RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

8 yanvar 2020-ci il           Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin nümayəndələri Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri Teyyub Muxtarov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Elnur Nuriyevin, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firuzə Abbasovanın, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İnqilab Nəsirov və Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəis müavini Mürvət Həsənovun iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7, 21, 25, 33, 141, 142 və 145-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60, 63, 71 və 125-ci maddələri baxımından şərh edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN   ETDİ:

Gəncə Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 7, 21, 25, 33, 141, 142 və 145-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60, 63, 71 və 125-ci maddələri baxımından şərh olunmasını xahiş etmişdir.

Müraciətdə qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 181-ci maddəsi ilə ittiham olunan R.Rzayev Gəncə Ağır Cinayətlər Məhkəməsinin 4 fevral 2019-cu il tarixli hökmü ilə həmin Məcəllənin 322.2-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərindən biri ondan ibarət olmuşdur ki, R.Rzayevin əməlinə məhkəmə tərəfindən hüquqi qiymət verilərkən qrupun digər üzvü D.Əsgərovun Cinayət Məcəlləsinin 126, 181 və 221-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmünün mövcudluğu nəzərə alınmamışdır. Belə ki, həmin hökmdə irəli sürülmüş ittiham üzrə D.Əsgərovun təqsirləndirildiyi cinayət əməlini yəni, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş quldurluq cinayətini R.Rzayevlə qabaqcadan əlbir olan qrup halında törətməsi qeyd edilərək D.Əsgərov 11 il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2018-ci il tarixli qərarı ilə D.Əsgərov qəti olaraq 10 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmü qalan hissədə dəyişdirilməmiş və qanuni qüvvəyə minmişdir.

Bununla əlaqədar müraciətedən qeyd edir ki, Bakı Ağır Cinayətlər və Bakı Apellyasiya Məhkəmələrində D.Əsgərovun barəsində olan cinayət işinə baxılarkən R.Rzayev təqsirləndirilən şəxs qismində iştirak etməsə də, həmin məhkəmələr tərəfindən həm müəyyən olunmuş hallara, həm də onlara verilmiş hüquqi qiymətə görə onun təqsirliliyinə birbaşa təsir edə biləcək məhkəmə qərarları qəbul edilmiş və qanuni qüvvəyə minmişdir.

Müraciətedənin qənaətinə görə, məsələ ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə Cinayət-Prosessual Məcəlləsinin preyudisiyaya həsr olunmuş 142.1-ci maddəsinin Konstitusiyanın 60 və 63-cü maddələri baxımından şərh edilməsi zəruridir.

Müraciətdə qaldırılan digər məsələ isə inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında müəyyən edilmiş verginin məbləği ilə cinayət işi üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş vergi məbləği arasında kəskin fərqin aşkarlanması ilə bağlıdır. Belə ki, bu fərq təqsirləndirilən şəxsin əməlinin cinayət qanunvericiliyinin müvafiq maddəsi ilə tövsifinə mühüm təsir göstərir.

Müraciətdən göründüyü kimi, Y.Hidayətov Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı 30 mart 2015-ci il tarixli vergi yoxlaması aktı, eləcə də bu akt əsasında vergiödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsinə dair 5 may 2015-ci il tarixli qərarın etibarsız hesab olunmasına dair iddia tələbi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

Mübahisələndirilən aktlara əsasən, Y.Hidayətova ümumilikdə 776.114 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək onun vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 31 may 2015-ci il tarixli qərarı ilə Y.Hidayətovun iddiası təmin edilməmiş və həmin məhkəmə aktı qanuni qüvvəyə minmişdir.

Müraciətdə daha sonra göstərilir ki, istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən təqsirləndirilən şəxs Z.Hidayətov Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) bir sıra maddələrinin tələblərini pozaraq, ümumilikdə, 847.104,54 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış və bununla da Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir.

Bərdə Rayon Məhkəməsinin 4 iyun 2018-ci il tarixli hökmü ilə isə Z.Hidayətov Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bərdə Rayon Məhkəməsinin qeyd olunan hökmünə əsasən, Z.Hidayətov Vergi Məcəlləsinin bir sıra tələblərini pozaraq ümumilikdə 68.469,13 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Dövlət ittihamçısı tərəfindən həmin hökmdən apellyasiya protesti verilmişdir.

Müraciətedənin qənaətinə görə, Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsinin məzmunundan belə aydın olur ki, inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Gəncə Apellyasiya Məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş vergi məbləği ilə cinayət işi üzrə icraat zamanı toplanmış sübutlar əsasında müəyyən edilmiş vergi məbləği arasında fərqlər yarandığı halda cinayət işinə baxan məhkəmənin Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsinin tələbinə müvafiq olaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburiliyini qəbul etməsinin cinayət işi üzrə təqsirləndirilən şəxsin təqsirinin əvvəlcədən müəyyən edilməsinə səbəb olub-olmaması məsələsinə aydınlıq gətirilməsinin vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından məqsədəmüvafiq olduğu qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələlər ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.Abbasovanın şikayəti üzrə 2016-cı il 14 oktyabr tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli və s. qərarları).

Bu hüququn məzmunu Konstitusiyanın norma və prinsipləri, o cümlədən hüquqi müəyyənlik prinsipinin tələbləri nəzərə alınmaqla başa düşülməlidir. Həmin prinsipi təmin edən vasitələrdən biri qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığıdır.

Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur.

Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur:

- konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır;

- bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır;

- hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır.

Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).

Qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu mülki mübahisələr üzrə qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığının hədləri ilə bağlı hesab etmişdir ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 142.2-ci maddəsinə müvafiq olaraq, mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir.

Göründüyü kimi, qanunverici cinayət prosesində sahədaxili (Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsi) və sahələrarası preyudisiyanı (Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsi) müxtəlif cür müəyyənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburi olduğu halda, sahələrarası preyudisiyaya görə mülki, inzibati və ya iqtisadi işlər üzrə qanuni qüvvəyə minmiş qərarlar yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir.

Digər tərəfdən Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində preyudisiyanın subyektiv hədləri, yəni məhkəmə hökmünün qanuni qüvvəsinin şamil edildiyi şəxslərin dairəsi dəqiq müəyyən olunmamışdır.

Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar.

Bu baxımdan qeyd olunmalıdır ki, qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində təqsirləndirilən şəxs statusunda iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə (Konstitusiyanın 127-ci maddəsinin VIII hissəsi) və təqsirsizlik prezumpsiyası hüquqlarından (Konstitusiyanın 63-cü maddəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər.

Müraciətdə də göstərildiyi kimi, belə hallar əsasən iştirakçılıqla cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə icraatın ayrılması nəticəsində əmələ gəlir. Bu zaman ayrılan cinayət işi üzrə sübuta yetirilməli olan hallardan bir qismi digər cinayət işinə dair artıq qüvvəyə minmiş məhkəmə hökmü ilə təsbit edilmiş hallarla üst-üstə düşə bilər.

Qüvvəyə minmiş hökmlə müəyyən olunmuş halların və onlara verilən hüquqi qiymətin ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxsə münasibətdə məcburiliyi faktiki olaraq onun barəsində məhkəmə hökmü qüvvəyə minənədək təqsirli olub-olmaması məsələsini əvvəlcədən həll edə bilər. Burada nəzərə almaq lazımdır ki, Konstitusiyanın 63-cü maddəsinin I hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

Yuxarıda göstərilən konstitusiya müddəasının mənasına görə, cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydalara riayət olunmadan heç kəs təqsirli sayıla bilməz. Həmin prosessual qaydaların vacib hissəsini təqsirləndirilən şəxsin sübutların tədqiq olunmasında iştirakına dair normalar təşkil edir.

Həmçinin nəzərə almaq lazımdır ki, cinayət-prosessual qanunvericiliklə sübutların toplanılmasına, yoxlanılmasına və qiymətləndirilməsinə dair təsbit edilmiş müddəalar işin həqiqətə uyğun olan faktiki hallarının müəyyənləşdirilməsinə xidmət etməklə yanaşı, həm də şəxsiyyətin hüquqlarına aid vacib prosessual təminatlar kimi çıxış edir. Göstərilən təminatlar sisteminə isə Konstitusiyadan irəli gələn cinayət mühakimə icraatının vacib prinsiplərindən hesab edilən təqsirsizlik prezumpsiyası, cinayət işi üzrə sübutetmənin ittiham tərəfinin üzərinə qoyulması, müdafiə hüququ və s. aiddir. Onlara riayət olunması cinayət işi üzrə icraatın aparılması zamanı qanunçuluğun təmin edilməsinin ayrılmaz şərtini təşkil edir.

Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, müraciətdə qaldırılan məsələnin yaranması səbəblərindən biri də Cinayət-Prosessual Məcəlləsinin 50 və 211-ci maddələrinin düzgün tətbiq edilməməsi ilə bağlıdır.

Cinayət-Prosessual Məcəlləsinin 50.1-ci maddəsi müstəntiqə, prokurora, hakimə cinayət təqibi üzrə icraatı ayırmaq hüququ verməklə yanaşı, bu cür ayırmanın mümkün olduğu şərtləri də müəyyənləşdirir. Qeyd olunan maddədə nəzərdə tutulmuş qaydanın müəyyən edilməsi prosessual qənaət məqsədi güdsə də, mütləq şərt kimi cinayət işləri üzrə ayrıca icraatların cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə maneə olmamasını da nəzərdə tutur.

Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 211-ci maddəsi cinayət işlərinin birləşdirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması şərtlərini və qaydasını müəyyən edir. Cinayət-Prosessual Məcəlləsinin 211.3-cü maddəsinə əsasən, bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən biri və ya bir neçəsi mövcud olsa da, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduqda başqa cinayət işi ayrıla bilməz.

Cinayət-Prosessual Məcəlləsinin 50.3-cü maddəsi həmin Məcəllənin 9.1.3 və 211-ci maddələri ilə əlaqəli şəkildə cinayət işinin ayrıca icraata ayrılması barədə qərar qəbul edərkən müstəntiq, prokuror və hakimin üzərinə müvafiq hüquqi və faktiki əsasların göstərilməsi vəzifəsini qoyur. Cinayət işinin ədalətli həlli üçün bu cür qərar onun qəbul olunmasının vacibliyini təsdiq edən və iş materiallarında öz əksini tapmış konkret hallara, həmçinin maddi və prosessual hüquq normalarına əsaslanmaqla qəbul edilməlidir.

Müraciətdə qaldırılan məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsi də diqqətəlayiqdir. Belə ki, Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya (bundan sonra – Konvensiya) cinayət işi üzrə hüquqi prezumpsiyaların və faktların prezumpsiyalarının istifadə edilməsini qadağan etmir, lakin dövlətlərdən təqsirləndirilən şəxs üçün işin nəticəsinin vacibliyinin nəzərə alınmasını və onun müdafiə hüququnun təmin edilməsi məqsədi ilə belə istifadənin ağlabatan hədlərlə məhdudlaşdırılmasını tələb edir (Salabiaku Fransaya qarşı iş üzrə 1988-ci il 7 oktyabr tarixli Qərar, § 28; Radio France və digərləri Fransaya qarşı iş üzrə 2004-cü il 30 mart tarixli Qərar, § 24).

Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyasına və şahidlərin dindirilməsinə təminat verən Konvensiyanın 6-cı maddəsinin 2-ci və 3(d)-cü bəndləri, həmin maddənin 1-ci bəndi ilə təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissələrini təşkil etməklə, ümumilikdə, məhkəmə araşdırmasının ədalətliliyinin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır (Böyük Palatanın Gäfgen Almaniyaya qarşı iş üzrə 2010-cu il 1 iyun tarixli Qərar; Al Khawaja və Tahery Birləşmiş Krallığa qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərar).

Avropa Məhkəməsi həm də hesab etmişdir ki, bir neçə şəxsin iştirakı ilə törədilən mürəkkəb cinayət işinin eyni icraatda aparılması mümkün olmadıqda, təqsirləndirilən şəxslərin təqsiri məsələsini həll etmək məqsədi ilə məhkəmə, cinayətin törədilməsində iştirak edən və sonradan ayrıca mühakimə ediləcək üçüncü şəxslərin adlarının çəkilməməsini tələb edə bilər. Cinayət işlərinə baxan məhkəmələr, təqsirləndirilən şəxslərin hüquqi məsuliyyəti ilə əlaqədar məsələni daha dolğun və dəqiq həll etmək üçün vacib olan işin hallarını müəyyən etməyə borcludurlar və müəyyən olunmuş hallar barəsində, sadəcə, mülahizə və ya şübhə kimi bəhs edə bilməzlər. Bu, həmçinin üçüncü şəxslərin iştirakçılığı ilə əlaqədar hallara da aiddir. Lakin bu halların qeyd olunması vacib olduqda, məhkəmə təqsirləndirilən şəxsin hüquqi məsuliyyətinin həll olunması üçün labüd olmayan dəlilləri təqdim etməkdən çəkinməlidir. Bu baxımdan məhkəmə qərarlarının tərtibatında digər iş üzrə məhkəmə araşdırmasının ədalətliliyini şübhə altına qoymamaq üçün üçüncü şəxslərin təqsiri ilə əlaqədar ilkin mülahizələrdən çəkinmək lazımdır (Karaman Almaniyaya qarşı iş üzrə 2014-cü il 27 fevral tarixli Qərar, § 64 65).

Eyni zamanda, Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülmüş ittihamın xarakteri məhkəməyə üçüncü şəxslərin iştirakçılığına dair gəldiyi qənaətə toxunmamağa imkan vermirsə və bu qənaət ayrıca mühakimə ediləcək üçüncü şəxslərin hüquqi məsuliyyətinə dair qərara təsir edə bilərsə, belə hal işin ayrıca icraata ayrılması üçün ciddi maneə kimi qiymətləndirilməlidir. Ümumi hallar baxımından bir-biri ilə sıx əlaqəli olan işlərə ayrılıqda baxılmasına dair istənilən qərar bütün toqquşan maraqların hərtərəfli təhlilinə əsaslanmalı və digər təqsirləndirilən şəxslərə işin ayrıca icraata ayrılmasına etiraz etmək imkanı təqdim edilməlidir. Ayrıca icraatın aparılması ilə əlaqədar ikinci tələb isə onu nəzərdə tutur ki, digər təqsirləndirilən şəxslərin iştirakı olmadan müəyyən edilmiş hallar, həmin şəxslərə münasibətdə preyudisial əhəmiyyət kəsb etməməlidir. Bir iş üzrə istifadə olunmuş sübutların statusu sırf nisbi qalmalı, onların qüvvəsi mövcud konkret mühakimə icraatı ilə məhdudlaşmalıdır (2016-cı il 23 fevral tarixli Qərar, 46632/13 və 28671/14, §104-105).

Müraciətdə qaldırılan digər məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır. Müraciətin məzmunundan göründüyü kimi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan inzibati iş üzrə iddiaçı qismində Y.Hidayətov çıxış etdiyi halda, sonradan Bərdə Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində başqa şəxs - Z.Hidayətov cəlb olunmuşdur. Bu, preyudisiyanın mövcud olmamasına dəlalət etməklə, yuxarıda göstərilən hüquqi mövqeyə müvafiq olaraq Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsinin tətbiqini istisna edir.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır;

- Konstitusiyanın 60-cı maddəsinin I hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin VIII hissəsinin tələbləri baxımından Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun;

- Cinayət-Prosessual Məcəlləsinin 50 və 211-ci maddələrinin tələblərindən irəli gələrək cinayət təqibi üzrə icraatı ayırmaq qərarı verən müstəntiq, prokuror və ya hakim bu cür ayrılmanın mümkün olduğu şərtləri müəyyənləşdirməli, bu qərarın müvafiq hüquqi və faktiki əsaslarını göstərməli, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduğu hallarda belə ayırmadan çəkinməlidirlər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır.

2. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin VIII hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun.

3. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 50 və 211-ci maddələrinin tələblərindən irəli gələrək cinayət təqibi üzrə icraatı ayırmaq qərarı verən müstəntiq, prokuror və ya hakim bu cür ayrılmanın mümkün olduğu şərtləri müəyyənləşdirməli, bu qərarın müvafiq hüquqi və faktiki əsaslarını göstərməli, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduğu hallarda isə belə ayırmadan çəkinməlidirlər.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədr                Fərhad Abdullayev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin