ELM VƏ TƏHSİL
Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın III nəşrinin hazırlanması ilə bağlı növbəti toplantı keçirilib
Bakı, 18 may, AZƏRTAC
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın III nəşrinin hazırlanması üzrə AMEA-nın Redaksiya heyəti və işçi qruplarının növbəti toplantısı keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, hibrid formatda təşkil edilən və AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın sədrliyi ilə keçirilən toplantıda son aylar ərzində görülmüş müvafiq işlərdən və elmi-təşkilati tədbirlərdən danışılıb, III nəşrə salınması planlaşdırılan növlərin siyahıları, onların statuslarının müəyyənləşdirilməsi məsələləri, yeni dövr üçün iş planları geniş müzakirə edilib.
Toplantıda Dendrologiya İnstitutunun baş direktoru Tofiq Məmmədov, laboratoriya müdiri Saleh Məhərrəmov, Bakı Dövlət Universitetinin kafedra müdiri Elşad Qurbanov, Botanika İnstitutunun baş direktoru Səyyarə İbadullayeva, professor Elman İskəndər, dosentlər Şakir Qasımov, Elşad Əhmədov, biologiya elmləri doktoru Aydın Əsgərov, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Sadıqov, tədbirə onlayn formada qatılan AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun baş elmi işçisi, akademik Tariyel Talıbov və institutun elmi katibi Ənvər İbrahimov, Gəncə Dövlət Universitetinin kafedra müdiri Vaqif Novruzov və başqaları mövzu ilə bağlı çıxış edərək təkliflərini səsləndiriblər.
Akademik İradə Hüseynova yeni nəşrlə bağlı işlərin sürətləndirilməsinin vacibliyini bildirib, AMEA rəhbərliyinin bu istiqamətdə göstərdiyi dəstək barədə danışıb, bundan sonra atılacaq addımların əhəmiyyətini vurğulayıb. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış komissiyanın iclasına hazırlıq getdiyini diqqətə çatdırıb, mövcud planların icrasının intensivləşdirilməsi istiqamətində tövsiyə və tapşırıqlarını verib.