Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün
MİLLİ FƏALİYYƏT PLANI

Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 27 noyabr tarixli
Sərəncamı ilə təsdiq edilmişdir
 
MİLLİ FƏALİYYƏT PLANI
1. Giriş
 
İnsan hüquqlarının tərkib hissəsi olan qadın və uşaq hüquqları, gender bərabərliyi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və yeni normativ hüquqi aktların qəbul edilməsi bu sahələrdə müsbət nəticələrin əldə edilməsinə səbəb olmuşdur. Ölkəmizin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” və “Uşaq hüquqları haqqında” BMT konvensiyalarına qoşulması, qadın və uşaq hüquqları sahəsində dövlət siyasətinin formalaşması, normativ hüquqi bazanın təkmilləşdirilməsi, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası qanunlarının qəbul edilməsi və institusional islahatlar bu istiqamətdə atılan mühüm addımlardır. Qadınların cəmiyyətin bütün sahələrində fəallığının artırılması, uşaq problemlərinin həllinin önə çəkilməsi istiqamətində görülən işlər, siyasi, iqtisadi və sosial sahələrdə gender bərabərliyi amilinə daha çox əhəmiyyət verilməsi insan hüquqlarının qorunmasına öz bəhrəsini verməkdədir. 

Lakin təcrübə göstərir ki, fundamental insan hüquqlarının məhdudlaşdırılması və pozulması halları, zorakılıq, o cümlədən cinsi mənsubiyyətə görə zorakılıq halları cəmiyyətin aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, habelə son illərdə Azərbaycan Respublikasının həyata keçirdiyi təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, ölkəmizdə də problem olaraq qalmaqdadır.

İnkişaf etmiş bir çox ölkələrdə (ABŞ, Kanada, İsveç, Fransa və s.) məişət zorakılığının qarşısının alınmasına böyük məbləğdə büdcə vəsaiti ayrılır. Araşdırmalar göstərir ki, həmin vəsait sonradan zorakılıqdan əziyyət çəkənlərə xərclənən vəsaitə qənaət edilməsinə imkan yaradır. Bu ölkələrdə profilaktik tədbirlərin həyata keçirilməsi, qaynar xətlərin yaradılması, zorakılıq qurbanlarının reabilitasiyasını həyata keçirən və təhlükəsizliyini təmin edən yardım mərkəzlərinin, sığınacaqların təşkili məsələlərinə xüsusi diqqət yetirilir. Belə fəaliyyətlərin həyata keçirilməsində, həmçinin qeyri-hökumət təşkilatlarının da rolu əhəmiyyətlidir.

Məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi və bu məqsədlə beynəlxalq standartlara uyğun müvafiq infrastrukturun yaradılması, məişət zorakılığı ilə mübarizə sahəsində dövlət orqanlarının (qurumlarının) potensialının artırılması, qeyri-hökumət təşkilatlarının dəstəklənməsi, uzunmüddətli və kompleks yanaşma tələb olunur.

Bunlar nəzərə alınaraq, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” (bundan sonra – Milli Fəaliyyət Planı) hazırlanmışdır.

2. Milli Fəaliyyət Planının məqsədi, istiqamətləri və əsas prinsipləri

2.1. Milli Fəaliyyət Planının əsas məqsədi ölkədə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ailələrin möhkəmləndirilməsi naminə onların vaxtında və hərtərəfli yardımla təmin edilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılmasıdır.

2.2. Milli Fəaliyyət Planı aşağıdakı istiqamətlər üzrə həyata keçirilən tədbirlərin davamlılığını təmin edir:

2.2.1. məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi bazanın beynəlxalq təcrübəyə uyğunlaşdırılması;

2.2.2. məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində məlumatlandırma və maarifləndirmə tədbirlərinin təşviqi;

2.2.3. məişət zorakılığından zərər çəkmiş şəxslərin aşkarlanması və erkən identifikasiyası;

2.2.4. məişət zorakılığından zərər çəkmiş şəxslərin müasir standartlara uyğun yardım xidmətləri ilə təmin olunması;

2.2.5. məişət zorakılığından zərər çəkmiş şəxslərin səmərəli müdafiəsi sisteminin formalaşdırılması.

2.3. Milli Fəaliyyət Planı qeyd edilən məqsədlərə nail olunması üçün müəyyən edilmiş tədbirləri, onların icra olunmasında dövlət orqanlarının (qurumlarının), qeyri-hökumət təşkilatlarının, beynəlxalq tərəfdaşların və digər qurumların iştirakını və fəaliyyətinin əlaqələndirilməsini, həmçinin məişət zorakılığının qarşısının alınmasını və onunla mübarizə sahəsində digər tədbirləri nəzərdə tutur.

2.4. Milli Fəaliyyət Planının həyata keçirilməsi zamanı aşağıdakı prinsiplər əsas götürülür:

2.4.1. zorakılığın bütün formalarının yolverilməzliyi;

2.4.2. insan hüquqlarına və azadlıqlarına hörmətin təşviqi;

2.4.3. gender bərabərliyinin təmin olunması;

2.4.4. məişət zorakılığının qarşısının alınması;

2.4.5. məişət zorakılığından zərər çəkmiş şəxslərin, xüsusən qadın və uşaqların təhlükəsizliyinin və müdafiəsinin prioritetliyi;

2.4.6. bütün müdaxilə tədbirlərində zərər çəkmiş şəxslərin müstəqilliyinə hörmət edilməsi və onların öz həyatlarına dair qərar verə bilməsinin üstünlüyü;

2.4.7. məişət zorakılığının uşaqlara mənfi təsirinin nəzərə alınması və onun nəticələrinin minimuma endirilməsi;

2.4.8. məişət zorakılığı törətmiş şəxslərin məsuliyyəti.

3. Məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi

3.1. Məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi baza Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunundan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi normativ hüquqi aktlardan ibarətdir. 

3.2. Məişət zorakılığı sahəsində mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində müəyyən işlər görülməsi zəruridir.

4. Məişət zorakılığının qarşısının alınması və zorakılığa yol verilməməsinin təşviqi

4.1. Məişət zorakılığı probleminin və onun doğurduğu nəticələrin aradan qaldırılmasının uzunmüddətli həllinə nail olmaq üçün məişət zorakılığının qarşısının alınması və bu sahədə preventiv tədbirlər görülməsi əsas prioritet istiqamətlərdəndir. Zorakılığa yol verilməməsinin təşviqi əhalinin müxtəlif qrupları üçün nəzərdə tutulmuş məlumatlandırma və maarifləndirmə tədbirlərini əhatə edir. 

4.2. Məişət zorakılığının qarşısının alınması və zorakılığa yol verilməməsinin təşviqi aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:

4.2.1. insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan münasibətlərin təşviqi;

4.2.2. qadınlar və kişilər arasında bərabər münasibətlər qurulmasının təşviqi;

4.2.3. məişət zorakılığına sosial dözümlülüyün azaldılması və heçə endirilməsi, mövcud mənfi stereotiplərin dəyişdirilməsi üçün bu sahədə ictimai məlumatlılığın artırılması;

4.2.4. məişət zorakılığından zərər çəkmiş şəxslərin, eləcə də zorakılığın bu növünə məruz qalmağa həssas olan əhali qruplarının əlçatan yardım və müdafiə resurslarına dair məlumatlandırılması;

4.2.5. məişət zorakılığı da daxil olmaqla, qadına qarşı zorakılığa münasibətdə stereotiplərin dəyişməsində və bu problemə yeni yanaşmanın formalaşmasında medianın rolunun gücləndirilməsi.

5. Məişət zorakılığına məruz qalan şəxslərin aşkarlanması və erkən identifikasiyası

5.1. Məişət zorakılığına məruz qalan şəxslərin aşkarlanması və erkən identifikasiyası məişət zorakılığı ilə mübarizə sahəsində əsas strategiyalardan biridir. 

5.2. Məişət zorakılığına məruz qalan şəxslərin aşkarlanması və erkən identifikasiyası aşağıdakı tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşdırılır:

5.2.1. məişət zorakılığına məruz qalan şəxslərin onu etiraf edə bilməsi üçün etibarlı şərait yaradılması yolu ilə, zərər çəkmiş şəxslərin yaranmış vəziyyətlə bağlı susmasının qarşısının alınması və zorakılığın təkrarlanması riskinin azaldılması;

5.2.2. məişət zorakılığından zərər çəkmiş şəxslərə və onların uşaqlarına dəstək mərkəzləri yaradılmasının və psixoloji reabilitasiya kurslarının təşkilinin təmin edilməsi;

5.2.3. məişət zorakılığı törətmiş şəxslərlə psixoloji reabilitasiya işi apararaq, zorakılığın təkrarlanmamasına və onların öz zorakı əməllərinə görə məsuliyyət hiss etmələrinə nail olunması.

6. Məişət zorakılığından zərər çəkmiş şəxslərin yardım mərkəzləri və sığınacaqlarla təmin olunması

6.1. Məişət zorakılığından zərər çəkmiş şəxslərin və onların uşaqlarının zorakılıqdan sonra həyatlarını yenidən qurmalarına kömək etmək üçün psixoloji və tibbi yardım da daxil olmaqla, onlara göstərilən xidmətlərin böyük əhəmiyyəti vardır. Zorakılığa məruz qalmış və ya zorakılığa məruzqalma riski altında olan qadınların ehtiyaclarının xüsusi təlim keçmiş mütəxəssislərin köməyi ilə ən səmərəli şəkildə qarşılanması üçün həmin xidmətlər yaxşı təşkil olunmalı və maliyyələşdirilməlidir. 

6.2. Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin yaradılması aşağıdakı vəzifələrin icrasını nəzərdə tutur:

6.2.1. məişət zorakılığından zərər çəkmiş şəxslərin beynəlxalq standartlara cavab verən, onların ehtiyaclarını tam qarşılaya bilən müvəqqəti sığınacaqla təmin edilməsi;

6.2.2. yardım mərkəzlərinin ixtisaslı kadrlarla təmin olunması;

6.2.3. yardım mərkəzlərində mütəmadi olaraq monitorinqlərin aparılması və onların fəaliyyətinin yaxşılaşdırılması.

7. Məişət zorakılığından zərər çəkmiş şəxslərin səmərəli müdafiəsi sisteminin formalaşdırılması

7.1. Məişət zorakılığından zərər çəkmiş şəxslərə zəruri yardım göstərilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi, mühafizə orderlərinin verilməsi, məişət zorakılığı törətmiş şəxslərin qeydiyyata alınması və onlarla tərbiyəvi qabaqlayıcı işlərin aparılması zərər çəkmiş şəxslərin və onların ailə üzvlərinin təhlükəsizliyinin təmin olunmasını mümkün edir və zorakılığın təkrarlanmasının qarşısını almağa, məişət zorakılığı törətmiş şəxslərə öz zorakı əməllərinə görə məsuliyyət hiss etdirməyə imkan verir.

7.2. Məişət zorakılığından zərər çəkmiş şəxslərin səmərəli müdafiəsi sisteminin formalaşdırılması aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:

7.2.1. məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsində vəkillər, prokurorlar və polis orqanlarının əməkdaşları üçün təlimlərin keçirilməsi;

7.2.2. məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsində məhkəmə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması;

7.2.3. hüquq mühafizə orqanları, məhkəmə orqanları və məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yaradılmış yardım mərkəzləri arasında qarşılıqlı əlaqə qurulması;

7.2.4. məişət zorakılığından zərər çəkmiş şəxslərin bu sahədə məlumatlılığının artırılması, onların polis və məhkəmə orqanlarına etimadının artırılması məqsədilə əlverişli mühit yaradılması;

7.2.5. məişət zorakılığından zərər çəkmiş şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kurslarının təşkil olunması və onların digər aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi istiqamətində tədbirlər görülməsi.

8. Məişət zorakılığı sahəsində kadr hazırlığı

8.1. Məişət zorakılığı sahəsində kadr hazırlığı ixtisaslı kadrların hazırlanması ilə yanaşı, məişət zorakılığı sahəsində təlimlərin keçirilməsini də əhatə edir. 

8.2. Məişət zorakılığı sahəsində kadr hazırlığı aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:

8.2.1. məişət zorakılığı sahəsində ixtisaslı kadrların hazırlanması;

8.2.2. vəkillər, hakimlər, prokurorlar, polis orqanlarının əməkdaşları üçün məişət zorakılığı ilə mübarizə, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış sahəsində təlimlərin keçirilməsi;

8.2.3. sosial xidmət, səhiyyə və təhsil müəssisələrinin əməkdaşları üçün təlimlərin keçirilməsi;

8.2.4. məişət zorakılığı mövzusunda media işçiləri üçün təlimlərin keçirilməsi.

9. Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində əməkdaşlıq

Milli Fəaliyyət Planının həyata keçirilməsi zamanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq beynəlxalq təşkilatlarla, eləcə də qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

10. Milli Fəaliyyət Planının maliyyələşdirilməsi

Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş vəsait, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

11. Milli Fəaliyyət Planının monitorinqi və qiymətləndirilməsi

11.1. Milli Fəaliyyət Planının uğurla həyata keçirilməsi üçün əlaqələndirici dövlət orqanı işçi qruplar yaradacaqdır. İşçi qruplar prioritet istiqamətlər üzrə tədbirlərin vaxtında və səmərəli icrasına məsul olacaqlar.

11.2. Milli Fəaliyyət Planının monitorinqi və müntəzəm olaraq qiymətləndirilməsi əlaqələndirici dövlət orqanı tərəfindən həyata keçiriləcəkdir. Monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, müvafiq prioritetlə bağlı gözlənilən nəticələrə diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaqdır.

 

12. Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı

TƏDBİRLƏR PLANI 

Sıra

№-si

Tədbirin adı
İcraçılar
İcra müddəti
(illər üzrə)
 
1
2
3
4
 
12.1. Məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi
 
 12.1.1.
Məişət zorakılığının qarşısının alınması sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlanması və bu məqsədlə işçi qrup yaradılması
Nazirlər Kabineti,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Daxili İşlər Nazirliyi,
Təhsil Nazirliyi,
Səhiyyə Nazirliyi
Tövsiyə edilsin: Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
2020–2021
 
 12.1.2.
Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qurumlararası əlaqələndirmə     mexanizminin
yaradılması
Nazirlər Kabineti,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyi,
Daxili İşlər Nazirliyi,
Təhsil Nazirliyi,
Ədliyyə Nazirliyi,
Səhiyyə Nazirliyi
 
2020–2021
 
 12.1.3.
 Məişət zorakılığından zərər çəkmiş şəxslərin pulsuz hüquqi yardımla təmin edilməsi mexanizminin müəyyən edilməsi
Nazirlər Kabineti,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Maliyyə Nazirliyi
2020–2021
 
12.2. Məişət zorakılığının qarşısının alınması və zorakılığa yol verilməməsinin təşviqi
 
 12.2.1.
Hər il noyabrın 25-dən dekabrın
10-dək beynəlxalq “Gender əsaslı zorakılıqla
mübarizə” kampaniyasının  keçirilməsinin təşkili
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Təhsil Nazirliyi,
Səhiyyə Nazirliyi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,
aidiyyəti yerli icra hakimiyyəti orqanları
Tövsiyə edilsin: Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), aidiyyəti qeyri-hökumət təşkilatları
mütəmadi
 
 12.2.2.
Məişət zorakılığının yayılma  səviyyəsinin və  onu törədən səbəblərin monitorinqi məqsədilə sorğular keçirilməsi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Dövlət Statistika Komitəsi,
yerli icra hakimiyyəti orqanları
Tövsiyə edilsin: aidiyyəti qeyri-hökumət təşkilatları
mütəmadi
 
 12.2.3.
Məişət zorakılığı ilə mübarizə sahəsində informasiya bülletenlərinin hazırlanması, çapı və əhali arasında yayılması
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,
yerli icra hakimiyyəti orqanları
Tövsiyə edilsin: Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), aidiyyəti qeyri-hökumət təşkilatları
mütəmadi
 
 12.2.4.
Səhiyyə işçiləri, daxili işlər və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün məişət zorakılığı ilə mübarizə mövzusunda məlumatlandırma və maarifləndirmə tədbirlərinin keçirilməsi
Səhiyyə Nazirliyi,
Daxili İşlər Nazirliyi
yerli icra hakimiyyəti orqanları
Tövsiyə edilsin:  Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), aidiyyəti qeyri-hökumət təşkilatları
mütəmadi
 
 12.2.5.
Məişət zorakılığı ilə mübarizəyə dair normativ hüquqi aktların, eləcə         də mövcud hüquqi müdafiə vasitələrinin  ekspertlərin iştirakı ilə kütləvi informasiya vasitələrində işıqlandırılması
  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Tövsiyə edilsin:  Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman),
Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası
mütəmadi
 
 12.2.6.
Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə mövzusunda ali təhsil və peşə təhsili müəssisələrində mühazirə və seminarların təşkili
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Təhsil Nazirliyi,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Tövsiyə edilsin:  Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
mütəmadi
 
 12.2.7.
Ailə dəyərlərinin, reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzularının ümumi təhsil üzrə müvafiq dərsliklərə daxil edilməsi
Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi
Tövsiyə edilsin:  Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
2021–2023
 
12.3. Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində əməkdaşlıq
 
 12.3.1.
Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının işinin dəstəklənməsi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Daxili İşlər Nazirliyi,
Səhiyyə Nazirliyi
Tövsiyə edilsin: Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
mütəmadi
 
 12.3.2.
Məişət zorakılığı ilə mübarizəyə dair beynəlxalq və regional tədbirlərin beynəlxalq təşkilatların iştirakı ilə  keçirilməsi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi
Tövsiyə edilsin: Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
2020–2023
 
 
 12.3.3.
Məişət zorakılığı ilə mübarizə sahəsində      maarifləndirmə tədbirlərinin təşkili prosesinə könüllülərin cəlb edilməsi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Gənclər və İdman Nazirliyi
Tövsiyə edilsin:  aidiyyəti qeyri-hökumət təşkilatları,
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
mütəmadi
 
 12.3.4.
Məişət zorakılığı törətmiş şəxslər üçün psixoloji reabilitasiya proqramlarının hazırlanması
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi,
yerli icra hakimiyyəti orqanları
2020–2021
 
12.4. Məişət zorakılığından zərər çəkmiş şəxslərin yardım mərkəzləri və sığınacaqlarla təmin olunması
 
 12.4.1.
Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün mövcud yardım xidmətlərinin səmərəliliyinin hərtərəfli qiymətləndirilməsi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Tövsiyə edilsin:  aidiyyəti qeyri-hökumət təşkilatları
2020–2021
 
 12.4.2.
Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi yolu ilə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin təşkili
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
yerli icra hakimiyyəti orqanları
Tövsiyə edilsin: aidiyyəti qeyri-hökumət təşkilatları,
yerli özünüidarəetmə orqanları
2020–2023
 
 12.4.3.
Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yaradılmış yardım mərkəzlərinin  monitorinqinin aparılması, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər görülməsi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Tövsiyə edilsin:  aidiyyəti qeyri-hökumət təşkilatları
mütəmadi
 
 12.4.4.
Məişət zorakılığı ilə mübarizə sahəsində qadınlar, eləcə də əlilliyi olan şəxslər və ahıllar  üçün onların  ehtiyaclarını nəzərə alacaq xüsusi dəstək proqramlarının hazırlanması
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Tövsiyə edilsin: Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
2020–2022

 

 
12.5. Məişət zorakılığına məruz qalan şəxslərin aşkarlanması və erkən identifikasiyası

 

 12.5.1.
Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün 24 saat, 7 gün açıq olan ödənişsiz  qaynar xətt xidmətinin təşkili
Daxili İşlər Nazirliyi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,
yerli icra hakimiyyəti orqanları
Tövsiyə edilsin: aidiyyəti qeyri-hökumət təşkilatları
2021

 

 12.5.2.
Məişət zorakılığına dair  vahid məlumat bankının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə məişət zorakılığına ilk dəfə və təkrar məruzqalma hallarının qeydiyyatının polis orqanları tərəfindən aparılması və bu məlumatların vahid məlumat bankına operativ şəkildə ötürülməsinin təmin edilməsi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi,
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Tövsiyə edilsin: Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
2020–2023

 

 12.5.3.
Məişət zorakılığından zərər      çəkmiş şəxslərlə bağlı                     məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin gücləndirilməsi 
Daxili İşlər Nazirliyi,  Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, yerli icra hakimiyyəti orqanları
mütəmadi

 

12.6. Məişətzorakılığısahəsindəkadrhazırlığı

 

 12.6.1.
 Vəkillər, hakimlər, prokurorlar, polis orqanlarının əməkdaşları üçün məişət zorakılığı ilə mübarizə sahəsində, həmçinin  məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış  sahəsində təlimlərin keçirilməsi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi
Tövsiyə edilsin:  Azərbaycan Respublikasının Baş Prokurorluğu,
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası,
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
 
2020–2023
 12.6.2.
Məişət zorakılığı sahəsində  ixtisaslı kadrların hazırlanması
Təhsil Nazirliyi,
Daxili İşlər Nazirliyi
mütəmadi
 12.6.3.
Sosial xidmət, səhiyyə və təhsil müəssisələrinin əməkdaşları üçün təlimlərin keçirilməsi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Səhiyyə Nazirliyi,
Təhsil Nazirliyi
Tövsiyə edilsin:  aidiyyəti qeyri-hökumət təşkilatları,
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
mütəmadi
 
 12.6.4.
Məişət zorakılığı mövzusunda  media işçiləri üçün təlimlərin keçirilməsi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Tövsiyə edilsin: Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman),
Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası
mütəmadi
 
12.7. Məişət zorakılığından zərər çəkmiş şəxslərin səmərəli müdafiəsi sisteminin formalaşdırılması
 
 12.7.1.
Məişət zorakılığından zərər çəkmiş şəxslərin  məhkəməyə çıxış imkanlarının qiymətləndirilməsi və vəziyyətin təkmilləşdirilməsi üçün təkliflər hazırlanması
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Tövsiyə edilsin: Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
2020–2021
 
 12.7.2.
Məişət zorakılığından zərər çəkmiş şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə onlar üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kurslarının təşkili və onların digər aktiv məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində tədbirlər görülməsi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
mütəmadi
 
 12.7.3.
Məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsi sahəsində məhkəmə təcrübəsinin təhlili və tövsiyələrin hazırlanması  
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Tövsiyə edilsin: Azərbaycan Respublikasının Ali Məhkəməsi
2020–2021
 
 12.7.4.
Məişət zorakılığından zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlərin gücləndirilməsi
Daxili İşlər Nazirliyi,
yerli icra hakimiyyəti orqanları
mütəmadi
 
 12.7.5.
Əhali arasında məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Daxili İşlər Nazirliyi,
Təhsil Nazirliyi
tövsiyə edilsin: Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), aidiyyəti qeyri-hökumət təşkilatları
mütəmadi
 
 12.7.6.
Yerli icra hakimiyyəti orqanları yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının məişət zorakılığının qarşısının alınması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
yerli icra hakimiyyəti orqanları
2020–2021
 
 12.7.7.
Məişət zorakılığı sahəsində qəbul edilmiş qərarların vaxtında və dəqiq icrasını təmin etmək məqsədilə tədbirlər görülməsi
Ədliyyə Nazirliyi,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Tövsiyə edilsin: Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
mütəmadi
 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin