SİYASƏT


Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Hanoyda konfrans keçirilib VİDEO

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Hanoy şəhərində ölkəmizin Vyetnamdakı səfirliyinin və bu ölkənin Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan və Vyetnam diplomatiyası: Paralellər, inkişaf, dövlət quruculuğunda rolu” mövzusunda konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Konfransda Vyetnam Kommunist Partiyası, Prezident Administrasiyası, Milli Assambleya (Parlament), hökumət, Xarici İşlər Nazirliyi, müxtəlif dövlət və özəl qurumlar, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası, Azərbaycanın Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi, ali təhsil ocaqları, beyin mərkəzləri, diplomatik korpus və kütləvi informasiya vasitələrinin yüksək rütbəli nümayəndələri, Vyetnam Diplomatik Akademiyasının rəhbərliyi və tələbə-müəllim heyəti, habelə Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunları iştirak ediblər.

Azərbaycanın xarici işlər nazirinin müavini Ramiz Həsənov və Vyetnamın xarici işlər nazirinin müavini, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Bui Thanh Son konfransda xüsusi qonaq qismində çıxış ediblər.

Konfransda çıxış edən Ramiz Həsənov bu il iyulun 9-da Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinin qeyd olunacağını bildirərək zəngin dövlətçilik ənənələri və diplomatiya tarixinə malik olan ölkəmizin Qafqaz bölgəsi və tarixi İpək Yolundakı strateji mövqeyinin uzun müddət üçün Azərbaycanın beynəlxalq münasibətlərdəki mühüm rolunu müəyyənləşdirdiyini bildirib.

Həmçinin Ramiz Həsənov Azərbaycan Xalq Cümhuriyyəti haqqında dolğun məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında müstəqil dövlət kimi tanınıb. Nazir müavini cəmi 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin fəal xarici siyasət həyata keçirdiyini söyləyib.

Ramiz Həsənov Azərbaycan xalqının milli azadlıq uğrunda apardığı gərgin mübarizə nəticəsində 1991-ci ildə ölkəmizin müstəqilliyinin bərpa edildiyini bildirərək xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtması ilə ölkəmizin zəngin dövlətçilik ənənələri və geosiyasi vəziyyətə əsaslanan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyasının formalaşdırıldığını və Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə zamanın müasir çağırışlarına, tələblərinə uyğun və milli mənafeyə əsaslanan siyasətin bu gün də uğurla davam etdirildiyini bildirib.

Nazir müavini Azərbaycanın son illər ərzində dövlət quruculuğu istiqamətində apardığı islahatlar, enerji və nəqliyyat sahələrində reallaşdırdığı irimiqyaslı layihələr, sosial-iqtisadi və humanitar sahələrdə əldə etdiyi nailiyyətlər, habelə beynəlxalq arenadakı uğurları haqqında məlumat verib.

Ramiz Həsənov Azərbaycanın xarici siyasətindəki əsas prioritetlərdən birinin digər ölkələr, o cümlədən Cənub-Şərqi Asiya bölgəsindəki əsas tərəfdaşlardan biri olan Vyetnam ilə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasından ibarət olduğunu bildirərək, bu əlaqələrin təməlinin Heydər Əliyev və Vyetnamın Prezidenti Ho Chi Minh tərəfindən qoyulduğunu xüsusi vurğulayıb.

Tədbir əsnasında Ramiz Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında toplantı iştirakçılarına müfəssəl məlumat verərək münaqişənin yalnız Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həll olunmasının mümkünlüyünü qeyd edib.

Vyetnam xarici işlər nazirinin müavini, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Bui Thanh Son iki ölkə arasındakı diplomatik münasibətlər kontekstində bu toplantının əlamətdar hadisə olduğunu bildirib.

Bui Thanh Son Vyetnamın zəngin tarixi köklərə əsaslanan Azərbaycan ilə münasibətlərinə böyük dəyər verdiyini qeyd edib. O, Vyetnam ilə Azərbaycan arasındakı dostluğun bünövrəsinin Ho Chi Minh və Heydər Əliyev tərəfindən qoyulduğunu bildirərək Azərbaycan təhsil ocaqlarının minlərlə vyetnamlı məzununun ölkəsinin bugünkü uğurlarının əldə olunması işinə böyük töhfə verdiyini xüsusi vurğulayıb. Həmçinin o, yüzlərlə Azərbaycan mütəxəssisinin müharibədən sonrakı Vyetnamın bərpası və hazırkı inkişafında müxtəlif səviyyə və sahələrdə fəal iştirak etdiyini böyük razılıq hissi ilə bildirərək, buna görə Azərbaycan hökuməti və xalqına dərin təşəkkürünü izhar edib, bu yardımın vyetnamlıların yaddaşından heç bir zaman silinməyəcəyini deyib.

Eyni zamanda, nazir müavini uzun müddət keçdiyinə baxmayaraq, iki ölkə arasındakı münasibətlərdə hökm sürən dostluq ab-havasının gündən-günə möhkəmləndiyini söyləyərək bunun Vyetnam ilə Azərbaycan arasındakı hərtərəfli əməkdaşlığın təməlini təşkil etdiyini bildirib. Bui Thanh Son deyib ki, hər iki ölkənin yüksək rəhbərliyinin qətiyyəti və müxtəlif qurumların çoxsaylı səyləri ilə yanaşı, Vyetnam ilə Azərbaycan arasında diplomatik sahədə səmərəli əməkdaşlığın aparılması ilə sözügedən məqsədə çatmaq mümkün olub.

Tədbirdə, həmçinin Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov, Vyetnamın Dostluq Assosiasiyaları İttifaqının sədri xanım Nguyen Phuong Nga, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Asiya İdarəsinin rəisi Eldar Səlimov, Vyetnam Kommunist Partiyası Xarici Əlaqələr Komissiyasının Rusiya, Şərqi Avropa və Orta Asiya İdarəsinin Baş direktoru Nguyen Thanh Tuan, Vyetnam Diplomatik Akademiyasının prorektoru xanım Pham Lan Dung, Vyetnam Sosial Elmlər Akademiyası Avropa Araşdırmalar İnstitutunun Rusiya və Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə İdarəsinin direktoru xanım Vu Thuy Trang, Azərbaycanın Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzinin direktoru Dao Xuan Tien, habelə Vyetnam Diplomatik Akademiyasının professorları Vu Duong Huan və Ngo Duy Ngo məruzəçi qismində iştirak ediblər.

Məruzəçilər hər iki ölkənin diplomatiyasının keçmişi, bu günü və gələcəyi, diplomatiyanın dövlətçiliyimizin qorunmasındakı rolu, habelə Azərbaycan ilə Vyetnam arasında siyasi, iqtisadi və humanitar sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivlərinə toxunublar.

Konfrans çərçivəsində tədbir iştirakçılarına Hüseynbala Mirələmov və Viktor Andriyanovun həmmüəllifi olduğu “Görkəmli adamların həyatı” silsiləsindən “Heydər Əliyev” və Azərbaycan Respublikası Milli Məclisinın deputatı, yazıçı-publisist Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” adlı kitablar, habelə səfirlik tərəfindən Vyetnam dilində dərc olunmuş digər nəşrlər və “İRS” jurnalının müxtəlif buraxılışları təqdim olunub.

Konfrans rəsmi ziyafət və konsert proqramı ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.