RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikası Prezidentinin “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 13 iyun tarixli 550 nömrəli və “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Dəniz limanları haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 582-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli 550 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 682; 2021, № 6 (I kitab), maddə 607) ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illər üçün Dövlət Proqramı”nın 4.3.4-cü yarımbəndinin “Tədbirin adı” sütununda “qüsurlarının” sözü “pozuntularının” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2413; 2019, № 5, maddə 899; 2020, № 8, maddə 1065; 2021, № 8, maddə 946) ilə təsdiq edilmiş “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın 1-ci hissəsinin səkkizinci abzasının dördüncü cümləsində “kar, sonradan karlaşmış, zəifeşidən” sözləri “eşitmə qabiliyyəti tam və qismən məhdud olan, eşitmə qabiliyyətini sonradan tam itirmiş” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 avqust 2022-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin