ELM VƏ TƏHSİL
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ona bərabər silahlı birləşmələrin fəaliyyətini tənzimləyən qanunlar toplusu nəşr olunmuşdur
Bakı, 8 fevral (AZƏRTAC). “Azərbaycan Respublikasının Hərbi Qanunvericilik Ensiklopediyası” nəşr olunmuşdur.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda ilk dəfə nəşr edilmiş bu kitabda Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ona bərabər silahlı birləşmələrin fəaliyyətini tənzimləyən, müstəqillik illərindən bu günə kimi parlamentdə qəbul olunmuş bütün hərbi qanunlar əksini tapmışdır. Ölkənin hərbi və təhlükəsizlik sektoruna aid bütün qanunvericilik aktlarının toplandığı ensiklopediyanın baş redaktoru Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, redaktoru isə Nizami Səfərovdur.
Kitabın tərtibatçısı, Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovdur.
Kitabda hərbi sahəyə aid qanunlar, Milli Təhlükəsizlik Strategiyası, Hərbi Doktrina, Konstitusiya Məhkəməsinin qərarları, hərbi nizamnamələr, əsasnamələr, məcəllə və qanunlardan çıxarışlar, Nazirlər Kabinetinin qərarları, Silahlı Qüvvələrin geyim formaları və fərqlənmə nişanları, silahlı qüvvələrin və ayrı-ayrı qoşun növlərinin bayraqları və onların təsvirləri, orden və medallar, onların təsvirləri, müdafiə nazirinin əmrləri və s. yer almışdır.
Qeyd edək ki, “Azərbaycan Respublikasının hərbi qanunvericilik ensiklopediyası” hərbi hissə komandirləri (rəisləri), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, onun yerli idarə, şöbə və bölmələrinin əməkdaşları, hərbi qulluqçular, onların ailə üzvləri, hakimlər, prokurorluq orqanları işçiləri, elmi işçilər, ali təhsil və ali hərbi təhsil müəssisələrinin tələbələri (kursantları), hərbi hüquqi sahədə biliklərini artırmaq arzusunda olan hər bir kəs və hərbi xidmət keçmək kimi konstitusion vəzifə daşıyan hər bir vətəndaş üçün nəzərdə tutulmuşdur.