SİYASƏT


Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında yaxşı siyasi əlaqələr var

Bakı, 17 mart, AZƏRTAC

Martın 17-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə V Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Fələstin Dövlətinin Baş nazirinin müavini Ziyad Abu Amr ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında yaxşı siyasi əlaqələrin olduğunu deyən Baş nazir Artur Rasi-zadə, eyni zamanda, digər istiqamətlərdə də əlaqələrin inkişafı üçün imkanların olduğuna diqqəti yönəltdi. O, xüsusən iqtisadi, humanitar sahələrdə səmərəli əməkdaşlıq üçün müvafiq hüquqi bazanın yaradılmasının zəruriliyini vurğuladı.

Dünyada gedən mühüm iqtisadi-siyasi-hərbi proseslər və regional məsələlər ətrafında fikir mübadiləsi aparılarkən, diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən Baş nazir Artur Rasi-zadə, problemin yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyünü bir daha xatırlatdı.

V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən Fələstin Dövlətinin Baş nazirinin müavini Ziyad Abu Amr qısa dövr ərzində Azərbaycan Respublikasının həqiqətən çox böyük inkişaf yolu keçdiyinin bilavasitə şahidi olduğunu dedi. Daha sonra o, Fələstin Dövlətinin hər zaman beynəlxalq hüquq normaları çərçivəsində ölkəmizin haqq işini dəstəklədiyini və işğal altındakı torpaqların tezliklə sülh yolu ilə azad olunacağına əminliyini bildirdi. Sonda qonaq Bakıda keçirilən Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür etdi.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.