MƏDƏNİYYƏT


Azərbaycan-Rusiya sağlıq turizmi əlaqələri genişləndirilir

Bak, 12 noyabr, AZƏRTAC

Bakıda sağlamlıq turizminin inkişafına həsr olunmuş “SWIC - Spa and Wellness International Congress” adlı tədbir keçirilib.

“Rusiya Sağlamlıq və Wellness” Turizm Assosiasiyasının sədri Yelena Trubnikova tədbirin “SPA və Wellness” industriyasında maliyyə göstəricilərinə həsr olunmuş bölümündə çıxış edərək qeyd edib ki, hər iki istiqamətin investisiya cəlbediciliyini və iqtisadi efektivliyini artırmaq üçün təcili tədbirlərin həyata keçirilməsi lazımdır. Y.Trubnikova nümunə olaraq Rusiyanın "Top 100"nə daxil olan sanatoriya-kurort müəssisələrinin son 5 il ərzində bu istiqamətdə gördüyü işlərdən və əldə etdiyi uğurlardan danışıb.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti Ruslan Quliyev isə Azərbaycanın sağlıq turizmi sahəsindəki imkanlarından bəhs edib. Assosiasiya rəhbəri bildirib ki, ölkəmizdə bu turizm növünün demək olar ki, bütün istiqamətlərinin inkişafı mümkündür, potensial var və lazımi tədbirlər həyata keçirilir.

“Rusiya Sağlamlıq və Wellness” Turizm Assosiasiyasının sədri Yelena Trubnikova səfər çərçivəsində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) üzvləri ilə görüşüb.

AHTTSA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Sahibkarlar Konfederasiyasının mənzil-qərargahında baş tutan görüşdə ölkəmizin sağlamlıq turizmi sahəsindəki potensialı, mövcud imkanlardan səmərəli istifadə yolları, bu istiqamətdə görülən işlər və qarşıdan gələn 2020-ci ildə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb. Görüşdə eyni zamanda sağlamlıq turizmi sahəsində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında birgə fəaliyyətlə bağlı hər iki ölkənin assosiasiyaları arasında memorandum imzalanıb. Sənəddə qarşılıqlı biznes forumların, infoturların keçirilməsi haqqında müddəalar öz əksini tapıb.

Səfər çərçivəsində Yelena Trubnikovanın daha bir görüşü Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətovla baş tutub. Qonaq ali təhsil ocağının auditoriyalarına daxil olaraq tələbələrlə də görüşüb, fikir mübadiləsi aparıb. Görüşlərdə həmçinin tələbələrin Rusiya sağlamlıq turizmi təsisatlarında təcrübə keçmək imkanları və bu istiqamətdə ustad dərslərinin keçirilməsi barədə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.