SİYASƏT


Azərbaycan Respublikasının dövlət bayrağı – 100 illik istiqlalımızın qürur mənbəyi

Bakı, 7 noyabr, AZƏRTAC

Noyabrın 7-də Bakıda Dövlət Bayrağı Günü münasibətilə “Azərbaycan Respublikasının Dövlət bayrağı – 100 illik istiqlalımızın qürur mənbəyi” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycan bayrağının mənəvi, siyasi və ideoloji əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Tədbirdə Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva bildirib ki, ənənəvi olaraq hər il milli bayrağımızın tarixi ilə bağlı gənc nəsil arasında təbliğat tədbirləri keçirilir. “Azərbaycan Respublikasının dövlət bayrağı – 100 illik istiqlalımızın qürur mənbəyi” adlı tədbirdə də gənclərimizə bayrağımız haqqında ətraflı məlumat veririk. Tədbirin əsas məqsədi gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır.

Dənizkənarı Bulvar İdarəsinin Aparat rəhbəri Elmir Bağırov qeyd edib ki, Azərbaycanın dövlət bayrağının 100 illik yubileyinə həsr olunmuş konfransın əsas məqsədi dövlət rəmzlərinin təbliğinin gücləndirilməsinə töhfə verməkdir. Azərbaycan bayrağı dövlətimizin simvoludur. Bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalandığı torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı bildirib ki, XIX əsrin sonlarında Azərbaycan çar Rusiyası tərəfindən işğal edildikdən sonra ziyalılarımızın üzərinə böyük məsuliyyət düşdü. Ziyalılarımız xalqımızda milli kimliyin formalaşması üçün maarifçilik hərəkatına başladılar. Məhz bunun nəticəsi idi ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandı, müstəqil dövlətimizin qürur mənbəyi olan üçrəngli bayrağımız qəbul olundu. 23 aydan sonra - aprelin 28-də milli bayrağımız sovet bayrağı ilə əvəz edildi. Ancaq 70 ildən sonra üçrəngli bayrağımız yenidən ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qəbul olundu. Baxmayaraq ki, o zaman SSRİ tam süqut etməmişdi, amma ümummilli lider Heydər Əliyev sovet siyasi sistemindən imtina edərək üçrəngli bayrağımızı qəbul etdi. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü kimi qəbul olundu. Azərbaycan gəncliyi hər zaman bayrağımıza sahib çıxmalıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyə Əhmədova və Akademiyanın professoru, siyasi elmlər doktoru Elçin Əhmədov qeyd ediblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə sadiqliyimizi nümayiş etdirir. Bayrağımız milli suverenliyimizin simvolu, ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzidir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı ildə Naxçıvanda qaldırılan üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu kimi bu gün dünyanın ən mötəbər beynəlxalq təşkilatları qarşısında dalğalanır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı sayılan bayrağımız xalqımızın azadlıq məfkurəsini, milli-mənəvi dəyərləri və ümumbəşəri idealları əks etdirir. Bu gün işğal altında olan torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcək və üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Ağdamda, Laçında və digər rayonlarımızda dalğalanacaq.

Daha sonra gənclər Azərbaycanın dövlət bayrağının keçdiyi tarixi və şanlı yoldan, ulu öndər Heydər Əliyevin bayrağımıza tükənməz məhəbbətindən danışıblar.

Tədbir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin ifasında bədii kompozisiya ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.