RƏSMİ SƏNƏDLƏR


“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 72-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 21 avqust tarixli 814 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 25 dekabr tarixli 902 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 72-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22-1.1-ci maddəsinin birinci (hər üç halda) və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 22-1.1-ci maddəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 22-1.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 22-1.1-ci maddəsinin birinci cümləsində (birinci və üçüncü hallarda) orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 22-1.2-ci maddəsinin birinci cümləsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Məcəllənin 22-1.4-cü maddəsinin birinci cümləsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;

1.7. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 334-cü maddəsinin birinci cümləsində (birinci və ikinci hallarda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər.

2. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089; 2017, № 5, maddələr 760, 811, 845, № 7, maddə 1344, № 8, maddə 1521; 2018, № 9, maddələr 1830, 1843, № 12 (I kitab), maddələr 2571, 2599; 2019, № 8, maddələr 1396, 1407) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bənddə “22-1.1-ci maddəsinin birinci cümləsində (ikinci halda)” sözləri “22-1.1-ci maddəsinin birinci (hər üç halda) və ikinci cümlələrində” sözləri ilə, “22-1.3-cü (hər üç halda), 23.1.15-4-cü maddələrində” sözləri “22-1.3-cü (hər üç halda) maddəsində, 22-1.4-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 23.1.15-4-cü maddəsində” sözləri ilə əvəz edilsin;

2.2. 1.1-1-ci, 1.1-2-ci, 1.1-3-cü, 1.1-4-cü, 1.1-5-ci və 1.1-6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

“1.1-1. həmin Məcəllənin 22-1.1-ci maddəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.1-2. həmin Məcəllənin 22-1.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.1-3. həmin Məcəllənin 22-1.1-ci maddəsinin birinci cümləsində (birinci və üçüncü hallarda) və 22-1.3-cü maddəsində (birinci və üçüncü hallarda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.1-4. həmin Məcəllənin 22-1.2-ci və 22-1.4-cü maddələrinin ikinci cümlələrində “orqan (qurum)” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.1-5. həmin Məcəllənin 22-1.2-ci maddəsinin birinci cümləsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.1-6. həmin Məcəllənin 22-1.4-cü maddəsinin birinci cümləsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;”;

2.3. 1.1-7-ci və 1.1-9-cu bəndlər ləğv edilsin.

3. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 avqust tarixli 814 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1396) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22-1.1-ci maddəsinə uyğun olaraq əldə olunan vəsaitin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən hissəsi aşağıdakı kimi müəyyən edilsin:

2.1. 2019–2022-ci illər üçün – 93 faizi;

2.2. 2023-cü il və növbəti illər üçün – 43 faizi.”.

4. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1945) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.3-cü və 2.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.3. həmin Məcəllənin 22-1.4-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.4. həmin Məcəllənin 22-1.4-cü maddəsinin birinci cümləsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;”;

4.2. 2.5-ci və 2.6-cı bəndlər ləğv edilsin.

5. “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 793; 2014, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1194; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 384, № 5, maddə 761, № 7, maddələr 1322, 1335, № 8, maddə 1521; 2018, № 5, maddə 906, № 9, maddə 1844, № 12 (I kitab), maddə 2609) 28-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 28.1-1-ci və 28.1-2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“28.1-1. həmin Məcəllənin 334-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini vəsaitin orqanlar arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirirlər;

28.1-2. həmin Məcəllənin 334-cü maddəsinin birinci cümləsində (birinci və ikinci hallarda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər;”;

5.2. 28.1-3-cü bənd ləğv edilsin;

5.3. 28.7-ci bənddə “334-cü maddəsinin birinci cümləsində” sözləri “334-cü maddəsinin birinci cümləsində (üçüncü halda)” sözləri ilə əvəz edilsin;

5.4. 28.12-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 28.13-cü bənd əlavə edilsin:

“28.13. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 334-cü maddəsində nəzərdə tutulan, gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və həmin Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərinin 93 faizi aşağıdakı kimi bölüşdürülür:

28.13.1. hər ay 250 000 manatı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hesabına köçürülür;

28.13.2. bu Fərmanın 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, qalan hissəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin işçilərinin sosial müdafiəsini gücləndirmək, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasını möhkəmləndirmək, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülür.”.

6. Bu Fərman 2020-ci il aprelin 1-dən tətbiq edilir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2020-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri