Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 15 aprel tarixli Fərmanı ilə
təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra - Əsasnamə) “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 2.4.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “e-sosial” portalının (bundan sonra – portal) fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. Portal Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra – MEİS) formalaşan məlumatlar əsasında məşğulluq, əmək, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron qaydada təqdim olunmasını, o cümlədən vətəndaşların yaranmış hüquqları əsasında proaktiv formada əməliyyatların aparılmasını və onların həmin əməliyyatlar barədə məlumatlandırılmasını təmin edir.

1.3. Müvafiq sahədə vətəndaşlar barəsində məlumatların elektron qaydada yoxlanılması mümkün olduqda portal xidmətləri onların vətəndaşlara hüquqlarının yarandığı an təqdim edilməsini və onların bu barədə məlumatlandırılmasını nəzərdə tutan proaktiv formada həyata keçirir.

1.4. Dövlət qurumlarının informasiya ehtiyatlarının və sistemlərinin MEİS-ə və portala inteqrasiyası Qaydalara uyğun həyata keçirilir.

1.5. Bu Əsasnamədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.5.1. operator – MEİS-in sahibi, yəni portalın yaradılmasını, idarə olunmasını və inkişafını təmin edən Nazirlik; MEİS-in və portalın üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada onların aparılmasını təmin edən Nazirlik;

1.5.2. istifadəçi – normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada MEİS-dən və portaldan informasiya əldəetmə və ya informasiyadan istifadə hüququ verilmiş dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və ya fiziki şəxslər;

1.5.3. əlaqələndirici qurum – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi;

1.5.4. istifadəçinin elektron kabineti – müvafiq sahədə məlumatların əldə edilməsini, operator və digər dövlət qurumları ilə qarşılıqlı əlaqəni təmin edən xüsusi fərdi elektron səhifə.

1.6. İştirakçılar özlərinin informasiya ehtiyatlarındakı məlumatlardan, həmçinin fərdi məlumatlardan elektron xidmətlər göstərilməsi zamanı qanunla müəyyənləşdirilmiş qaydada istifadəni təmin etməlidirlər.

1.7. Portalda toplanmış fərdi məlumatların işlənilmə məqsədi Nazirliyin fəaliyyət istiqamətləri üzrə düzgün qərarların qəbul edilməsinə, vətəndaşların müraciətlərinin düzgün cavablandırılmasına və onların məlumatlandırılmasına xidmət edir.

1.8. Portalın fəaliyyətinin təşkili, təkmilləşdirilməsi və saxlanması ilə bağlı xərclər Nazirlik üçün ayrılmış büdcə təxsisatları çərçivəsində dövlət sosial müdafiə fondunun büdcəsi, işsizlikdən sığorta fondunun büdcəsi və qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.

2. Portalın fəaliyyət prinsipləri

2.0. Portalın fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

2.0.1. şəffaflıq – portalın fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənməsi imkanının mövcudluğu;

2.0.2. istifadə rahatlığı – istifadəçilərin və dövlət qurumlarının portaldan istifadəsinin və informasiya mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

2.0.3. səmərəlilik – müraciətlərin təqdim edilməsi, qəbulu, cavablandırılması üçün tələb olunan vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, habelə istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

2.0.4. təhlükəsizlik – sertifikatlaşdırılmış proqram təminatından və proqram-texniki vasitələrdən istifadə olunması, informasiya mübadiləsi zamanı normativ hüquqi aktların tələblərinə riayət edilməsi, təşkilati, texniki, texnoloji tədbirlər həyata keçirməklə informasiyanın tamlığının və mühafizəsinin təmin edilməsi;

2.0.5. fasiləsizlik – portalda fəaliyyətin fasiləsiz həyata keçirilməsi;

2.0.6. modulluq və miqyaslılıq – ən son texnologiyalardan istifadə etməklə portalın davamlı təkmilləşdirilməsi və inkişaf etdirilməsi, funksiyasına və imkanlarının artırılmasını təmin edən proqram-texniki komponentlərin olması;

2.0.7. operativlik – müraciətlərin təqdim edilməsinin, qəbulunun, cavablandırılmasının, nəticələrinin göndərilməsinin, informasiyanın əldə olunmasının və mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi.

3. Portalın infrastrukturu

3.1. Portalın infrastrukturu texniki-texnoloji və funksional baxımdan aşağıdakı əsas komponentlərdən ibarətdir:

3.1.1. proqram-texniki vasitələr;

3.1.2. mobil cihazlar və səyyar qurğular üçün proqram təminatı;

3.1.3. telekommunikasiya kanalları;

3.1.4. idarəetmə sistemi;

3.1.5. ehtiyat mərkəzi;

3.1.6. arxiv mərkəzi.

3.2. Portalın proqram-texniki vasitələri, mobil cihaz və səyyar qurğular üçün proqram təminatı və telekommunikasiya kanalları bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulan xidmətlərin və informasiya mübadiləsinin həyata keçirilməsini, istifadəçilərin portaldan istifadəsini, portalın fəaliyyətinin etibarlılığını, təhlükəsizliyini və məlumatların mühafizəsini təmin edir.

3.3. Portalın idarəetmə sistemi onun məlumat bazasının formalaşdırılmasını, idarə olunmasını və istifadəsini təmin edir.

3.4. Portalın fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə onun ehtiyat mərkəzi yaradılır və portalın proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır. Formalaşan məlumatlar portalın məlumat bazasında, ehtiyat surətləri isə onun məlumat bazasının arxiv mərkəzində saxlanılır.

3.5. Müvafiq sahədə xidmətlərdən istifadə üçün portal gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya mexanizmləri və ya digər elektron eyniləşdirmə vasitələri (istifadəçi adı, şifrə və s.) ilə təchiz edilir.

 4. Müraciətlərin göndərilməsi və qeydiyyatı

4.1. İnteraktiv xidmətlərdən istifadə üçün istifadəçi əvvəlcə gücləndirilmiş elektron imzası və ya digər elektron eyniləşdirmə vasitələrindən istifadə etməklə portalda Vahid Giriş Sistemi (“Single Sign On”) vasitəsilə qeydiyyatdan keçərək elektron kabinet yaradır və həmin elektron kabinetdə istifadə etmək istədiyi xidməti seçir.

4.2. Portalda seçilən xidmətə uyğun olaraq açılan ərizə pəncərəsində tələb edilən məlumatlar dövlət qurumlarının informasiya sistemlərindən götürülərək əks olunur. Tələb edilən məlumatlar informasiya sistemlərində olmazsa, seçilmiş xidmət üzrə tələb edilən sənədlərin skan olunmuş surətləri ərizəyə əlavə edilir və istifadəçi onu gücləndirilmiş elektron imza və ya digər elektron eyniləşdirmə vasitəsilə təsdiqləyir.

4.3. Sistem məlumatların tamlığını yoxlayır və təsdiq etdikdən sonra istifadəçi məlumatları göndərir.

4.4. Portal müraciəti real vaxt rejimində qeydiyyata alır, bu barədə istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və (və ya) mobil nömrəsinə bildiriş göndərir.

4.5. Portala daxil edilən informasiya istifadəçilərin sistemdə qeydiyyatı üçün tələb olunan və onların özlərinin daxil etdikləri informasiyadan ibarətdir.

4.6. Portal vasitəsilə sorğu edilən məlumatların tərkibinə müvafiq sahədə portal vasitəsilə vətəndaşlara təqdim edilən xidmətlər daxildir.

5. Müraciətlərə baxılması

5.1. Portal vasitəsilə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında”, “Məşğulluq haqqında”, “Sosial xidmət haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında”, “İnzibati icraat haqqında”, “Vətəndaşların müraciətləri haqqında” qanunlarında nəzərdə tutulmuş müddətlərdə ərizəyə baxılır və nəticəsi barədə istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və (və ya) mobil nömrəsinə məlumat göndərilir.

5.2. Elektron qaydada tərtib olunmuş ərizə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan, xidmətdən istifadəyə imtinaya səbəb olmayan çatışmazlıqlar aşkarlandıqda, həmin çatışmazlıqların aradan qaldırılması və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri barədə portal vasitəsilə istifadəçinin elektron kabinetinə və poçt ünvanına və (və ya) mobil nömrəsinə məlumat göndərilir.

5.3. İstifadəçi həmin çatışmazlıqları 5.5-ci bənddə qeyd edilmiş müddət ərzində aradan qaldırdıqda, çatışmazlıqların aradan qaldırılması barədə məlumatı gücləndirilmiş elektron imzası və ya digər elektron eyniləşdirmə vasitəsilə təsdiqləyir və portala daxil edir.

5.4. Portal çatışmazlıqların aradan qaldırılması barədə məlumatı qeydiyyata aldıqdan sonra istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və (və ya) mobil nömrəsinə bu barədə real vaxt rejimində bildiriş göndərilir.

5.5. İstifadəçi 10 (on) iş günü ərzində çatışmazlıqları aradan qaldırmadıqda, operator müraciət edilən xidmətdən imtina haqqında qərar qəbul edir və portal vasitəsilə istifadəçinin elektron kabinetinə və poçt ünvanına və (və ya) mobil nömrəsinə məlumat göndərir.

6. Operatorun funksiyaları

6.1. Operator portalın fəaliyyətini təmin etmək üçün aşağıdakı funksiyaları həyata keçirir:

6.1.1. portalın fəaliyyətini və idarə olunmasını təşkil etmək, portal vasitəsilə dayanıqlı, fasiləsiz, operativ və təhlükəsiz xidmət göstərilməsini təmin etmək, onun funksional imkanlarının artırılması və təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

6.1.2. müvafiq sahədə elektron xidmətlərin göstərilməsi üçün EHİS-dən məlumat almaq;

6.1.3. portala daxil edilən məlumatların etibarlılığını, əlçatanlığını, təhrifolunmazlığını və konfidensiallığını (məxfiliyini), habelə onların ehtiyat surətlərinin saxlanılmasını və mühafizəsini təmin etmək;

6.1.4. portalın texniki-texnoloji infrastrukturunun təyinatı üzrə istismarını, ona texniki xidməti, təmirini və saxlanmasını təmin etmək, tərtib olunmuş qrafikə uyğun olaraq profilaktik işlər aparmaq;

6.1.5. portalın təhlükəsizliyinin pozulduğu, əsas avadanlıqda qəza (xəta) baş verdiyi hallarda onun ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək, dövlət qurumlarını və istifadəçiləri bu barədə məlumatlandırmaq, baş vermiş qəzanın (xətanın) aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

6.1.6. dövlət qurumlarına portalın iş prinsipi və funksional imkanları haqqında məlumat vermək, metodik kömək göstərmək.

6.2. Müvafiq sahədə xidmətlərin tam elektronlaşdırıldığı hallarda xidmətləri operator proaktiv formada təqdim edir.

7. Portalın operatorunun hüquq və vəzifələri

7.1. Portalın operatorunun bu Əsasnamənin 8.2-ci bəndində nəzərdə tutulan vəzifələri həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

7.1.1. portalın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;

7.1.2. portalın funksional imkanlarının artırılması ilə bağlı tədbirlər görmək;

7.1.3. portal istifadəçilərinin sorğu etdikləri məlumatların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görmək;

7.1.4. Qaydaların tələblərinə uyğun olaraq, digər dövlət orqanlarından və qurumlarından məlumatların elektron formada mübadiləsini tələb etmək;

7.1.5. əldə olunması qanunla məhdudlaşdırılan, o cümlədən xidməti istifadə üçün nəzərdə tutulan informasiyadan yalnız müvafiq normativ hüquqi aktlara uyğun şəkildə istifadə məqsədilə həmin məlumatların ötürülməsində məhdudiyyətlər tətbiq etmək;

7.1.6. bu Əsasnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

7.2. Portalın operatorunun vəzifələri aşağıdakılardır:

7.2.1. məlumatların mötəbərliyinin portalın nəzarətində saxlanılması və mütəmadi (dövri) yoxlanılması imkanlarını təmin etmək;

7.2.2. qanunsuz daxilolma və saxtalaşdırma hallarının qarşısını almaq, giriş və əməliyyat tarixçələrini (loqları) saxlamaq;

7.2.3. fəaliyyətin fasiləsizliyini təmin etmək, dayanma hallarının qeydiyyatını aparmaq, mütəmadi texniki dəstək fəaliyyəti həyata keçirmək;

7.2.4. fərdi məlumatların toplanılmasını və işlənməsini “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək;

7.2.5. informasiya ehtiyatında və sistemində dəyişiklikləri müvafiq qeydlər edilməklə aparmaq, belə qeydlərin edilməsinə əsas olan sənədləri müvafiq sənədlər qovluğuna daxil etmək;

7.2.6. arxivləşməyə hazırlığın (arxiv qeydi aparılmaqla) avtomatlaşdırılmış qaydada həyata keçirilməsini təmin etmək;

7.2.7. formalaşdırılan, daxil edilən və toplanılan məlumatların əlavə nüsxələrinin portalın ehtiyat mərkəzlərində saxlanılmasını təmin etmək;

7.2.8. portala çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşları arasında iş və vəzifə bölgüsünü müəyyən etmək, onları görəcəkləri işlər barədə məlumatlandırmaq;

7.2.9. portalın fəaliyyətinin mütəmadi monitorinqini həyata keçirmək;

7.2.10. məlumatların portala tam, dəqiq və dürüst daxil edilməsini təmin etmək;

7.2.11. normativ hüquqi aktlarla müəyyənləşdirilmiş səlahiyyətlərinə aid olmayan və (və ya) eyni informasiyanın portala daxil edilməsinin qarşısını almaq;

7.2.12. portaldan istifadəni (o cümlədən informasiyanın axtarılmasını və əldə edilməsini) normativ hüquqi aktlarla müəyyənləşdirilmiş səviyyədə, həcmdə və vaxtda təmin etmək;

7.2.13. portalın mühafizəsi ilə bağlı normativ hüquqi aktlarla müəyyənləşdirilmiş zəruri təşkilati, texniki tədbirlər görmək, sistemdə formalaşdırılan, daxil edilən və toplanılan məlumatların aktual, təhlükəsiz şəraitdə saxlanılmasını və mühafizəsinı təşkil etmək;

7.2.14. portalda məlumatların toplanılması, işlənməsi, sorğuların verilməsi və icrası, müraciətlərin qeydiyyatı və onlara baxılmasının nəticələrinin, habelə informasiya sisteminin idarə olunması və mühafizəsi ilə bağlı əməliyyat tarixçələrinin elektron nəzarət-audit jurnallarında toplanılmasını (hesabatlılığını) təmin etmək;

7.2.15. portalda fərdi məlumatların toplanılması, işlənməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsinə nəzarəti “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada həyata keçirmək.

8. İstifadəçilərin hüquqları

8.0. İstifadəçilərin aşağıdakı hüquqları vardır:

8.0.1. portal vasitəsilə Nazirliyin fəaliyyət istiqamətlərinə aid olan xidmətlərdən istifadə etmək;

8.0.2. xidmətlərin göstərilməsi üçün müraciət etmək və bununla bağlı elektron kabinet yaratmaq;

8.0.3. etdiyi müraciətin nəticəsi barədə cavab almaq;

8.0.4. portaldan özü barədə məlumatlar əldə etmək;

8.0.5. portalda özü barədə məlumatlarda səhv aşkar etdikdə, onların dəyişdirilməsini tələb etmək;

8.0.6. portalın işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin