Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

15 noyabr 2019-cu il                Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin nümayəndələri Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Rəşad Mustafayev və Azərbaycan Respublikası Milli Məclisi Aparatının sektor müdiri Eldar Əsgərovun, mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərovun iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 320.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hüquq verən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh olunmasını xahiş etmişdir.

Müraciətdən görünür ki, T.Alışanlının Cinayət Məcəlləsinin 29 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktına əsasən o, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Dövlət İmtahan Mərkəzi) tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə 26 iyul 2018-ci il tarixində keçiriləcək qəbul imtahanında abituriyent qismində iştirak edəcək H.Quliyevin əvəzinə iştirak etməsinə dair təkliflə razılaşaraq, onun şəxsiyyət vəsiqəsini və imtahana buraxılış vərəqəsini əldə edərək imtahana gedib həmin sənədləri Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin (bundan sonra – Xüsusi Dövlət Mühafizə Xidməti) əməkdaşlarına təqdim etmişdir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən T.Alışanlının H.Quliyev olmadığı müəyyən olunaraq imtahan zalına buraxılmasının qarşısı alınmışdır. Bununla da, T.Alışanlı Dövlət İmtahan Mərkəzi tərəfindən H.Quliyevin adına kodlaşdırılmış, imtahan vermək və müvəffəqiyyət balı topladığı halda ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq hüququ verən rəsmi sənəd olan cavab kartına sonuncunun adından məlumatları yazmağa yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək rəsmi sənəd olan cavab kartını istifadə etmək məqsədilə saxtalaşdırmağa cəhd etmişdir.

Müraciətedənin mövqeyinə görə, Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin dispozisiyasında göstərilən saxtalaşdırmanın hansı hərəkətləri ehtiva etməsi konkret göstərilməmişdir. T.Alışanlı imtahana daxil olmaq üçün istifadə etdiyi sənədlərdə (şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsində) hər hansı düzəliş və dəyişiklik etməmiş, habelə o, imtahanda iştirak etsə idi, cavab kartına H.Quliyevə aid məlumatları yazacaq və onun yerinə imtahan suallarını cavablandıracaqdı. Formal yanaşıldıqda T.Alışanlının cavab kartına yazacağı məlumatların yanlış olmadığı, məhz həmin cavab kartına yazılmalı olan məlumatlar olduğu müəyyən edilir. Bu baxımdan, T.Alışanlının qanunazidd davranışı özünü başqa şəxs, yəni H.Quliyev kimi təqdim etməsindən ibarətdir və bu əməldə Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş saxtalaşdırmanın mövcudluğu suallar yaradır.

Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi T.Alışanlının qanunsuz olaraq başqa şəxsin adından həmin şəxsə aid olan məlumatların hüquq verən rəsmi sənədə daxil edilməsinin Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin dispozisiyasında göstərilən saxtalaşdırma hesab olunub-olunmamasına hüquqi aydınlıq gətirilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 71-ci maddəsinin VIII hissəsinə əsasən, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır.

Azərbaycan Respublikasında cinayətə görə məsuliyyəti müəyyən edən yeganə qanunvericilik aktı Cinayət Məcəlləsidir. Həmin Məcəllənin 10.1-ci maddəsinə görə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz.

Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

Beləliklə, cinayət hüququnun mühüm prinsiplərindən olan qanunçuluq prinsipinə uyğun olaraq yalnız Cinayət Məcəlləsində nəzərdə tutulan halda əməlin cinayət sayılmasına, belə əməli törədən şəxsin təqsirli hesab edilərək cinayət məsuliyyətinə cəlb edilməsinə yol verilir. Cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini yaradan ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Qanun cinayət sayılan əməlləri müəyyən edərkən həmin əməl üçün xarakterik olan əlamətləri də göstərir. Məhz bu əlamətlərin köməyi ilə törədilən hər hansı əməlin cinayət hüquq normasında nəzərdə tutulan cinayət olub-olmaması müəyyən edilir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh edilməsi üçün bu maddənin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin araşdırılması vacibdir.

Cinayət Məcəlləsinin qeyd edilən maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməli cinayət məsuliyyəti yaradır.

Göstərilən cinayət əməli “İdarəetmə qaydası əleyhinə olan cinayətlər” fəslinə aid edilmiş və cinayətin obyekti qismində dövlət idarəetmə fəaliyyəti ilə bağlı münasibətlər çıxış edir. Cinayətin predmetini isə hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təşkil edir.

Bu əməlin predmetini təşkil edən rəsmi sənədin anlayışının və əlamətlərinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, sənədlərin idarəetmədəki əhəmiyyəti, sənəd dövriyyəsi sahəsinin genişlənməsi, yeni növ sənədlərin, o cümlədən elektron sənədin əmələ gəlməsi, cinayət qanununda rəsmi sənəd anlayışının və əlamətlərinin açıqlanmaması cinayətin tövsifində müəyyən çətinliklər yaradır.

Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir.

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir.

Beləliklə, rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir.

Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir.

Bu cinayət əməli obyektiv cəhətdən aşağıdakı hərəkətlər vasitəsilə törədilə bilər:

- hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi saxtalaşdırma;

- hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi qanunsuz hazırlama, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama;

- hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı satma.

Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir.

Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli olmaqla, dispozisiyasında göstərilən hərəkətlərdən hər hansı birinin edildiyi andan başa çatmış hesab olunur.

Cinayətin subyekti qismində ümumi subyekt olmaqla 16 yaşına çatmış anlaqlı fiziki şəxs çıxış edə bilər.

Subyektiv cəhətdən isə cinayət birbaşa qəsdlə törədilir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə görə, məqsəd (rəsmi sənəddən, dövlət təltifindən, ştampdan, möhürdən və blankdan istifadə etmək) cinayət tərkibinin zəruri əlamətidir və həmin əməllərin törədilməsində belə məqsəd olmazsa, bu cinayətin tərkibini yaratmır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın (bundan sonra – Qaydalar) 6.4-cü bəndində abituriyentin yol verməsi qadağan olunan hərəkətlər müəyyən edilmişdir. Belə hərəkətlərdən biri saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərməkdir.

Qaydaların 6.5-ci bəndinə əsasən, abituriyentin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Dövlət İmtahan Mərkəzi tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 181-ci maddəsində təhsil haqqında qanunvericiliyin pozulması hesab edilən konkret əməllərə görə məsuliyyət müəyyən edilmişdir. Lakin həmin maddədə inzibati məsuliyyət yaradan əməllər sırasında imtahanların keçirilməsi qaydalarının pozulması, o cümlədən imtahanda başqasının yerinə iştirak etmə və ya imtahana öz yerinə başqasını göndərmə əməli nəzərdə tutulmamışdır.

Beləliklə, Qaydalarla saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək qadağan edilsə də, İnzibati Xətalar Məcəlləsində qeyd edilən əməllər inzibati xəta kimi nəzərdə tutulmamışdır.

Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında abituriyent qismində iştirak edən şəxslərə doldurulmaq üçün təqdim edilən cavab kartları hər il texniki tapşırıqla forması təsdiq olunan, hər bir abituriyentin adına tərtib edilməklə kodlaşdırılan, boş blank formasında olan hüquq verən rəsmi sənəddir. Cavab kartının verilən sual kitabçasındakı sualların cavablandırılması məqsədilə müvafiq abituriyent tərəfindən doldurulması nəticəsində həmin abituriyentin bilik səviyyəsi müəyyən edilir və bunun nəticəsində o, ali və ya orta ixtisas təhsili müəssisələrində təhsil almaq hüququ əldə etmiş olur.

Cavab kartını müvafiq abituriyentin deyil, başqa şəxsin doldurması hüquq verən rəsmi sənədin saxtalaşdırılması kimi xarakterizə edilməlidir. Belə ki, cavab kartının başqa bir şəxs tərəfindən doldurulması nəticəsində cavab kartında müvafiq abituriyentin deyil, onun əvəzinə imtahanda iştirak edən şəxsin bilik səviyyəsinin nəticələri öz əksini tapır. Bu isə cavab kartının mahiyyət etibarilə saxtalaşdırılması deməkdir.

Digər tərəfdən, cavab kartının ikinci cədvəlində “özünüz haqqında məlumatı yazın, bəyannaməni oxuyun və imzalayın” qrafası mövcuddur ki, həmin hissədə abituriyent tərəfindən soyad, ad, ata adı, doğum yeri və doğum tarixi, ayı, günü, orta təhsil müəssisəsinin adı, yaşayış ünvanı, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsinə dair məlumatlar şəxsən doldurulur, bundan sonra, həmin bənddə göstərilmiş “öz imzamla bu bənddə soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi göstərilən şəxs olduğumu təsdiq edirəm, əks təqdirdə qanunla müəyyən edilmiş məsuliyyəti daşıyacağam” məzmunlu bəyannamənin qarşısında imza edilir. Bu baxımdan, imtahanda başqasının əvəzinə iştirak edən şəxs cavab kartına qanunsuz olaraq başqa şəxsin adından həmin şəxsə aid məlumatları daxil etməklə və həmin abituriyentin əvəzindən imzalamaqla hüquq verən rəsmi sənədi saxtalaşdırma əməlini törətmiş olur.

Bu əməli törədərkən şəxsin məqsədi hüquqazidd vasitə ilə, yəni saxtalaşdırdığı cavab kartından istifadə etməklə başqasının ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmasını təmin edərək onun hüquqi statusunu dəyişdirməkdir. Şəxsin belə davranışı idarəetmə sahəsindəki münasibətlərə xələl yetirir, ictimai, habelə şəxsi mənafelərə zərər vurur. Belə ki, öz yerinə imtahana başqasını göndərən şəxs digər abituriyentlərlə ədalətsiz və qanunazidd rəqabət apararaq son nəticədə onların hüquqlarını pozur. Belə əməllər, eyni zamanda, inkişaf edən müasir cəmiyyət üçün faydalı mütəxəssislərin hazırlanması prosesinə maneçilik yaradır, dövlət tərəfindən təmin edilən sosial ədalət prinsipinə və elmi dəyərlərə olan etimadı şübhə altına alır. Halbuki, təşkil edilən imtahanların məqsədi abituriyentlərin bilik səviyyəsini müəyyən etməklə onların əldə etdikləri nəticəyə uyğun olaraq sıralanması və müvafiq ali və ya orta ixtisas təhsili müəssisələrində yerləşdirilməsidir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.

Konstitusiyanın vətəndaşların vəzifələrinin əsasını müəyyən edən 72-ci maddəsinin II hissəsinə uyğun olaraq, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir şəxs hər hansı hərəkəti edərkən həmin hərəkətin digər şəxslərin qanunla qorunan hüquqlarını, eləcə də qanunun tələblərini pozub-pozmadığını düşünməli və bununla bağlı məsuliyyətini dərk etməlidir.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir;

- Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququ verən rəsmi sənədə qanunsuz olaraq başqasının adından digər şəxs tərəfindən məlumatların daxil edilməsi, onun əvəzinə imzalanması və s. hərəkətlər rəsmi sənədin saxtalaşdırılması kimi qəbul olunmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir.

2. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququ verən rəsmi sənədə qanunsuz olaraq başqasının adından digər şəxs tərəfindən məlumatların daxil edilməsi, onun əvəzinə imzalanması və s. hərəkətlər rəsmi sənədin saxtalaşdırılması kimi qəbul olunmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməlidir.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 Sədr           Fərhad Abdullayev

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin