyyat üzrə Bəyannamə qəbul edilib.
Bəyannamədə 2020-ci ilə qədər Şərq Tərəfdaşlığı ölkələri ilə birlikdə rəqəmli iqtisadiyyatın inkişafı istiqamətində görüləcək əsas işlər vurğulanıb.