ELM VƏ TƏHSİL
“Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi” mövzusunda Respublika elmi konfransı keçiriləcək
Bakı, 22 aprel, AZƏRTAC
Qafqazşünaslıq İnstitutu “Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi” mövzusunda Respublika elmi konfransı keçirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, oktyabrın 14-də təşkil olunacaq konfransa “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası və problemləri”, “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və nəticələri”, “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan dövlətçiliyi”, “Beynəlxalq enerji, nəqliyyat-kommunikasiya layihələri”, “Azərbaycan dövlətinin güc meyarları”, “Azərbaycan Respublikası beynəlxalq əməkdaşlıq sistemində”, “İkinci Qarabağ müharibəsi və nəticələri”, “Prezident İlham Əliyev - görkəmli dövlət və siyasi xadim” bölmələri daxildir.
Tezislərin hazırlanması qaydası barədə ətraflı məlumat Qafqazşünaslıq İnstitutunun rəsmi saytında yer alıb. Konfransa tezislər sentyabrın 15-dək qəbul olunur. Tezislərin qəbul edilməsi, yaxud da qəbul edilməməsi haqqında müəlliflərin məlumatlandırılması tarixi sentyabrın 25-dir. Konfransın Elmi Komitəsi tərəfindən müsbət rəy alan tezislər qəbul olunacaq və dərc ediləcək. Ətraflı məlumatı [email protected] ünvanına yazaraq və +994 12 539 89 55 telefon nömrəsi ilə əlaqə saxlayaraq əldə etmək olar.