İQTİSADİYYAT


Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının birgə iclası keçirilib

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının geniştərkibli birgə iclası keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, kənd təsərrüfatı, tekstil, bank, qida, logistika və sair sahələrdə fəaliyyət göstərən 100-dək şirkətin nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev ölkələrimiz arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, hazırda Azərbaycanda 1000-dən çox Rusiya şirkəti fəaliyyət göstərir. Azərbaycan-Rusiya əlaqələrinin əsas istiqamətlərindən biri qarşılıqlı ticarətdir və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün kompleks tədbirlər görülür. Rusiya Federasiyasında Azərbaycanın ticarət nümayəndəliyinin, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, qarşılıqlı ticarət missiyalarının həyata keçirilməsi və hər iki ölkə şirkətlərinin iştirakı ilə Azərbaycanda və Rusiyada keçirilən beynəlxalq sərgilər, birgə layihələrin icrası belə tədbirlərdəndir.

Azərbaycanın Rusiya ilə ticarət və investisiya sahələrində əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıran E.Əliyev biznes təşəbbüslərinin stimullaşdırılmasında, işgüzar dairələr arasında əməkdaşlığın inkişafında və yeni tərəfdaşlığın qurulmasında Azərbaycan–Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının rolunu vurğulayıb.

Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini, hər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrin inkişaf etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, kənd təsərrüfatı, nəqliyyat, sənaye və sair sahələrdə əməkdaşlıq imkanları genişdir və bu baxımdan işgüzar şuraların fəaliyyəti önəmlidir. Dmitri Volvaç ikitərəfli iqtisadi əlaqələrin inkişafında iş adamlarının rolunu qeyd edərək onları fəal əməkdaşlığa dəvət edib.

Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov Rusiyanın Azərbaycanın əsas strateji və iqtisadi-ticarət tərəfdaşlarından olduğunu vurğulayıb, təmsil etdiyi İşgüzar Şuranın iş adamları arasında əlaqələrin, işgüzar dairələr və dövlət qurumları arasında dialoqun genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının araşdırılması istiqamətində fəaliyyəti barədə məlumat verib.

Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik iki ölkə arasında ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın həyata keçirildiyini, Azərbaycan iş adamlarının Rusiyada bir sıra uğurlu layihələr reallaşdırdığını bildirib, iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə hər iki ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri və iş adamları Azərbaycan və Rusiyanın biznes və investisiya mühiti barədə çıxış edib, iqtisadi tərəfdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.