CƏMİYYƏT
Azərbaycan Retinoloqlarının 3-cü konfransı keçirilir
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də Azərbaycan Retinoloqlarının 3-cü konfransı keçirilib. Tədbir Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə baş tutub.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, konfransın keçirilməsində əsas məqsəd vitreoretinal cərrahiyyədə baş verən yenilikləri araşdırmaq, yeni təkliflər irəli sürməkdir.
Konfransda Milli Oftalmologiya Mərkəzinin həkim heyəti ilə yanaşı xaricdən gəlmiş mütəxəssislər də iştirak edirlər.
Tədbirdə çıxış edən Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov ölkə başçısının əsas diqqət yetirdiyi sahələrdən birinin səhiyyə olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycan səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atılıb. Ölkəyə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələr və regionlarda keçirilən konfranslarda da əsas məqsəd oftalmologiyanın beynəlxalq standartlar səviyyəsində inkişaf etdirilməsidir. Mərkəzin ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən filialları haqqında danışan direktor Gəncə və digərlər regionlarda yerləşən mərkəzlərin ən son texnoloji avadanlıqlarla təchiz olunduğunu qeyd edib. Bildirilib ki, klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar.
Tədbirdə “Vitreoretinal cərrahiyyədə yeniliklər”, “Vitreoretinal cərrahiyyədən sonra yaranan ikincili qlaukoma”, “Arxa seqmentin travmaları” və bir sıra digər mövzular ətrafında müzakirələr aparılıb.