Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

24 iyul 2020-ci il          Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin sədri İ.Nağıyevin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri S.Mirzəyevin, mütəxəssis Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri S.Hacıyevin yazılı mülahizələrini, iş materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN    ETDİ:

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 403.2-ci maddəsinin şərh olunmasını xahiş etmişdir.

Müraciətdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı C.Ağayevin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və M.Sarıyevə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpağa mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə C.Ağayevin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia təmin edilərək cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən C.Babayeva işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində şikayət vermişdir. İddiaçı C.Ağayev Mülki Prosessual Məcəllənin 403.2-ci maddəsinə istinad edərək C.Babayevanın kassasiya şikayəti vermək hüququnun olmadığını bildirmişdir. C.Babayevanın vəkili isə iddiaçının bu dəlilinə cavab olaraq göstərmişdir ki, həmin norma Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya (bundan sonra – Konvensiya) zidd olmaqla onların birbaşa kassasiya şikayəti vermək hüquqlarını məhdudlaşdırır və məhkəmə tərəfindən Konstitusiyanın müvafiq normaları və Konvensiyanın 6-cı maddəsi tətbiq edilməklə kassasiya şikayəti mümkün hesab edilməlidir.

Kassasiya şikayətinin mümkünlüyü məsələsini araşdıran məhkəmə tərəflərin dəlillərini müzakirə edərək iş üzrə tətbiq edilməli olan Mülki Prosessual Məcəllənin 403.2-ci maddəsinin şərh edilməsinə zərurət olduğu qənaətinə gəlmişdir.

Müraciətdə göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 403-cü maddəsində apellyasiya instansiyası məhkəmələrinin qətnamə və qərardadlarından kassasiya şikayəti vermək hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir. Həmin Məcəllənin 403.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından, tələblərinin təmin olunmadığı hallarda tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər şikayət vermək hüququna malikdir.

Eyni zamanda, Məcəllənin 403.2-ci maddəsində işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin məhkəmə aktlarını kassasiya qaydasında mübahisələndirməsinin fərqli proseduru müəyyən edilmişdir. Bu maddəyə görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin (bundan sonra – Ali Məhkəmə) sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər.

Məcəllənin apellyasiya şikayəti vermək hüququ olan şəxslərin dairəsini müəyyən edən 357-ci maddəsi isə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti vermək hüquqlarını təsbit etmişdir.

Müraciətedən hesab edir ki, birinci instansiya məhkəməsinin aktlarından şikayət verilməsi qaydasından fərqli olaraq, Mülki Prosessual Məcəllənin 403.2-ci maddəsi ilə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin apellyasiya məhkəmələrinin aktlarından birbaşa kassasiya şikayəti vermək hüququ məhdudlaşdırılmış və onların hüquqları pozulmuş olduğu halda belə kassasiya icraatının yalnız Ali Məhkəmənin sədrinin təqdimatı ilə mümkün olduğu müəyyən edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin qənaətinə görə, həmin qayda şəxsən məhkəməyə müraciət etmək və hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi ilə bağlı Konstitusiyada təsbit olunmuş fundamental hüquqların əsassız pozulmasına gətirib çıxara bilər.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar, ilk növbədə, hər bir şəxsin ayrılmaz hüququ olan məhkəmə müdafiəsi hüququ, bu hüququn həyata keçirilməsində qanunverici tərəfindən müəyyən ağlabatan prosessual məhdudiyyətlərin qoyulmasının mümkünlüyü və bu zaman ədalətli balansın qorunmasının zəruriliyi ilə bağlı Konstitusiya və beynəlxalq hüquqi aktlarda, eləcə də həmin hüququn reallaşdırılmasının əsas qaydalarını müəyyən edən Mülki Prosessual Məcəllədə təsbit olunmuş bir sıra müddəaların və Plenumun qərarlarında əks olunmuş hüquqi mövqelərin nəzərdən keçirilməsini zəruri hesab edir.

Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Əsas Qanun insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə yanaşı, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatları da müəyyənləşdirmişdir.

Məhz bundan irəli gələrək, Konstitusiyada hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat hüququ təsbit edilmişdir.

Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir.

Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli və “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli qərarlar).

Qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir.

Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqədar 2012-ci il 27 avqust tarixli Qərarı).

Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur.

Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Golder Birləşmiş Krallığa qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar).

Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin I hissəsinin və 71-ci maddəsinin II hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərlə bağlı bir daha qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.

Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin fərqli qaydalarını müəyyən etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyini vurğulamışdır.

İşdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar).

İşdə iştirak etməyə cəlb olunmayan şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onun iştirakı olmadan məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Bu baxımdan, işə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət etməlidir.

Hər bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə hüquq və vəzifələrinə, maraqlarına toxunan şəxslərin apellyasiya və kassasiya şikayəti vermələri üçün qanunverici tərəfindən fərqli prosedur qaydalarının müəyyən edilməsinin anlaşılan olmamasına dair müraciətedənin dəlilinə aydınlıq gətirilməsi məqsədi ilə apellyasiya və kassasiya icraatının mahiyyəti, məqsədi və xüsusiyyətlərinə, bu məhkəmə instansiyalarında işə baxmanın hədlərinə nəzər yetirilməsi mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllənin 357-ci maddəsində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti vermək hüququ olan subyektlərin dairəsi göstərilmişdir. Məcəllənin 357.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti vermək hüququna işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.

Apellyasiya şikayəti verilməsi və onun mümkün hesab edilməsi üçün prosessual əsaslar olmalıdır. Belə ki, apellyasiya şikayətinin mümkünlüyünü araşdıran məhkəmə həmin şəxsin müvafiq prosessual hüquqa malik olub-olmamasını, qanunvericiliyin tələblərinə əməl edib-etməməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 366.1 və 366.2-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya icraatına dair məsələ Konstitusiya Məhkəməsi Plenumunun dəfələrlə müzakirə predmeti olmuş, 20 may 2011-ci il tarixində isə apellyasiya baxışının hədləri ilə bağlı “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərar qəbul edilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir. Qanunvericiliyin tələblərinə görə apellyasiya məhkəməsi tamhüquqlu məhkəmə kimi, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxır. Apellyasiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual normalara riayət etməsini yoxlamaqla, Mülki Prosessual Məcəllənin 384-cü maddəsində göstərilən qərarlardan birini qəbul edir.

Eyni zamanda, qanunverici, Mülki Prosessual Məcəllənin 403-cü maddəsində apellyasiya məhkəməsinin qətnaməsi və ya qərardadı ilə razı olmayan şəxslərin kassasiya şikayəti (təqdimat və ya protest) vermək hüququnu müəyyən etmişdir. Bu şikayətin müəyyən olunmuş qaydada və müddətlərdə verilməsi kassasiya instansiyası məhkəməsinə həmin qərarların yoxlanılması üçün kassasiya icraatının başlanılmasına əsas verir.

Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsindən fərqli olaraq, Məcəllənin 403.2-ci maddəsi apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamələrindən və qərardadlarından maraqlı şəxslərin şikayət verməsinin xüsusi prosedurunu tənzimləyir.

Məcəllənin 403.2-ci maddəsində müəyyən edilmiş bu prosedur kassasiya icraatının xüsusi mahiyyətindən və onun həll edə biləcəyi məsələlərin dairəsindən irəli gəlir. Belə ki, kassasiya icraatının bilavasitə vəzifəsi şikayət və ya protest verilmiş apellyasiya məhkəməsinin qətnamə və ya qərardadının qanuniliyinin yoxlanılmasıdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Mülki Prosessual Məcəllənin 416-cı maddəsi).

Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir” (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

Bu baxımdan qanunverici kassasiya instansiyası məhkəməsinin statusundan və ona verilmiş səlahiyyətlərin xarakterindən çıxış edərək kassasiya şikayətlərinin tərtib olunması və verilməsinə münasibətdə daha sərt qaydalar müəyyən etmiş və bu məhkəmənin baxdığı işlərin dairəsini, işə baxılması hədlərini və yeni şəxslərin işə cəlb edilməsi imkanını məhdudlaşdırmışdır.

Lakin göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin maraqlarına toxunan şəxslərin şikayəti ilə kassasiya icraatı başlanmasının fərqli şərtlərini müəyyən etməsi barədə mövqeyi başa düşülən olsa da, bu kateqoriyadan olan şəxslərin hüquqlarının həyata keçirilməsi üçün mümkünlük (qəbuledilənlik) şərtlərinin və qaydaların müəyyən olunması hüquqi müəyyənlik prinsipinin, eləcə də qanunların aydın və birmənalı olması şərtinin səmərəliliyinə xidmət etmiş olar.

Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında dəfələrlə istinad etdiyi hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir və hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ-hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

Ali Məhkəmə tərəfindən Konstitusiya Məhkəməsinin Plenumuna təqdim edilmiş yazılı mülahizədə qeyd olunmuşdur ki, formalaşdırılmış təcrübəyə görə, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müvafiq müraciətləri daxil olduqda Ali Məhkəmənin sədri işi öyrənilməsi üçün hakimlərdən birinə təqdim edir. Hakim tərəfindən iş öyrənilərək müvafiq kollegiyada bütün hakimlərin iştirakı ilə müzakirə edildikdən sonra həmin müraciətin təmin olunmaması barədə qərardad və ya işə kassasiya qaydasında baxılması barədə təqdimat qəbul edilir.

Nəzərə alınmalıdır ki, təcrübədə qeyd edilən müraciətlərə baxılması üçün müəyyən qayda formalaşdırılmış olsa da, qanunvericilikdə onlara baxılma qaydası nəzərdə tutulmamışdır. Qanunverici Mülki Prosessual Məcəllədə bu kateqoriyadan olan şəxslərdən fərqli olaraq, işdə iştirak edən şəxslər tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi ilə bağlı qaydaları kifayət qədər aydın müəyyən edərək hüquqi müəyyənlik prinsipini təmin etmişdir. Mülki Prosessual Məcəllənin 411-ci maddəsinə uyğun olaraq, qanunun tələblərinə əməl edilməklə verilmiş kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi hakiminin qərardadı ilə icraata qəbul edilir. Göründüyü kimi, işdə iştirak edən şəxslər tərəfindən verilmiş şikayətin icraata qəbul edilib-edilməməsi məsələsi konkret səlahiyyətli şəxs tərəfindən həll edilsə də, həmin şəxsin (hakimin) iradəsindən asılı edilməmiş və qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun verilmiş şikayətin icraata qəbul edilməli olduğu müəyyən edilmişdir.

O da qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 418.4.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi əsaslarından biri də məhz məhkəmənin işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etməsidir.

Göstərilənlər onu deməyə əsas verir ki, qanunvericinin bu kateqoriyadan olan şəxslərin kassasiya instansiyası məhkəməsinə şikayət vermələri üçün fərqli qaydalar müəyyən etməsi həmin şəxslərin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır, bu qayda məhkəmənin spesifik xüsusiyyətlərindən, səlahiyyət dairəsinin məhdud olmasından irəli gəlir. Qəbul edilmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin hüquqlarının pozulması faktı isə məhkəməyə əlçatanlığın və yuxarıda sadalanan digər dəyərlərin təmin edilməsi baxımından təqdimat verilməsi üçün tutarlı əsas kimi çıxış etməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu N.Səlimovun şikayəti üzrə 2020-ci il 20 may tarixli Qərarında göstərmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün daha səmərəli vasitələrlə təmin olunmalı və həmin şəxslər qanunvericiliyin tələblərinə əməl etməklə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququna malik olmalıdırlar.

İnzibati məhkəmə icraatında oxşar məsələ üzrə hüquqi mövqeyini əks etdirən Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarında göstərmişdir ki, hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirilməlidir:

- qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına;

- inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə.

Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin qeyd etməyi zəruri hesab edir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər tərəfindən kassasiya instansiyası məhkəməsinə şikayət verilməsi, həmin şikayətin (müraciətin) icraata qəbul edilməsi və ona baxılması, yaxud imtina edilməsi qaydalarının qanunverici tərəfindən təkmilləşdirilməsi, həmin qaydaların birmənalı və əlçatan olmasına, nəticədə isə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə və bu şəxslərin Konstitusiyadan irəli gələn hüquqlarına xələl gətirilməsinin qarşısının alınmasına xidmət etmiş olar.

Beləliklə Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından çıxış edərək qeyd edir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin Konstitusiya ilə nəzərdə tutulmuş təminatlarına xələl gətirilməsinin qarşısını almaq məqsədilə həmin şəxslərin hüquqları pozulduğu təqdirdə Ali Məhkəmənin sədri Mülki Prosessual Məcəllənin 403.2-ci maddəsinə uyğun olaraq verilmiş müraciətə əsasən işə kassasiya qaydasında baxılması üçün təqdimat verməkdə haqlıdır.

Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin kassasiya şikayətləri üzrə təqdimatın verilməsindən imtina edilməsi həmin şəxsləri öz hüquq və azadlıqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanından məhrum etmir. Bu hüquq Konstitusiya ilə yanaşı, həmçinin Mülki Prosessual Məcəllənin məhkəmə aktlarının məcburiliyi adlanan 15.4-cü maddəsindən irəli gəlir. Həmin maddəyə görə, məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli qərarlar).

Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin hüquqları əhəmiyyətli dərəcədə pozulduğu halda onların hüquqlarının həmin məhkəmə prosesləri çərçivəsində bərpa edilməsi, preyudisiya institutunun əsas funksiyası olan eyni faktiki hallar arasında qarşılıqlı əlaqənin və məhkəmə qərarlarının stabilliyini təmin edər, bir-birini təkzib edən nəticələri olan məhkəmə aktlarının mövcudluğunun qarşısını alar.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

- Mülki Prosessual Məcəllənin 403.2-ci maddəsi xüsusi prosedur qaydalarını müəyyən edərək işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin statusunu və kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərini nəzərə alaraq göstərilən şəxslərin məhkəməyə müraciət etmək hüququnun təmin edilmə vasitəsi kimi çıxış edir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA   ALDI:

1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsi xüsusi prosedur qaydalarını müəyyən edərək işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin statusunu və kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərini nəzərə alaraq göstərilən şəxslərin məhkəməyə müraciət etmək hüququnun təmin edilmə vasitəsi kimi çıxış edir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr             Fərhad Abdullayev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin