Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Adından
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair

9 sentyabr 2013-cü il          Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr),Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən(məruzəçi-hakim) ibarət tərkibdə,məhkəmə katibi Fəraid Əliyevin,maraqlı subyektlərin nümayəndələriGoranboy rayon məhkəməsinin hakimi Teyyub Muxtarovun vəAzərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Fuad Məmmədovun,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi Simran Həsənovun,mütəxəssislər Azərbaycan Respublikası Prokurorluğunun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Adil Bəylərovun və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq İdarəsinin Hüquqi təminat şöbəsinin rəisi Tural Quliyevin iştirakı ilə,Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrininşərh edilməsinə dair Goranboy rayon məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrininvə mütəxəssislərin çıxışlarını, ekspertin rəyinidinləyib və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N    E T D İ:

Goranboy rayon məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, icraatında olan təqsirləndirilən şəxs Müşfiq Sarıyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılması ilə əlaqədarhəmin Məcəllənin 213.1-ci maddəsinin vəAzərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra–Vergi Məcəlləsi) 78.3 və 78.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının(bundan sonra – Konstitusiya) 25, 57, 60 və71-ci maddələri, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi baxımından şərh olunmasını xahiş etmişdir.

Müraciətdə göstərilir ki, M.Sarıyev “Fərid İnşaat Kot” Məhdud Məsuliyyətli Cəmiyyətə (bundan sonra – MMC)faktiki rəhbərlik edərək,MMC-nin əmlakının maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürərək, vergi ödəyicisinin fəaliyyətinə görə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olan şəxs kimi Vergi Məcəlləsinin bir sıra maddələrinin tələblərini pozaraq,MMC-nin qeydiyyatda olduğu vergi orqanına yanlış məlumat verməklə külli miqdarda hüquqi şəxsin mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır.Bu əmələ görə M.SarıyevCinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir.

Eyni zamanda, müraciətdə qeyd olunur ki,M.Sarıyev MMC-də rəsmi vəzifə tutmamış, hüquqi şəxsin rəhbəri başqa şəxs olduğu halda,o,MMC-yə faktiki rəhbərlik etməsinə görə məsuliyyətə cəlb edilmişdir.

Bununla bağlı, Goranboy rayon məhkəməsi Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirən şəxsin təqsirləndirilən şəxs qismində cəlb olunmasının Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinə münasibətdə şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir.Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur.Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar.

Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir.

Göstərilən konstitusiya müddəalarına əsaslanan Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. (Vergi Məcəlləsinin 1.1-ci maddəsi)

Vergi Məcəlləsi həmçinin vergi nəzarəti və vergi qanunvericiliyinin pozulması ilə əlaqədar məsuliyyətə cəlb etmə məsələlərini də tənzimləyir.

Qeyd olunmalıdır ki, vergilər, hər bir dövlətin yarandığı andan cəmiyyətdə iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsi olmaqla, müasir dövrdə dövlətin gəlirlərinin əsas formalarından biridir. Bununla əlaqədar olaraq, vergilərin və digər məcburi ödəmələrin ödənilməsindən yayınma dövlətin maliyyə maraqlarına ziyan vuran kifayət qədər təhlükəli əməl hesab olunur və müvafiq məsuliyyət növünə cəlb edilmə üçünəsas ola bilər. Bu əməlin ictimai təhlükəliliyi hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini ödəməyə dair konstitusiyavəzifələrinin icra olunmamasında ifadə olunur.

Vergi Məcəlləsinin 53.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Hər hansı bir şəxs vergi hüquq pozuntusunun törədilməsinə görə əməlin xüsusiyyətindən asılı olaraq yalnız bir növ hüquqi məsuliyyət daşıyır.Vergi qanunvericiliyinin pozulması qanunvericilikdə nəzərdə tutulmuş hallarda şəxsin cinayət məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər. Belə məsuliyyət Cinayət Məcəlləsinin 213-cü maddəsində müəyyən olunmuşdur vəhəmin maddənin dispozisiyasına görə vergi ödəməkdən yayınma cinayət hesab olunur.

Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşmış hüquqi mövqelərinə uyğun olaraq hesab edir ki, vergi orqanının üzə çıxardığı əməl vergi ödəyicisinin Vergi Məcəlləsinin 57, 58 və 60-cı maddələrində müəyyən olunmuş vergi xətaları çərçivəsində törədildikdə, bu əməlin vergi qanunvericiliyinin pozulması ilə bağlı olan vergi hüquq pozuntusu kimi tövsif olunması Vergi Məcəlləsinin müddəalarına müvafiq olaraq, Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət törədildikdə isə həmin Məcəllənin müddəalarına müvafiq olaraq həll olunmalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun 8 aprel 2002-ci il, 6 avqust 2002-ci il və 12 yanvar 2011-ci il tarixli Qərarları)

Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulmuş cinayətin subyektinin xüsusi olmasına baxmayaraq, həmin maddədə cinayət əməlinin konkret subyekti (fiziki və ya hüquqi şəxs, digər şəxslər) göstərilməmişdir. Buna görə də vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəmək vəzifəsi üzərinə qoyulmuş şəxslərin müəyyən edilməsi üçün digər normativ aktlara müraciət edilməsi qaçılmazdır.

İlk növbədə nəzərə alınmalıdır ki, vergi öhdəliklərinin yaranmasının əsas şərtlərindən biri vergi ödəyicisinin müəyyən edilməsi ilə yanaşı, vergitutma obyektinin və digər vergitutma elementlərinin müəyyən edilməsidir. (Vergi Məcəlləsinin 12.1.1 və 12.3-cü maddələri) Vergi qanunvericiliyinə görə vergi ödəyicisi Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. (Vergi Məcəlləsinin 13.2.4-cü maddəsi)

Vergi Məcəlləsinin 78.3-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 78.4-cü maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilməz.

Vergi Məcəlləsinin 53-cü maddəsinin tələbinə görə vergi hüquqpozmalarına görə məsuliyyəti hüquqi və fiziki şəxslər olan vergi ödəyicisi daşıyır. Vergi ödəyicisinin və ya vergi agentinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, onları vergi öhdəliklərinin və vergi orqanlarının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməsindən azad etmir. (Vergi Məcəlləsinin 53.7-ci maddəsi) Eyni zamanda, vergi ödəməkdən qəsdən yayınma halında vergi ödəyicisi vergi məsuliyyətinə, müvafiq səlahiyyətli şəxs isə Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb oluna bilər.

Bununla əlaqədar qeyd olunmalıdır ki, vergiləri ödəməkdən yayınan şəxs qanunvericiliklə üzərinə vergiləri ödəmək vəzifəsi qoyulmuş subyekt, yəni vergi qanunvericiliyində anlayışı verilmiş fiziki şəxs və ya hüquqi şəxsin vergi öhdəliklərini faktiki yerinə yetirən şəxsi də ola bilər.Bu cinayətin subyektləri sırasına vergi və ya məcburi dövlət sosial sığorta haqları ödəyicisi olan fiziki şəxsləri, habelə hüquqi şəxslərin məsul işçilərini, yəni rəhbərini, baş mühasibini, eləcə də qanunvericiliklə və ya əmək müqaviləsi ilə mühasibat sənədlərinin tərtib edilməsi və rəsmiləşdirilməsi, müəssisənin əmlakının və maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsi həvalə edilmiş digər şəxslərinidə aid etmək olar.

Burada əsas meyar, məsul işçilərin hüquqi şəxsin maliyyə-təsərrüfat fəaliyyətinin, qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılmasına, qanunla müəyyən edilmiş vergilərin, habelə hesablanmış faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və digər məcburi ödənişlərin ödənilməsinə,qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarının vergi orqanlarına təqdim edilməsinə, vergi ödəyicisinin digər vəzifələrini üzərinə götürməklə onun adından sahibkarlıq fəailiyyətinin faktiki həyata keçirilməsinə, vergi əməliyyatları aparmaqla vergi ödəyicisinin fəaliyyətinə və vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsinə görə cavabdeh olmasıdır.

Göstərilənlərlə əlaqədar,faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür.Hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlir əldə edən, onun aktivlərinə, pul vəsaitlərinə, əmlakına faktiki sərəncam verən şəxs vergitutma obyektləri üzrə qanunla müəyyən edilmiş vergilərin hesablanmasına və ödənilməsinə görə məsuliyyət daşımalıdır.

Xarici təcrübədə də hüquqi şəxsin faktiki rəhbərinin vergidən yayınma cinayətinə görə cinayət məsuliyyətinə cəlb edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.Belə ki, Rusiya Federasiyası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vergidən yayınmaya görə məsuliyyət nəzərdə tutan cinayət qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 28 dekabr 2006-cı il tarixli 64 nömrəli qərarında qeyd olunur ki,faktiki sahibkarlıq fəaliyyətini qondarma şəxs (məsələn, formal olaraq fərdi sahibkar kimi qeydiyyatdan keçirilmiş işsiz) vasitəsilə həyata keçirən şəxs vergi ödəməkdən yayındıqda, onun əməli Cinayət Məcəlləsinin 198 və 199-cu maddələri üzrə bilavasitə icraçı kimi, digər şəxsin əməli isə cinayətin törədilməsində iştirakını dərk etdikdə və bu cinayət onun qəsdi ilə əhatə olunduqda həmin cinayətin törədilməsində köməkçi kimi tövsif olunmalıdır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vergiləri ödəməkdən yayınma cinayətinin subyektləri sırasına vergi ödəyicisi olan hüquqi şəxsə faktiki rəhbərliyihəyata keçirən şəxs (faktiki rəhbər) də aid edilməlidir.

Qeyd olunanlarla yanaşı, nəzərə alınmalıdır ki,Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin müəyyən məqsədinə, yəni qanunla müəyyən edilmiş vergilərin ödənilməsindən boyun qaçırmağa işarə edən “yayınma” müddəasının istifadə olunması ona dəlalət edir ki, bu cinayətin tərkibi göstərilən halda təqsirləndirilən şəxsin hərəkətlərində bilavasitə vergidən yayınmaya yönəlmiş qəsdin olmasını nəzərdə tutur. Həmin maddədə nəzərdə tutulan cinayətintərkibio halda yaranır ki, əməl qəsdən törədilir və vergi qanunvericiliyi ilə müəyyən olunmuş qaydaları pozmaqla vergilərin ödənilməsindən yayınmaya yönəlmiş olur.

Bu özünü əldə olunan gəlirlər və vergitutma obyektləri barədə məlumatların vergi hesabatlarında qəsdən əks olunmamasında, vergilərin hesablanması zamanı nəzərə alınan gəlirlərin həqiqi həcminin azaldılmasında,xərclərin (məsələn, vergitutmaya məruz qalan məcmu gəlirin müəyyənləşdirilməsi zamanı çıxılan xərclərin) şişirdilməsində biruzə verə bilər.Aşkar şəkildə yalan məlumatlara həmçinin xərclərin və əldə olunmuş gəlirlərin vaxtı barədə saxtalaşdırılmış məlumatlar, müəyyən növ fəaliyyəti xarakterizə edən fiziki göstəricilərə dair hesablamalarda, nisbi gəlirə vahid verginin ödənilməsi zamanı təhrif olunmavə s. aid edilə bilər.

Beləliklə, hüquqi şəxsin faktiki rəhbərinin Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi o halda mümkündür ki, həmin şəxsqanunla müəyyən edilmiş müddətdə vergitutmaya məruz qalan gəlirlər haqqında bəyannamənitəqdim etməmiş, bəyannaməyə vergilərin hesablanması üçün uçota alınmalı olan gəlirlər və ya xərclər barədə aşkar şəkildə təhrif olunmuş məlumatlar (verginin gizlədilməsi, azaldılması və ya ondan azad olunması məqsədilə) daxil edərək vergi orqanlarına təqdim etmiş və ya təqdim edilməsinə dair sərəncam vermiş olsun.Hüquqi şəxsin rəsmi rəhbəri, faktiki rəhbər tərəfindən aldadılaraq vergilərdən yayınması barədə məlumatı olmadığı və hüquqi şəxsin fəaliyyətində birbaşa iştirak etmədiyi hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməz.

Digər tərəfdən, hüquqi şəxsin rəsmi rəhbəri vergilərdən yayınmasını bilirsə və ya faktiki rəhbərlə cinayət əlaqəsinə girərək, onunla birlikdə vergiləri ödəməkdən yayınmada iştirak edirsə, cinayət məsuliyyətinə cəlb edilə bilər. Belə hallarda rəsmi rəhbər cinayətin iştirakçısı sayılır.

Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin təyinatı cinayət törətmiş şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etməkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) bu prosedurları müəyyən edərək, cinayət törətmiş şəxsi cinayət məsuliyyətinə cəlb etmə prosesində tarazlı (balanslı) imkanların olmasını təmin edir. (Konstitusiya Məhkəməsi Plenumunun“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarı)

Göstərilənlərlə əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər.

Eyni zamanda, nəzərə alınmalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı sübut edilməli hallar göstərilmişdir. Bu halların sırasına cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi və s. daxildir.

Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılması məqsədi ilə təhlil olunur və bir-biri ilə müqayisə edilməklə, onların mötəbərliyi müəyyənləşdirilir. (Cinayət-Prosessual Məcəlləsinin 138.1 və 144-cü maddələri)Yalnız cinayət təqibi üzrə yekun və mötəbər nəticəyə gəlməyə imkan verən mümkün sübutların məcmusu cinayət-prosessual qanunvericiliyinin tələbləri baxımından sübutların kifayət etməsi kimi qəbul olunur (Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsi).

Beləliklə,hüquqi şəxsin faktikirəhbərinin,eləcədə rəsmirəhbərinin və digər məsul işçilərinin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi ayrı-ayrılıqda hər bir iş üzrə ibtidai istintaq zamanı toplanmış sübutların məcmusuna görə həlledilməlidir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir:

- Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir.Həmin şəxs Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər.

- Hüquqi şəxsin fəaliyyətinə rəsmi rəhbərlik edən şəxs vergi ödəməkdən yayınma cinayətində iştirak etdikdə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A  A L D I:

1.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər.

2.Hüquqi şəxsin fəaliyyətinə rəsmi rəhbərlik edən şəxs vergi ödəməkdən yayınma cinayətində iştirak etdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər.

3.Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5.Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

Sədr          Fərhad Abdullayev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin