Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Adından
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

A.Yəhyazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 17 oktyabr 2012-ci il tarixli qərardadının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

16 iyul 2013-cü il    Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), İsa Nəcəfov, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov və Kamran Şəfiyevdən ibarət tərkibdə,məhkəmə katibi Elməddin Hüseynovun, ərizəçi Azad Yəhyazadə və onun nümayəndəsi Kənan Əliyevin, cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiri Elxan Kazımovun iştirakı ilə,Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında A.Yəhyazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 17 oktyabr 2012-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması ilə əlaqədar konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Həsənovanın məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N   E T D İ:

Göyçay rayon məhkəməsinin 31.05.2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Yəhyazadə Rəfael Seyfulla oğlunun Yəhyazadə Azad Azər oğluna və Göyçay rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı iddiası təmin edilərək, Bədirova Mələksuma Cəbrayıl qızının adından həmin Kontorda 29.07.1991-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamə etibarsız hesab olunmuş və onun əsasında verilmiş vərəsəlik şəhadətnaməsi ləğv edilmişdir. 

Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11.04.2008-ci il tarixli qətnaməsi ilə cavabdeh A.Yəhyazadənin apellyasiya şikayəti təmin edilməyərək, Göyçay rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Həmin qətnamədən A.Yəhyazadənin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin (bundan – sonra Ali Məhkəmə) Mülki kollegiyasının 08.08.2008-ci il tarixli qərarı ilə təmin edilməyərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 17.10.2012-ci il tarixli qərardadı ilə A.Yəhyazadənin ərizəsinin Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmasından imtina edilmişdir.

Ərizəçi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Ali Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 17 oktyabr 2012-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsı M.Bədirovanın 29 iyul 1991-ci il tarixdə Göyçay rayon 2 saylı Dövlət Notariat Kontorunda qoyduğu vəsiyyətnamədəki imza ilə iddiaçı R.Yəhyazadənin məhkəməyə təqdim etdiyi M.Bədirovaya məxsus 1960-cı il tarixli aktdakı digər imza nümunəsi arasında aparılmış məhkəmə xətşünaslıq ekspertizasının rəyinə əsaslanaraq çıxarılmışdır. Sonradan A.Yəhyazadə müvafiq orqanlara müraciət edərək vəsiyyət qoyan M.Bədirovanın sərbəst imza nümunələri olan sənədləri – əmək kitabçasını və pensiya təyin edilməsi ilə əlaqədar ərizəni əldə etmiş və R.Yəhyazadənin məhkəməyə təqdim etdiyi aktın saxta olduğunu müəyyən etmişdir. Bundan sonra A.Yəhyazadə R.Yəhyazadənin məhkəmədə saxta sənəd istifadə etməsi ilə əlaqədar Göyçay rayon prokurorluğuna müraciət etmişdir. Prokurorluğun yeni əldə edilmiş sənədlər üzrə araşdırması zamanı təyin etdiyi məhkəmə xətşünaslıq ekspertizasının rəyinə əsasən A.Yəhyazadənin təqdim etdiyi sənədlərdəki imza nümunələri ilə mübahisələndirilən vəsiyyətnamədəki imzanın eyniliyi təsdiq, aktdakı imza isə inkar edilmişdir. Lakin Göyçay rayon prokurorluğunun 20.06.2012-ci il tarixli qərarı ilə R.Yəhyazadə haqqında cinayət işinin başlanması cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə rədd edilmişdir.

A.Yəhyazadənin qənaətinə görə onun ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 432.2.1 maddəsinin tələbləri nəzərə alınmadan, tətbiq edilməli olan qanun norması tətbiq edilmədiyindən Ali Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 17 oktyabr 2012-ci il tarixli qərardadı ilə əsassız olaraq rədd edildiyindən, hüquq və azadlıqlarının məhkəmə təminatına dair konstitusiya hüququ pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

Bu təminat həmçinin məhkəmə müdafiəsi yolu ilə həyata keçirilir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, məhkəmə və icra hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin I hissəsi və 60-cı maddəsinin I hissəsi).

Qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, mülkiyyətin bütün növlərinin müdafiəsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə yönələn mülki məhkəmə icraatı üzrə ədalət mühakiməsi yalnız məhkəmələr tərəfindən və qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından köklü surətdə fərqlənir. Belə ki, bu icraatda işə baxılmanın əsasını məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması deyil, qərar qəbul edərkən işin nəticəsinə köklü surətdə təsir edəcək və iş üçün xüsusi əhəmiyyət kəsb edən halların mövcudluğudur.

Nəzərə alınmalıdır ki, ərizəçiyə məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırılmasının daha ədalətli aparılmasına xidmət etsin.

İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının məqsədi heç də məhkəmə səhvlərinin aradan qaldırılması deyil, qərar qəbul edildikdən sonra məlum olan hallar üzrə işə baxılmasıdır.

Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları MPM-in 45-ci fəsli ilə tənzimlənir.

Həmin Məcəllənin işə yenidən baxılmasını nəzərdə tutan 432-ci maddəsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılması üçün aşağıda göstərilən dörd müstəqil əsası müəyyən etmişdir:

- məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə (432.2.1);

- məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı (432.2.2);

- məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri (432.2.3);

- həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi (432.2.4).

Yuxarıda qeyd olunan maddədə təsbit olunmuş əsaslardan hər hansı biri mövcud olduqda və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə verilən ərizə MPM-in 434-435-ci maddələrinin tələblərinə cavab verdikdə baxılması üçün Ali Məhkəmənin Plenumuna çıxarılmalıdır.

Belə ki, MPM-in 433-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır.

Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması institutu bir sıra ölkələrin (Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Gürcüstan) mülki prosessual qanunvericiliyində fərqli qaydada müəyyən edilmişdir. Belə ki, bu ölkələrin qanunvericiliyinə görə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması məhkəmə aktını qəbul etmiş məhkəmənin səlahiyyətinə aid edilmişdir. Bu həm birinci instansiya məhkəməsi, həm də apellyasiya və kassasiya instansiyası məhkəmələri ola bilər.

Gürcüstan Respublikasının mülki prosessual qanunvericiliyinə görə bir iş üzrə bir neçə məhkəmə instansiyasının qərarı olduqda yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılması bu məhkəmələrdən ən yüksəkdə duran məhkəmə instansiyasının səlahiyyətinə aid edilmişdir.

Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə bu səlahiyyətin yalnız Ali Məhkəmənin Plenumuna verilməsi məhkəmə qərarlarının stabilliyinin təmin edilməsinin qarantı olmaqla yanaşı, həm də mülki mühakimə sahəsində vahid məhkəmə təcrübəsinin formalaşmasına xidmət edir.

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 31 may 2011-ci il tarixli, 136-IVQD nömrəli Qanununa uyğun olaraq yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizəyə baxılmasını nəzərdə tutan MPM-in 437-ci maddəsi yeni redaksiyada verilmişdir. Bu maddənin tələbinə görə yeni açılmış hallar üzrə verilən ərizəyə ilkin olaraq Ali Məhkəmənin Plenumu tərəfindən təyin edilən 5 hakimdən ibarət məhkəmə tərkibi baxır. Məhkəmə tərkibinə daxil olan hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar olduqda Ali Məhkəmənin sədri həmin hakimi Ali Məhkəmənin Plenumu tərəfindən təyin edilən 5 ehtiyat hakimdən biri ilə əvəz edir.

MPM-in 437.2-ci maddəsinə əsasən məhkəmə tərkibi ərizəyə baxaraq aşağıdakı qərardadlardan birini qəbul edir:

- ərizənin məzmununa dair bu Məcəllənin 435-ci maddəsinin tələblərinə riayət edilmədikdə ərizənin qaytarılması haqqında (ərizə vermiş şəxs onun qaytarılmasına səbəb olmuş nöqsanları aradan qaldırdıqdan sonra yenidən ərizə verə bilər) (437.2.1);

- bu Məcəllənin 432.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadıqda ərizənin rədd edilməsi haqqında (437.2.2);

- ərizənin məzmununa dair bu Məcəllənin 435-ci maddəsinin tələblərinə riayət edildikdə və bu Məcəllənin 432.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda ərizənin iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi haqqında (437.2.3).

Məhkəmə tərkibi yeni açılmış hallar üzrə məhkəmə aktına yenidən baxılması üçün ərizənin Ali Məhkəmənin Plenumuna göndərilməsi barədə qərardad qəbul etdikdən sonra ərizəyə Plenumun iclasında baxılır. Ərizəçiyə və işdə iştirak edən digər şəxslərə Plenum iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilir, lakin onların gəlməməsi ərizəyə baxılmasına mane olmur (MPM-in 437.4 maddəsi).

A.Yəhyazadə Plenuma müraciətini MPM-in 432-ci maddəsi ilə əsaslandırmasına baxmayaraq, Ali Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibi ərizənin bu maddədə nəzərdə tutulan dörd əsasdan hər hansı birinə uyğun olub-olmamasını müzakirə etməmiş, öz qərardadını işdə iştirak edən şəxslər, onların nümayəndələri, habelə digər şəxslər tərəfindən sənədlərin saxtalaşdırılması və cinayət etmələrinin qanunla müəyyən edilmiş qaydada, yəni məhkəmə qətnaməsi və hökmü ilə müəyyən olunmaması ilə əsaslandırmışdır. Halbuki, MPM-in 432.2.1-ci maddəsi məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsini bu növ ərizələrə baxılması üçün müstəqil əsas kimi nəzərdə tutur.

Məhkəmə tərkibinin mübahisələndirilən qərardadında MPM-in yalnız 432.2-ci maddəsinə istinad edilərək belə bir nəticəyə gəlinmişdir ki, ərizənin təmin edilməsi üçün göstərilən dəlilə görə mütləq məhkəmə qətnaməsi və ya hökmü çıxarılmalıdır. Halbuki, MPM-in 432.2.1-ci maddəsinin mahiyyətinə görə işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi əsasının tətbiqi üçün hər hansı bir məhkəmə hökmünün və qətnaməsinin mövcudluğu tələb edilmir.

Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşdırdığı hüquqi mövqeyə görə işlərin bütün məhkəmə instansiyalarında maddi və prosessual qanunvericiliyin normalarına riayət edilməklə həll olunması mahiyyət üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir (Konstitusiya Məhkəməsi Plenumunun S.Teymurovanın şikayətinə dair 13 iyul 2009-cu il tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, hüquq və azadlıqların məhkəmə müdafiəsi çərçivəsində istənilən dövlət orqanlarının qərar və hərəkətindən (hərəkətsizliyindən) məhkəməyə şikayət etmək mümkündür. Yanlış məhkəmə aktının təkrar baxılmasının mümkün olmaması ədalət mühakiməsi vasitəsilə hüquqların effektiv bərpa edilməsinin universal qaydasına uyğun gəlmir, həmin hüququ pozur və məhdudlaşdırır. Yanlış məhkəmə aktlarına təkrar baxılmasının institusional və prosedur şərtləri istənilən halda prosessual effektivlik, məhkəmə müdafiəsi vasitələrindən istifadə, ədalət mühakiməsinin şəffaf həyata keçirilməsi tələblərinə cavab verməli, məhkəmə araşdırmasının uzadılmasını istisna etməlidir. Bununla da məhkəmə qərarının ədalətliliyini və eyni zamanda məhkəmə qərarlarının qanuni qüvvəsinin və onların təkzib edilməzliyinin tanınmasının hüquqi müəyyənliyini təmin etməlidir. Əks halda ümumi (publik) və xüsusi hüquqi maraqların balansı mümkünsüz olar.

Belə yanaşma xüsusilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan sonra – Konvensiya) preambulasında təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququnun şərhində öz əksini tapmışdır. Avropa Məhkəməsinin qənaətinə görə hüququn üstünlüyünün əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir. Bu da öz növbəsində məhkəmə tərəfindən çıxarılan qərarın şübhə altına alınmamasını tələb edir (Avropa Məhkəməsinin Brumeresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli, Pravednayanın Rusiya Federasiyasına qarşı iş üzrə 18 noyabr 2004-cü il tarixli, Bulqakovun Rusiyaya Federasiyasına qarşı iş üzrə 24 may 2007-ci il tarixli qərarları).

Avropa Məhkəməsinin Vedernikovanın Rusiyaya Federasiyasına qarşı iş üzrə 12 iyul 2007-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə Konvensiya qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının yeni açılmış hallar üzrə təkrar baxılmasına prinsip etibarı ilə yol verir. Belə ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi birmənalı olaraq dövlətə cinayət mühakimə üsulunun səhvlərini düzəltməyə imkan yaradır və belə səhvlərə sözsüz iş üzrə əsas sübutlar haqqında məlumatlar əks olunmayan məhkəmə qərarlarını aid edir. Avropa Məhkəməsi Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinin müddəalarını həmin Konvesiyanın 6-cı maddəsi ilə qarşılıqlı əlaqədə şərh etməklə onları mülki işlərə də aid edir. Avropa Məhkəməsi belə hesab edir ki, bu cür işlərdə hüquqi müəyyənlik prinsipindən kənara çıxma əhəmiyyətli (fundamental) pozuntunun aradan qaldırılması və ya ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilmədiyi halda mümkündür. Bu zaman Avropa Məhkəməsinin mülahizəsinə görə son məhkəmə qərarının ləğv edilməsi proseduru əvvəllər məlum olmayan və əlçatmaz olan, məhkəmə araşdırmasını başqa nəticəyə gətirib çıxara biləcək sübutların olduğunu nəzərdə tutur. Məhkəmə qərarının ləğv edilməsini tələb edən şəxs məhkəmə araşdırması başa çatana kimi onun sübutlar təqdim etməsinin mümkün olmadığını və bu dəlillərin iş üzrə əhəmiyyətli olduğunu sübut etməlidir (Pravednayanın Rusiyaya Federasiyasına qarşı iş üzrə 18 noyabr 2004-cü il, “Sutyajnik”in Rusiya Federasiyasına qarşı iş üzrə 23 iyul 2009-cu il tarixli qərarları).

Bu baxımdan, mübahisələndirilən mülki işin materiallarından görünür ki, M.Bədirovanın imza nümunələri olan və dövlət orqanlarında saxlanılan şəxsi sənədləri A.Yəhyazadə yalnız Göyçay rayon prokurorluğuna müraciət etdikdən sonra prokurorluq vasitəsi ilə əldə etmişdir. Həmçinin, A.Yəhyazadənin Konstitusiya Məhkəməsinə ünvanladığı şikayətə əlavə edilmiş sənədlərdən də məlum olur ki, iş üzrə bir-birinə zidd olan ekspertiza rəyləri mövcuddur.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mübahisələndirilən məhkəmə aktları qüvvəyə mindikdən sonra yuxarıda göstərilən sənədlərin əldə edilməsinə, prokurorluğun araşdırması nəticəsində müəyyən edilmiş halların yeni açılmış və iş üzrə həlledici hal hesab edilib edilməməsinə MPM-in 432.2.1-ci maddəsinin tələbləri baxımından məhkəmə tərkibi tərəfindən qiymət verilməmiş və işin bu xüsusatlarına diqqət yetirilməmişdir.

Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizənin təmin edilməsi üçün qanunda göstərilən əsasların hamısının və ya eyni vaxtda bir neçəsinin mövcud olmasının tələb edilməməsi məhkəmə tərkibi tərəfindən nəzərə alınmamışdır.

Bu baxımdan, işə baxılarkən mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilməməsi A.Yəhyazadənin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, R.Yəhyazadənin A.Yəhyazadə və Göyçay rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı vəsiyyətnamənin etibarsız hesab olunması və vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə iş üzrə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 17 oktyabr 2012-ci il tarixli qərardadı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və MPM-in 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Bu işlə bağlı məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair verilmiş ərizəyə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A   A L D I:

1. Yəhyazadə Rəfael Seyfulla oğlunun Yəhyazadə Azad Azər oğluna və Göyçay rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı vəsiyyətnamənin etibarsız hesab olunması və vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 17 oktyabr 2012-ci il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Bu işlə bağlı məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair verilmiş ərizəyə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

Sədr   Fərhad Abdullayev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin