ELM VƏ TƏHSİL


“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya” layihəsi müzakirə olunub

Bakı, 27 iyul, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya” layihəsi üzrə təqdim edilmiş təklif və rəylərin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə keçirilən tədbirdə bu qurumun, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndələri iştirak ediblər.

Ölkəmizin hərtərəfli inkişafı dövlət qulluğunda daha genişmiqyaslı və ardıcıl islahatlar yolu ilə dövlət orqanlarının fəaliyyətinin effektivliyinin artırılmasını nəzərdə tutan konseptual sənədin – dövlət qulluğunun inkişafına dair strategiyanın hazırlanmasını zəruri edib.

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya” dövlət idarəetməsinin ən mühüm institutlarından biri olan dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə əsas hədəfləri müəyyənləşdirən və hədəflərə çatmaq üçün çoxşaxəli, ardıcıl, mərhələli, orta və uzun müddətli tədbirləri müəyyən edən sənəddir.

Tədbirdə M.Abbaszadə strategiyanın məqsədlərini qeyd edərək dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərlərə, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətlərə malik dövlət qulluqçuları korpusunun formalaşdırılmasının əhəmiyyətindən danışıb və strategiya layihəsinin müzakirəsi zamanı qaldırılan məsələlərə və verilən təkliflərə münasibətini bildirib.

Tədbirdə iştirak edən müvafiq qurumların nümayəndələrinin təklifləri müzakirə olunub. Verilən təkliflər yaradılmış işçi qrup tərəfindən öyrəniləcək və həmin təkliflər nəzərə alınmaqla təkmilləşdirilmiş layihə aidiyyəti üzrə təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.