İQTİSADİYYAT
Azərbaycan Rusiyanın ən böyük satış şəbəkəsi ilə danışıqlara başlayıb
Bakı, 25 iyul, AZƏRTAC
Xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda və "Duty Free" mağazalarında "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Rusiyanın ən böyük pərakəndə satış şəbəkəsi ilə danışıqlara başlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə nazirlikdə keçirilən geniş kollegiya iclasında qeyd edilib.
Bununla yanaşı, Moskva, Kiyev, Minsk, İstanbul, Frankfurt və digər şəhərlərin hava limanlarındakı "Duty Free" mağazalarında məhsulların yerləşdirilməsi ilə bağlı müzakirələr aparılır.