REGİONLAR
Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının təminatçısıdır
Naxçıvan, 10 noyabr, AZƏRTAC
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq qəbul edilən Konstitusiyamız dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatların aparılmasına şərait yaradıb.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) sosial idarəetmə və hüquq fakültəsində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş elmi konfransda bu barədə danışılıb.
Konfransda çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Konstitusiyanın ali qanun kimi hər bir ölkənin gələcək demokratik inkişafındakı rolundan danışıb.
Hüquq fənləri kafedrasının müəllimi Yunis Xəlilov “Azərbaycan Respublikasının ilk milli Konstitusiyası demokratik dəyərlərin əsas təminatçısı kimi” adlı məruzəsində bildirib ki, Ulu Öndər Konstitusiyamızın hazırlanmasında həm ölkəmizin tarixi keçmişindən, milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Beləliklə, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk milli Konstitusiyası qəbul olunub.
“Azərbaycan Respublikası Konstitusiyası insan hüquqları və azadlığının təminatçısıdır” adlı məruzəsində NDU-nun hüquq fənləri kafedrasının baş müəllimi Şamxal Hüseynov qeyd edib ki, Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan olunub. Bildirilib ki, Azərbaycan Respublikası Konstitusiya normalarını rəhbər tutmaqla, insan hüquqları ilə bağlı bir sıra mühüm beynəlxalq konvensiyalara qoşulub.
Universitetin müəllimi Cahan Bayramova “Heydər Əliyev və müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası” adlı məruzəsində ölkəmizin tərəqqisi və inkişafı üçün böyük əhəmiyyət kəsb edən Konstitusiyamızın hazırlanmasında müdrik siyasi xadim Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.