RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı

Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 22 iyul tarixli
Sərəncamı ilə təsdiq edilmişdir

1. Giriş

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı” (bundan sonra ─ Milli Fəaliyyət Planı) Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarını rəhbər tutmaqla, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014─2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin davamı olaraq tərtib edilmiş, insan alverinin insan hüquq və azadlıqlarına ciddi təhlükə yaratdığını, insan hüquqlarını pozduğunu, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olduğunu nəzərə alaraq, insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemin təmin edilməsi üçün hazırlanmışdır.

2. Milli Fəaliyyət Planının məqsədi və həyata keçirilməsinin əsas prinsipləri

2.1. Milli Fəaliyyət Planının məqsədi aşağıdakı istiqamətlərdə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsidir:

2.1.1. şəxsiyyətin və cəmiyyətin insan alverinin bütün formalarından qorunması, xüsusən qadınların, uşaqların və insan alverinə məruz qala bilən digər həssas əhali qruplarının istismarının qarşısının alınması;

2.1.2. insan alverinin səbəblərinin, insan alverinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması;

2.1.3. şəxslərin insan alveri qurbanına çevrilməsi riskinin azaldılması, insan alverinə məruz qala bilən həssas əhali qruplarının müəyyən edilməsi və sosial müdafiəsinin təmin olunması;

2.1.4. insan alverinin bütün formalarının aşkar edilməsi və qarşısının alınması, habelə nəticələrinin aradan qaldırılması;

2.1.5. insan alveri qurbanlarının müdafiəsi, hüquqlarının bərpası və sosial reabilitasiyasının təmin edilməsi;

2.1.6. insan alveri qurbanlarının və potensial qurbanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün lazımi şərait yaradılması;

2.1.7. insan alveri məqsədilə xarici ölkələrə aparılmış Azərbaycan Respublikası vətəndaşlarının aşkarlanması istiqamətində tədbirlərin həyata keçirilməsi.

2.2. Milli Fəaliyyət Planı qeyd edilən məqsədlərə nail olunması üçün əsas vəzifələri (tədbirləri), onların icra edilməsində müxtəlif qurumların (icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq tərəfdaşlar və digər qurumlar) iştirakını, bu qurumların fəaliyyətinin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator (bundan sonra ─ Milli Koordinator) tərəfindən əlaqələndirilməsini və insan alverinə qarşı mübarizə sahəsində digər tədbirləri nəzərdə tutur.

2.3. İnsan alverinə qarşı mübarizə aparan bütün qurumlar Milli Fəaliyyət Planı üzrə müəyyən olunmuş tədbirləri aşağıdakı prinsipləri rəhbər tutmaqla həyata keçirirlər:

2.3.1. insan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması;

2.3.2. insan alveri qurbanlarının təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi;

2.3.3. insan alverinə görə cəzanın labüdlüyü;

2.3.4. hüquqi, siyasi, sosial-iqtisadi və təşkilati xarakterli profilaktik tədbirlər görülməsi;

2.3.5. insan alverinə qarşı mübarizəyə qeyri-hökumət təşkilatlarının, elm və təhsil müəssisələrinin cəlb edilməsi;

2.3.6. insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi.

3. Milli Fəaliyyət Planının maliyyələşdirilməsi

Milli Fəaliyyət Planında göstərilən tədbirlərin icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün nəzərdə tutulmuş vəsaitlər, büdcədənkənar vəsaitlər, qrantlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin