ELM VƏ TƏHSİL
Azərbaycan Rumıniyada keçirilən “beynəlxalq həftə”də təmsil olunub
Bakı, 22 may, AZƏRTAC
Rumıniyanın İaşi şəhərindəki Alexandru İoan Cuza Universitetində “ERASMUS+” təhsil proqramı çərçivəsində keçirilən “beynəlxalq həftə”də ölkəmizi Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) turizm və qonaqpərvərlik fakültəsinin tyutoru Mina Bağırova və beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Sevinc Mehdiyeva təmsil ediblər.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə dünyanın 16 ölkəsini təmsil edən müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
“Beynəlxalq həftə”nin ilk iş günündə ATMU-nun əməkdaşları təmsil etdikləri ali təhsil müəssisəsinin strateji hədəfləri barədə tədbir iştirakçılarını məlumatlandırıblar. Tədbirdə ilkin danışıqların nəticəsinə görə, ATMU-nun Yaponiya, ABŞ, Vyetnam, Mərakeş, Belarus, Ukrayna və digər ölkələrlə planlaşdırılan əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi və səmərəli fəaliyyəti xüsusi vurğulanıb.
Sonra S.Mehdiyeva və M.Bağırova Alexandru İoan Cuza Universitetində “ERASMUS+” proqramı üzrə təhsil alan tələbələrin yaşayışı və təhsil şəraiti ilə yaxından tanış olublar.
Daha sonra M.Bağırova “beynəlxalq həftə”də İoan Cuza Universitetinin turizm fakültəsinin bakalavr pilləsində təhsil alan tələbələrə ingilis dilində qış turizmi və ekoturizm fənləri üzrə mühazirə saatlarına moderatorluq edib.
Tədbir çərçivəsində təşkil olunan mədəniyyət sərgisində də ATMU-nun nümayəndələri və Alexandru İoan Cuza Universitetində “ERASMUS+” proqramı üzrə magistratura pilləsində təhsil alan Ülviyyə Hüseynova Azərbaycanı layiqincə təmsil ediblər.