RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda son iyirmi ildə aparılan genişmiqyaslı sosial-iqtisadi quruculuq prosesi, fiziki infrastrukturun müasirləşdirilməsi, insan kapitalının inkişafı hazırda əldə edilmiş sosial rifah göstəricilərinin başlıca hərəkətverici qüvvələri olmuşdur. Bu dövrdə ölkəmiz zəruri infrastruktur və institusional inkişaf göstəriciləri üzrə beynəlxalq reytinqlərdə xeyli irəliləmiş, milli iqtisadiyyatın rəqabət qabiliyyəti xeyli yüksəlmişdir. Ümumi Daxili Məhsulun həcmi 3 dəfədən çox artmış, vətəndaşların həyat səviyyəsi nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdır. 

Lakin son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi, əmtəə bazarlarında qiymət volatilliyinin xeyli yüksəlməsi, qlobal maliyyə sabitliyinin kövrəkliyinin artması, xüsusilə ilin əvvəllərindən başlanan koronavirus pandemiyası və onunla əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji siyasət çağırışları yaratmışdır. Əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin əlverişsiz qlobal mühitdə dayanıqlı saxlanılması və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyəti gücləndirilməli, iqtisadiyyatın neft gəlirlərindən asılılığı minimuma endirilməli, ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunmalıdır.

Növbəti onillikdə ölkəmizdə sosial-iqtisadi rifahın yüksəldilməsi üçün iqtisadiyyatın ikiqat artımının təmin edilməsi qarşıda duran başlıca strateji çağırışlardan biridir. Xüsusilə postpandemiya dövründə iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün onun yeni mexanizmlərinin formalaşdırılması və inkişaf etdirilməsi, bu məqsədlə daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılmasına, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbinə, qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi, qlobal dəyər zəncirinə fəal qoşulma, investisiya mühitinin radikal yaxşılaşdırılması, müasir səhiyyə və təhsil siyasəti vasitəsilə insan kapitalının keyfiyyətinin daha da yüksəldilməsi, biznesin tələblərinə uyğunlaşdırılması, mülkiyyət hüquqlarının daha effektiv qorunması və “biznesə dost” digər strateji vəzifələrin icrası təmin olunmalıdır.

Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək, bunun üçün iqtisadi siyasət və iqtisadi islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması tələb olunur.

İqtisadi siyasətin yeni idarəetmə çərçivəsi postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini və milli iqtisadiyyatın müasirləşdirilməsini hədəfləyən strategiyanın formalaşdırılmasını, xüsusilə onun vacib hissəsi olan iqtisadi islahatlar proqramının hazırlanmasını və uğurla həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, postpandemiya dövründə ölkənin milli inkişaf prioritetlərini özündə əks etdirən sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılmasını, onun reallaşdırılmasını təmin edə biləcək iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması, habelə səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olunması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının İqtisadi Şurası (bundan sonra – Şura) yaradılsın.

2. Şuranın aşağıdakı tərkibi təsdiq edilsin:

Şuranın sədri

Azərbaycan Respublikasının Baş Naziri

Şuranın üzvləri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Azərbaycan Respublikasının Maliyyə naziri

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru.

3. Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin.

4. Müəyyən edilsin ki, bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə Şura yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə, aidiyyəti dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.

5. Şuraya tapşırılsın ki:

5.1. ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə qlobal və milli iqtisadiyyatda, o cümlədən fiskal və monetar sektorlarda, həmçinin maliyyə-bank sektorunda baş verən proseslər öyrənilməklə cari və ortamüddətli dövr üçün iqtisadi siyasətin formalaşmasına, habelə ölkə iqtisadiyyatında yarana biləcək daxili və xarici təsirlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə həyata keçiriləcək islahatların və iqtisadi siyasətin istiqamətinin müəyyən edilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. fəaliyyəti barədə altı ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1266; 2018, № 5, maddə 959, № 12 (I kitab), maddə 2593) ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 sentyabr 2020-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
25.11.2020 [20:11]
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 185-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyun tarixli 540 nömrəli, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 aprel tarixli 48 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 19 iyun tarixli 1471 nömrəli, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyun tarixli 140 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 iyul tarixli 164 nömrəli və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 27 may tarixli 711 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı