RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikasının “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 606; 2002, № 4 (I kitab), maddə 165; 2007, № 7, maddə 709, № 10, maddə 938; 2008, № 6, maddə 460; 2012, № 7, maddə 648; 2017, № 6, maddə 1017; 2018, № 2, maddə 144; 2019, № 1, maddələr 20, 43, № 11, maddə 1689) 7-ci maddəsinə aşağıdakı məzmunda üçüncü-altıncı hissələr əlavə edilsin:

“Təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ-hüquqi aktların və texniki normativ-hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.

Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.”.

Maddə 2. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 470; 2004, № 2, maddə 57, № 7, maddə 505, № 11, maddə 902; 2007, № 10, maddə 938; 2008, № 6, maddə 460; 2012, № 11, maddə 1045; 2015, № 4, maddə 363; 2017, № 12 (I kitab), maddə 2195; 2018, № 1, maddə 14) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 7-ci maddənin birinci hissəsinin onuncu abzasından “zərərli” sözü çıxarılsın;

2.2. 9-cu maddənin birinci hissəsinin doqquzuncu abzası aşağıdakı redaksiyada verilsin:

“heyvanlar aləminin və onların yaşayış mühitinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların, digər obyektlərin tikintisi, quraşdırılması və yenidən qurulması layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada hazırlanmış ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan layihələrin dövlət ekoloji ekspertizasını keçirmək;”;

2.3. 31-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 31. Heyvanlar aləminin vəziyyətinə təsir edə bilən obyektlərin dövlət ekoloji ekspertizası

Heyvanlar aləminin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin müvafiq normativlərə, texniki şərtlərə və tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.

Heyvanlar aləminin vəziyyətinə təsir edən mövcud müəssisələr, qurğular və digər obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ-hüquqi aktların və texniki normativ-hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.

Heyvanlar aləminin vəziyyətinə təsir edən mövcud müəssisələr, qurğular və digər obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

Heyvanlar aləminin vəziyyətinə təsir edən müəssisələr, qurğular və digər obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.”.

Maddə 3. “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 471; 2004, № 2, maddə 57; 2006, № 12, maddə 1005; 2007, № 12, maddə 1211; 2013, № 3, maddə 208; 2019, № 1, maddə 20, № 6, maddə 989) 8-ci maddəsinin 2-ci hissəsində “və təhlükəli ekoloji təsirlərə” sözləri “, təhlükəli ekoloji təsirlərə və ətraf mühitə təsirin qiymətləndirilməsinə” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 519; 2005, № 4, maddə 271; 2007, № 10, maddə 938; 2008, № 6, maddə 460; 2016, № 1, maddə 23; 2018, № 2, maddə 166) 20.1.3-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

“20.1.3. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tullantı sularını təmizləyərək təkrar dövriyyəyə yönəltmək, bu mümkün olmadıqda zərərsizləşdirərək istehsal sahələrindən, şəhər və qəsəbələrdən kənara axıdılmasını təşkil etmək;”.

Maddə 5. “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4, maddə 171; 2006, № 12, maddə 1005; 2016, № 6, maddə 1009, № 12, maddə 2012; 2019, № 6, maddə 989) 10.1-ci maddəsinin ikinci abzasında “və təhlükəli ekoloji təsirlərə” sözləri “, təhlükəli ekoloji təsirlərə və ətraf mühitə təsirin qiymətləndirilməsinə” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 2020-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin