CƏMİYYƏT


“Azərbaycan Respublikasında gender bərabərliyi və milli qanunvericilik” mövzusunda təlim keçirilib

Bakı, 18 oktyabr, AZƏRTAC 

Oktyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və YUNESKO-nun birgə həyata keçirdiyi “Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının və peşəkar hazırlığının gücləndirilməsi” adlı layihə çərçivəsində “Azərbaycan Respublikasında gender bərabərliyi və milli qanunvericilik” mövzusunda təlim keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə təlim iştirakçıları “gender bərabərliyi” anlayışı və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və İnsan hüquqları haqqında ümumi Bəyannaməsində, eləcə də Azərbaycan Respublikası Konstitusiyasında əks olunmuş gender bərabərliyi prinsipi barədə məlumatlandırılıb.

Sonra təlim iştirakçılarına 2006-cı il oktyabrın 10-da qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu və onun məqsədləri barədə məlumatlar verilib.

Təlimin keçirilməsində məqsəd qadın hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq və milli mexanizmlərin öyrədilməsi və əhali arasında gender bərabərliyi üzrə maarifləndirmə işinin aparılması olub. İştirakçılar müzakirələrdə fəallıq nümayiş etdiriblər və bu sahə üzrə maarifləndirmə işinin mütəmadi olaraq aparılması təklifini irəli sürüblər.

Təlimdə “Gender bərabərliyi və milli qanunvericilik“ adlı buklet iştirakçılara paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.