RƏSMİ SƏNƏDLƏR


“Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 aprel tarixli 627 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsində “orqanlar (qurumlar)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları və onların strukturuna daxil olan qurumlar, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

1.2. həmin Qanunun 7.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzərdə tutulur.

2. “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 aprel tarixli 627 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 627) 2.3-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.4-cü və 2.5-ci bəndlər əlavə edilsin:

“2.4. həmin Qanunun 6.1.4-cü maddəsində “orqanlar (qurumlar)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları və onların strukturuna daxil olan qurumlar, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.5. həmin Qanunun 7.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzərdə tutulur.”.

3. Azərbaycan Respublikasının Hesablama Palatasının və prokurorluq orqanlarının binalarına Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsvirinin vurulması tövsiyə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 yanvar 2020-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri