CƏMİYYƏT


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 23 il keçir

Bakı, 14 iyul, AZƏRTAC

İyulun 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 23 ili tamam olur. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Konstitusiya Məhkəməsi 1998-ci il iyulun 14-də fəaliyyətə başlayıb.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əlamətdar gün münasibətilə sədr Fərhad Abdullayev, Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları pandemiya ilə əlaqədar məhdud sayda Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Sonra Konstitusiya Məhkəməsində hakimlər və Aparatın bir sıra məsul əməkdaşlarının iştirakı ilə xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqla tədbir keçirilib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxış edərək, konstitusiya nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaranması və keçən dövr ərzində fəaliyyəti haqqında danışıb.

Sədr qeyd edib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkənin hüquqi, ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, həmçinin dövlətin beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesinin əsası qoyulub.

Vurğulanıb ki, Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və qəbul olunmuş Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təminatı olmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoyub. Azərbaycan Respublikasının ərazisinin vahid, toxunulmaz və bölünməz olduğunu bəyan edən Əsas Qanun bir çox mütərəqqi və demokratik prinsipləri və dəyərləri özündə ehtiva edib.

Sədr vurğulayıb ki, bu gün Konstitusiyada təsbit edilmiş Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsində qazanılan tarixi Qələbə hər birimizi qürurlandırır, işlədiyimiz sahə üzrə fəaliyyətimizdə daha əzmlə çalışmağa sövq edir.

Bildirilib ki, otuz ilə yaxın davam etmiş işğala son qoyulmaqla, beynəlxalq hüquq normalarının aliliyi təmin edildi. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri Ermənistan tərəfi icra etməkdən boyun qaçırsa da, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində öz şücaəti ilə bu qətnamələrin icrasını təmin edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Vətənimizin torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilməsi ölkəmizin Konstitusiyasında və bir çox beynəlxalq hüquq müqavilələrində təsbit edilmiş bir sıra əsas insan hüquq və azadlıqlarının təmin olunmasına imkan verdi.

Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində ölkəmiz beynəlxalq aləmdə böyük nüfuza malik olmaqla, etibarlı tərəfdaş və beynəlxalq hüquq prinsiplərinə daim əməl edən müasir dövlət kimi qəbul edilir. Son illər isə ölkəmizin çoxsaylı beynəlxalq siyasi, mədəni, idman tədbirlərinə böyük uğurla ev sahibliyi etməsi Azərbaycana beynəlxalq səviyyədə olan etimadın əyani göstəricisidir.

Tədbirə yekun vuran Fərhad Abdullayev qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hər zaman olduğu kimi, insan hüquq və azadlıqlarının qorunması, müstəqil Azərbaycanın Əsas Qanunu olan Konstitusiyanın müddəalarının müdafiəsi, müstəqil dövlətimizin möhkəmlənməsi, xalqımızın maddi, mənəvi rifahının daha da yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi fəaliyyətinə dəstək olaraq, üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaq.

Tədbirin sonunda Konstitusiya Məhkəməsinin yeni embleminin hazırlanması ilə əlaqədar keçirilmiş müsabiqənin qalibi elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.