RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikasının “Zəfər” ordeninin təsviri

Azərbaycan Respublikasının 2020-ci il
26 noyabr tarixli
Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Ordenin ümumi təsviri

Azərbaycan Respublikasının “Zəfər” ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan hazırlanmış, sol və sağ tərəflərinə iki əyri qılınc, uclarına kiçik kürəciklər bərkidilmiş ayparadan, guşələri pilləvarı olan səkkizguşəli altlıqdan və aypara ilə altlığın üzərinə yerləşdirilmiş, uclarına kiçik kürəciklər bərkidilmiş ikitərəfli hamar şüalı səkkizguşəli ulduz formalı, diametri 42 mm olan lövhədən ibarətdir.

Maddə 2. Ordenin ön tərəfi

2.1. Ordenin ön tərəfində aypara ağ qızıldan, səkkizguşəli ulduz, qılınclar və altlığın guşələrinin mərkəzi elementləri sarı qızıldan hazırlanmışdır.

2.2. Səkkizguşəli ulduzun qalan elementləri tünd rəngdədir. Səkkizguşəli ulduzun üzərində zolaq ilə konturlanmış tünd rəngli dairəvi lövhə və onun mərkəzində yumruq formasında sıxılmış əl təsvir olunmuşdur. Zolağın üzərində səkkiz ədəd maili xətlər vardır.

2.3. Yumruq və kürəciklər relyefli olaraq qabarıqdır.

Maddə 3. Ordenin arxa tərəfi

3.1. Ordenin arxa tərəfi hamar səthlidir, mərkəzdən yuxarıda “ZƏFƏR” sözü, mərkəzdə “VƏTƏN MÜHARİBƏSİ 2020” sözləri və rəqəmləri qabarıq şəkildə yazılmışdır.

3.2. Ordenin arxa tərəfinin mərkəzdən aşağı hissəsində ordenin seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Ordenin elementləri

4.1. Orden paltara bərkidilmək üçün elementi olan 37 mm x 50 mm ölçülü xara lentə 2 halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin üzərində Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun rəngli zolaqlar təsvir olunmuşdur. Lentin mərkəzində 10 mm enində qırmızı rəngli şaquli zolaq, qırmızı zolaqdan sol və sağ tərəflərdə 13,5 mm enində yaşıl və mavi rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.3. Yaşıl və mavi zolaqların üzərində qırmızı zolaqdan 1,5 mm aralı və bir-birinin arası 1,5 mm olan 1 mm enində üç qırmızı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.4. Xara lentin yuxarı hissəsinə 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.

4.5. Lentin aşağı hissəsinə 40 mm x 12 mm ölçülü, yuxarı hissəsi düzbucaq, aşağı hissəsi üçbucaq formalı lövhə bərkidilmişdir.

4.6. Üçbucağın alt konturu iki relyefli qılınc formasında təsvir olunmuşdur. Üçbucağın mərkəzində relyefli aypara və ulduz vardır.

4.7. Ordenin dəstinə bir ədəd sinəyə taxılma və bir ədəd diametri 60 mm olan boyundan asılma orden daxildir.

4.8. Ordenə paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş iki ədəd 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin