Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılsın.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir.

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxsin nizamnaməsinin layihəsini və təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini on beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, açıq məkanda reklam yerləşdirilməsi “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada davam etdirilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyun 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin