ELM VƏ TƏHSİL
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında qrant sazişi imzalanmışdır
Bakı, 29 yanvar (AZƏRTAC). Yanvarın 29-da Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun yaradılmasına dair qrant sazişinin imzalanması mərasimi keçirilmişdir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə nazir Misir Mərdanov Azərbaycan ilə Koreya arasında təhsil sahəsində əlaqələrin inkişaf etdiyini diqqətə çatdırmışdır. Nazir Koreyanın ölkəmizdə təhsil üzrə layihələr həyata keçirdiyini qeyd edərək bu sahədə görülən işlərdən danışmışdır.
Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun yaradılmasına dair qrant sazişinin mühüm əhəmiyyətini qeyd edən M.Mərdanov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2013-cü ilin respublikamızda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunduğunu xatırlatmışdır.
Son illər informasiya-kommunikasiya texnologiyalarının təhsil sahəsində tətbiqi üzrə əldə olunmuş nailiyyətlərdən bəhs edən nazir imzalanacaq sazişin iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığa töhfə verəcəyinə inamını ifadə etmişdir.
Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn ölkələrimiz arasında əlaqələrin, o cümlədən təhsil sahəsi üzrə əməkdaşlığın əhəmiyyətindən danışmışdır.
Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi təhsil müəssisəsi ilə dünyanın 80-dən çox universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandığını diqqətə çatdırmışdır. Hazırda NDU-da dünyanın 10 ölkəsindən 324 tələbə təhsil alır.
Rektor NDU-da təhsilin müxtəlif səviyyəsi üzrə 7 koreyalı gəncin oxuduğunu da söyləmişdir.
Sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun yaradılmasına dair qrant sazişi imzalanmışdır.
Sənədi təhsil naziri Misir Mərdanov və Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn imzalamışlar.
Sazişin əsas məqsədi tələbələrə onlayn təhsil xidmətinin göstərilməsi üçün portal, distant təhsil, elektron kitabxana və rəqəmsal multimedia infrastrukturlu elektron təhsil şəbəkəsinin yaradılmasıdır.