RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.3-cü yarımbəndində nəzərdə tutulmuş 5,0 (beş) milyon manat bu Sərəncama əlavəyə uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncama əlavədə nəzərdə tutulmuş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2022-ci il
 
 
 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin