Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarına hörmət və ehtiram göstərərək, humanizm prinsiplərinə əsaslanaraq, məhkum olunmuş şəxslərin, onların ailə üzvlərinin əfv haqqında müraciətlərinə baxaraq, cinayətlərin törədilməsi şəraitini və ictimai təhlükəlilik dərəcəsini, məhkumların törətdikləri əməldən peşimançılıq çəkdiklərini, onların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəzalarının müəyyən hissəsini çəkdiklərini, bu müddətdə müsbət davranışlarını və qanunların tələblərinə riayət etmələri barədə vədlərini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev bir sıra şəxslərin əfv olunması haqqında 2003-cü il fevralın 11-də Fərman imzalamışdır.

Fərman əsasında 116 məhkum əfv olunaraq azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir.

Əfv olunmuşların 36 nəfəri Azərbaycan Respublikasının müstəqilliyinə, dövlətçiliyinə və ərazi bütövlüyünə qarşı törədilmiş cinayətlərdə iştiraka görə məhkum edilmiş şəxslərdir.

Onlardan 8 nəfəri 1994-cü ilin oktyabr ayında qanunvericilikdə nəzərdə tutulmayan silahlı dəstələrin tərkibində Gəncə şəhərində baş vermiş dövlət çevrilişi cəhdində, 26 nəfəri isə Daxili İşlər Nazirliyinin sabiq Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları və bu cinayətə qoşulmuş digər şəxslər olaraq 1995-ci ilin mart ayında hakimiyyəti zorakılıqla ələ keçirmək məqsədi ilə Bakı şəhərində, Qazax və Ağstafa rayonlarında Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı sui-qəsddə iştirak etmişlər.

Bundan əlavə, əfv olunmuş 2 məhbusdan biri 1993-cü ilin iyun-avqust aylarında Azərbaycanın cənubunda ölkəmizin ərazisini parçalamağa yönəlmiş təcavüzkar separatçı hərəkətlərdə iştirak etmiş, digəri isə 1993-cü ilin oktyabr və 1994-cü ilin avqust aylarında Naxçıvan Muxtar Respublikasında qanunsuz silahlı qrupların tərkibində cinayət törətmiş şəxslərdir.

Həmçinin əfv olunmuşlardan 16 nəfəri 2000-ci ilin noyabr ayında Şəki şəhərində ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil edən və bu hərəkətlərdə iştirak edən şəxslərdir.

Azərbaycan Respublikasının Prezidenti əmin olduğunu bildirmişdir ki, əfv edilmiş şəxslər bu humanist aktdan düzgün nəticə çıxaracaq, islah olunub tezliklə cəmiyyətə qovuşacaq və gələcəkdə Azərbaycan dövlətinin qanunlarına dönmədən əməl edəcəklər.

Fərmanın məzmunu diqqətinizə çatdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin