REGİONLAR


Azərbaycan-Rusiya sərhədində 3 sərhəd-keçid məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşdırılır VİDEO

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba”, “Şirvanovka” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri aparılır.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən avtomobil yolu 1982-ci ildə inşa edilib. Uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Yolun yenidən qurulmasında məqsəd Rusiya ilə sərhəddə yerləşən “Samur”, “Şirvanovka” və “Xanoba” sərhəd-keçid məntəqələri ilə nəqliyyat əlaqəsini daha da yaxşılaşdırmaqdır.

Bundan başqa, yol yeni Bakı-Rusiya magistral avtomobil yoluna birləşəcək. Bununla da, avtomobil yolu sərnişinlərin və ölkə ərazisindən ixrac olunan məhsulların 3 keçid məntəqəsi arasında paylaşdırılaraq daha da sürətli transfer rolunu oynayacaq. Agentliyin “Azərelmitətdiqatlayihə İnstitutu” MMC tərəfindən avtomobil yolunun 4 zolağa genişləndirilməsi məqsədilə 1C kateqoriyasına uyğun olaraq yol layihəsi hazırlanıb. Layihəyə əsasən, avtomobil yolunun ümumi uzunluğu 23,4 kilometr, torpaq yatağının eni 21,6 metr, hərəkət hissəsinin eni 15 metr, 0,4 metr bərkidici zolaq olmaqla çiyinlərin eni 2x2 metr təşkil edir.

Hazırda marşrut boyunca mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yolun genişləndirilməsi üzrə kommunikasiya xətlərinin köçürülməsi, svayların vurulması və torpaq işləri həyata keçirilir. Layihə üzrə marşrut boyunca Samur-Yalama beynəlxalq dəmir yolu xətti üzərində bir yol ötürücüsünün, Xan Arxı və Samur-Abşeron su kanalı üzərində 2 körpünün, həmçinin Xanoba ərazisində yerli yolla kəsişmədə avtomobil tunelinin tikintisi də aparılır.

Layihə üzrə nəzərdə tutulan yolun tikintisi altına düşən yaşayış və qeyri-yaşayış obyektləri sahiblərinin kompensasiya alması istiqamətində müvafiq sənədləşmə işləri həyata keçirilib. Bundan başqa, layihənin təsiri altına düşən yaşıllığın köçürülməsi məqsədilə hazırlanmış “Ətraf mühitə təsirin qiymətləndirilməsi” hesabatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəy alınması məqsədilə göndərilib. Artıq müvafiq rəy alınaraq tikinti altına düşən yaşıllıqların köçürülməsi işlərinə də başlanılıb.

“Xanoba”, “Şirvanovka” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması işlərinin 2021-ci ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.