İQTİSADİYYAT
Azərbaycan Respublikasının rezidenti barədə arayışı vergi orqanı verməlidir
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının rezidenti olan şəxsə rezidentlik barədə arayış onun Azərbaycanda uçotda olduğu vergi orqanı tərəfindən verilməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, fiziki şəxsin vergi uçotuna alınması nəzərdə tutulmadığı hallarda isə həmin şəxs rezidentlik barədə arayış almaq üçün qeydiyyatda olduğu və ya yaşadığı yer üzrə vergi orqanına müraciət etməlidir. Arayışın alınması üçün “DTA-01” forması və ya razılığa gələn digər dövlətin xüsusi forması müraciət edən şəxs tərəfindən 3 nüsxədə olmaqla təsdiqlənmə barədə sərbəst formada müraciət məktubu və formaya əlavə olunan sənədlərlə birgə müvafiq vergi orqanına təqdim edilir.
Ərizənin vergi orqanına təqdim edilməsi şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə vergi orqanına gəlməklə və ya poçt vasitəsilə edilir. Formanın təsdiq edilmiş nüsxələrindən biri vergi orqanında saxlanılır, digər ikisi isə müraciət edən şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) verilir.